Məhkəmə qərarları › İş №3(032)-496/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-496/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-496/2024 14.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,evli, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.2-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh almasına baxmayaraq təkrarən il ərzində 10 iyun 2024-cü il tarixdə saat 09:29-da sərxoş vəziyyətdə «Vaz 2106» minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri H.Əliyev prospektində idarə etmişdir. İnzibati xəta hadisəsinin olması 10 iyun 2024-cü il tarixli, İXP ******* inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, «Vaz 2106» minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 10 iyun 2024-cü il tarixdə saat 09:29 radələrində «Vaz 2106» minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməmiş, işıqforun qırmızı işığında keçdiyindən polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə aparılmış, orada 1 gün həbsdə saxlanılmışdır. Onun sərxoşluğunu yoxlamaq üçün polis əməkdaşları tərəfindən müayinə edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 02256 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,474 % müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, həmçinin törətmiş olduğu əmələ münasibətini, özünü müdafiə xarakteri ifadələr verərək inzibati məsuliyyətindən yayınmağa çalışdığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1987-ci ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,evli, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 iyun 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar