Məhkəmə qərarları › İş №3(032)-490/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-490/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-490/2025 22.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Çöl-Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Çöl-Dəllək kəndində ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2364.85 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2364.85 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. Borcluya iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini tələbkara tam ödəməmiş və sözü gedən icra sənədinin icrasından yayınmışdır. “Elektron İcra İnformasiya” sistemi vasitəsilə borclunun adına rəsmiləşdirilmiş torpaq sahəsi aşkar edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 8(032)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs məxsus Sabirabad rayonu, Çöldəllək kəndində yerləşən 0,6340 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, lakin aparılmış qiymətləndimrə zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi bölünməyən ümumi mulkiyyətdədir və mülkiyyət hüququ bir neçə şəxsə məxsusdur. Bu səbəbdən həmin əmlakın müstəqil şəkildə realizə olunması (satılması) mümkün deyil. X2 “tələbin könüllü icrası haqqında” bildiriş verilməsinə, xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxta qədər borc məbləğlərinin tam ödənilməsini təmin etməyərək icra sənədinin icrasından yayınmışdır. Bununla da o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun barəsində xx.xx.2025ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti polis orqanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə tutularaq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs bu günə qədər cəmi 250 manat pul ödəmişdir. Hazırda 2114.85 manat borcu vardır. Edilmiş xəbərdarlıqlara baxmayarq Şəxs işsiz olduğundan borcu ödəmək imkanında olmadığını bildirmişdir. Bununla da, Şəxs icra məmurunun qanuni tələbin yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra vərəqəsinə əsasən ondan 2364.85 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. Axtarışda olmasından ümumiyyətlə xəbəri olmamış, Şirvan şəhəri Salyan dairəsi adlanan yerdə olan zaman polis əməkdaşı onu saxlayaraq axtarışda olduğunu bildirmiş, bundan sonra o, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə getmiş, icra sənədinin icrasından yayınmamış, Bakı şəhərində işlədiyi üçün icra məmurunun xəbərdarlıqlarından məlumatlı olmamışdır. Borcundan ümumilikdə 250 manat ödəniş etmiş, hal-hazırda borcunu tam şəkildə ödəmək imkanı yoxdur. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2364.85 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərarından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-523/2023 nömrəli icra sənədinin icrasının təmin olunması məqsədi ilə Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 13871454 qeydiyyat nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması və qərar icra edilməsi üçün ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə göndərilməsi qərar alınmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, borclu Şəxs məxsus Sabirabad rayonu, Çöl-Dəllək kəndində yerləşən 0.6340 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərar alınmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(032)-131/2017 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 may 2025-ci il tarixdən, saat 09:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar