Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-491/2023 04.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 LTD" Şirkətinin nümayəndəsi X5, inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X1, X6 iştirakları ilə, “X8 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci, 271-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X4 tərəfindən 07 aprel 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, “X8 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində istehsalat və məişət tullantılarının qalaqlanması və tullantılarının emalı yerlərinin müəyyənləşdirilməsi qaydasının pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X8 LTD" Şirkətinin nümayəndəsi X14 izahat verərək bildirdi ki, Şəxs Şirkəti Azərbaycan Respublikası X21 Qlobal Enerji Azərbaycan və SOCAR Ortaq Neft Şirkəti arasında imzalanmış Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş üzrə əməliyyat şirkəti qismində fəaliyyət göstərir. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunduqdan sonra qanun statusunu almışdır. Bununla bağlı qəbul edilmiş qanun hazırki etiraza əlavə edilir. Saziş 03 fevral 2009-cu il tarixdə imzalanmış və 05 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmişdir. Sazişin 22.4-cü maddəsinin tələblərinə əsasən: “Kontrakt sahəsi ilə və ya Kontrakt sahəsində edilən hərəkətlərlə əlaqədar olaraq SOCAR-ın və ya onun hər hansı sələflərinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hadisələr hər hansı ziyan, ölüm və ya hər hansı itki ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan, hər hansı hökumət orqanları hər hansı Podratçı tərəfə, Əməliyyat şirkətinə, və yaxud onların Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda SOCAR Qüvvəyə minmə tarixinədək həmin ziyanların, itkilərin hamısı üzrə hər hansı Podratçı tərəfin, Əməliyyat Şirkətinin və onların müvafiq Ortaq şirkətlərinin məsuliyyətini ödəyir və onları məsuliyyətdən azad edir”. 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Monitorinq İdarəsi SOCAR-la razılaşdırılmış cədvələ əsasən Şirvan şəhərində 3 saylı RETSİ-nin sektor müdiri R.Məhərrəmov, SOCAR Upstream SƏTƏMM üzrə baş mütəxəssis İ.İbrahimov, SOCAR Ekologiya üzrə vitseprezidentinin müşaviri M. Qurbanlı və əməliyyat şirkətinin ƏMƏTTƏMM şöbəsinin rəisi B.Ənvərlinin iştirakı ilə monitorinq keçirilmişdir. Həmin monitorinq aktında qeyd edilmişdir ki, məişət tullantılarının qablaşdırılması və daşınması bağlanmış müqavilə əsasında daşınır. Qazma zamanı əmələ gələn qazma şlamı (3970 m3) "xxxx" MMC şirkəti ilə bağlanmış müqavilə əsasında utilizasiya edilir. Şirvan Neft və Qazçıxarma İdarəsi dövründən qalma anbarın utilizasiya olunması istiqamətində işlərin aparılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda mübahisələndirilən MN1762162 nömrəli inzibati xəta haqqında protokol məsləhətçi müfəttiş X4 tərəfindən tərtib edilmişdir. Protokolda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kimi qeyd edilmiş, həmçinin guya o, inzibati işin araşdırılmasında iştirak etməmişdir. Halbuki 07 aprel 2023-cü il tarixdə 3 saylı RETSN ərazi idarəsində aparılan araşdırma zamanı o iştirak etmiş və 3 saylı RETSN nümayəndələrinin iddialarına münasibət bildirilərək qeyd etmişdir ki, Saziş ərazisi daxilində mövcud olan şlam anbarı Sazişin qüvvəyə minmə tarixindən öncə formalaşmış və bu formalaşan şlam anbarına görə məsuliyyəti Şəxs Şirkəti daşımır. Lakin mübahiələndirilən protokolda Şəxs Şirkətinin nümayəndəsinin,yəni onun izahatı qeyd edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinin və 100.1.7-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol dərhal tərtib edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi monitorinq 27 mart 2023cü il tarixdə keçirildiyi halda monitorinqin keçirilməsindən 2 həftə sonra protokol tərtib edilməsi İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin də tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Mübahisələndirilən inzibati xəta haqqında protokol 3 saylı RETSİ-nin aktına istinad edərək inzibati xətanın mahiyyəti barədə “istehsalat və məişət tullantılarının qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının” pozulduğunu göstərmişdir. Lakin istinad edilən monitorinq aktında istehsalat və məişət tullantılarının qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması faktı müəyyən edilməmişdir. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və müvafiq podratçılar arasında müvafiq müqavilələr bağlanmış və həmin müqavilələrə monitorinq aktında istinadlar qeyd edilsə də inzibati xəta haqqında protokol tərtib edilərkən həmin sübutlar nəzərə alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsinin tələblərinə əsasən “... yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. 3 saylı RETSİ tərəfindən istinad edilən yoxlama qanunun tələblərinə zidd olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmış, bu barədə Şəxs Şirkətinə məlumat verilməmişdir. İstər tərtib edilən aktda, istərsə də protokolda istinad edilən pozuntuların Şəxs Şirkəti tərəfindən törədilməsini sübut edən materiallar inzibati xəta haqqında işə əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində qeyd edilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri blanket normalardır. Hazırki işdə hansı Şəxs Şirkəti tərəfindən “Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə” və “Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə” məsuliyyətə cəlb edilməsi tələb edilsə də həmin qaydaların nədən ibarət olması və qaydaların məhz Şəxs Şirkəti tərəfindən pozulması sübut edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə İstehsalat və məişət tullantılarının qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması halı müəyyən edildiyindən “X8 LTD" Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin monitorinq aktı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 İdarəsi tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli aktı, idarəyə təqdim edilmiş 2TG hesabatı və fotoşəkillərlə öz təsdiqini tapır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 izahat verərək bildirdi ki, 27 mart 2023-cü il tarixdə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, “Xəzər Kompeks” Ekoloji Monitorinq İdarəsinin, “Socar Upstream” və Əməliyyat şirkətinin əməkdaşları tərəfindən yoxlama keçirilmiş, yoxlama zamanı Şəxs Şirkəti tərəfindən istismar olunan saziş sahəsində fəaliyyəti zamanı formalaşan təhlükəli tullantıların “Təhlükəli tullantıların saxlanılması Qaydası” nın tələblərinə uyğun idarə olunmaması müəyyən olunmuşdur. Bununla bağlı müvafiq prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 07 aprel 2023-cü il tarixdə “X8 LTD" Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri X2 izahat verərək bildirdi ki, “Socar Upstream” ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə qrafik vardır,həmin qrafik təsdiq olunmuşdur. Şəxs Şirkətində monitorinq keçirilmiş, həmin monitorinq zamanı Socar şirkətinin nümayəndəsi və o da iştirak etmişdir. Monitorinqdə mədən ərazilərində olmuşlar.Həmin qazma işləri dayanmış,lakin orada qazma quyusunun qazılması prosesi zamanı yaranan qazma məhlulunun toplanması üçün nəzərdə tutulmuş anbar polietilen örtüklə təchiz olunsa da bəzi hissələrdə bu örtüyün korlanması baş verdiyi üçün məhlul birbaşa torpaqla təmasda olduğu müşahidə olunmuşdur. Bundan başqa qazma ərazisində yığılaraq qalaqlanmış müxtəlif tərkibli maddələrin torpaq səthinə təpələnmiş və nəticədə torpağın çirklənməsi müşahidə edilmişdir. Eyni zamanda qazma prosesi zamanı baş verə biləcək qəza halları üçün nəzərdə tutulmuş anbarın da birbaşa torpaq səthində qazıldığı və polietilen örtüklə təmin edilmədiyi müəyyən edilmişdir. Lay sularının texnika vasitəsi ilə qazılmış kanal vasitəsi ilə istiqamətləndirilərək X3 atqı kanalına və dolayısıyla içməli su mənbəyinə axıdılması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 yanvar 2023-cü il tarixli monitorinq aktının surətindən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X12,X2, X4 və “X8 LTD" Şirkətinin ƏMTT və ƏNQ şöbəsinin rəisi Ənvərli Bəhruz,ƏMM üzrə mühəndis Tural Əliyev tərəfindən monitorinq keçirilmişdir. Keçirilən monitorinq zamanı 1. Mədən ərazisində formalaşan lay suları borular vasitəsi ilə toplanaraq mədən ərazisindəki “ Google Map” proqramı ilə müəyyən edilmiş koordinatı 39.894008 48.9250080 olan nöqtədə təxmini sahəsi 0.82 ha olan torpaqda düzəldilmiş anbara yığılaraq aşağı təzyiqli nasoslar vasitəsilə nasosxanaya vurulur. Bundan sonra burada quraşdırılmış yüksək təzyiq nasosları vasitəsilə laylara vurulur.2. “Google Map” proqramı ilə müəyyən edilən koordinatı 39.891224 48.937216 olan nöqtədəki qazma quyusunun qazılması prosesi zamanı yaranan qazma məhlulunun toplanması üçün nəzərdə tutulmuş anbar polietilen örtüklə təchiz olunsa da bəzi hissələrdə bu örtüyün korlanması baş verdiyi üçün məhlul birbaşa torpaqla təmasda olduğu müşahidə olunmuşdur. Bundan başqa qazma ərazisində yığılaraq qalaqlanmış müxtəlif tərkibli maddələrin torpaq səthinə təpələnmiş və nəticədə torpağın çirklənməsi müşahidə edilmişdir.Eyni zamanda qazma prosesi zamanı baş verə biləcək qəza halları üçün nəzərdə tutulmuş anbarın da birbaşa torpaq səthində qazıldığı və polietilen örtüklə təmin edilmədiyi müəyyən edilmişdir. 3.“Google Map” proqramında müəyyən edilən koordinatı 39.881171 48.941655 olan nöqtədə istismardan çıxarılmış 47 nömrəli quyuda formalaşan lay sularının texnika vasitəsi ilə qazılmış kanal vasitəsi ilə istiqamətləndirilərək X3 atqı kanalına və dolayısıyla içməli su mənbəyinə axıdılması müəyyən edilmişdir. 4.Ümumi sahəsi 5.2 ha olmaqla “Google Map” tətbiqində müəyyən olunmuş koordinatı 39.963604 48.897639 olan nöqtədəki bərk tullantı (şlam) anbarı kimi istifadə olunan əraziyə qazma zamanı formalaşan bu tullantıların əvvəlki illərdən qalmış neftlə və qazma məhlulları ilə çirklənmiş torpaq kütlələri qalaqlandığı müəyyən olunmuş anbar qoruyucu örtüklə təmin edilmədən birbaşa torpaqda qazılmış və tullantılar açıq şəkildə bu əraziyə qalaqlanır. Eyni zamanda baxış zamanı H 020 776 dövlət qeydiyyat nişanlı assenizasiyalı avtomaşının maye tullantıları bu əraziyə boşaltması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Monitorinq İdarəsinin 27 mart 2023-cü il tarixli monitorinq aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Monitorinq İdarəsi SOCAR-la razılaşdırılmış cədvələ əsasən Şirvan şəhərində 3 saylı RETSİ-nin sektor müdiri R.Məhərrəmov, SOCAR Upstream SƏTƏMM üzrə baş mütəxəssis İ.İbrahimov, SOCAR Ekologiya üzrə vitseprezidentinin müşaviri M. Qurbanlı və əməliyyat şirkətinin ƏMƏTTƏMM şöbəsinin rəisi B.Ənvərlinin iştirakı ilə monitorinq keçirilmişdir. Keçirilmiş monitorinq zamanı İİ mədən ərazisinə baxış zamanı relyefin tullantı suları ilə çirklənməsi müşahidə olundu.Aparılan araşdırmalar zamanı bu tullantı sularının İİ mədən ərazisində yerləşən 47 RP saylı quyunun dibindən gəldiyi müəyyən edildi. Qeyd etmək lazımdır ki, bu suyu hal-hazırda X21inin balansındadır. Labarator təhlillərin aparılması məqsədi ilə bu sudan su nümunələri götürüldü və fotoşəkillər çəkildi. Məişət tullantılarının qablaşdırılması və daşınması Şirvan şəhər Kommunal Təssərüfatı ilə bağlanmış müqavilə əsasında daşınır. Qazma zamanı əmələ gələn qazma şlamı (3970m3 ) "xxxx" MMC şirkəti ilə bağlanmış müqavilə əsasında utilizasiya edilir. Neft şlamı isə “Şirvan Neftin” dövründən qalmış torpaq anbara yığılır. “Şirvan Neftin” dövründən qalma anbarın utilizasiyası olunması istiqamətində işlərin aparılması planlaşdırılır. Əməliyyat şirkətinin mədən ərazisində atmosfer havasının çirklənməsini öyrənmək məqsədilə ölçmə işləri aparıldı. Ölçmə zamanı radiasiya 10MKR/saat ,10-2,3mq/ m3 (norma 5,0 mq/ m3 ) təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir . Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə,bu barədə protokolda müvafiq qeyd aparılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək,habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır.Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X4 tərəfindən tərtib edilmiş 07 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs “X8 LTD" Şirkəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan kimi göstərilməli olduğu halda X16 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında məlum olmuşdur ki, hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokol tərtib edilərkən iştirak etmiş, lakin inzibati xəta haqqında protokolda “X8 LTD" Şirkətinin nümayəndəsi X7 iştirak etməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Lakin hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə monitorinq keçirilməsinə baxmayaraq inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda xətanın mahiyyəti istehsalat və məişət tullantılarının qalaqlanması və tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması faktı göstərilsə də tullantıların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXV fəslinə aid edilmiş İXM-in 266.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalardır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci bəndinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12. yoxlamalar sahəsində risk qiymətləndirilməsi sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. Göründüyü kimi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən,hüquqazidd olan,təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X8 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci və 271-ci maddələri ilə başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən , iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : “X8 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci, 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-491/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-491/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver