Məhkəmə qərarları › İş №3(032)-498/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-498/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-498/2024 20.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə , xx.xx.1972-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli , fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində evdə sərxoş olduğundan oğlu ilə aralarında mübahisə olmuş, mübahisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polisə oğlunun avtomobilin şüşəsini sındırması barədə məlumat versə də əslində avtomobilin şüşəsini özü sındırmışdır. Əməlindən peşmandır, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verib bildirdi ki, atası hər dəfə içki içdikdə evdə mübahisələr edir, özündə olmur. Atası hər dəfə heç bir əsaslı səbəb olmadan onu narahat edir, əvvəllər baş vermiş hadisələrə görə onu cəzalandırır, günahkar hesab edir. Hesab edir ki, atası bəlkə 15-20 gün həbsdə qalarsa düzələr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin İTBnin sahə rəisi X2 izahat verib bildirdi ki, 20 iyun 2024-cü il tarixdə saat 01.30 radələrində DİN-nin 102 xidmətindən oğlunun evdə pəncərələri və avtomobiln şüşələrini sındırması barədə daxil olmuş məlumat əsasında Şəxs yaşadığı ünvana getmişlər, ora getdikdən sonra özlərini təqdim edib həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs sərxoş olduğundan oğlu Cavid İsayevin ünvanına nalayiq sözlər işlədərək, polis şöbəsinə getmək istəməmiş, səs-küy salmışdır. Şəxs nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra onu polis şöbəsinə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Vətəndaş polis şöbəsində olarkən qaçmaq istəmiş, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Oğlunun deməsinə görə Şəxs hər gün oğlunu döyür, içkili halda mübahisə yaradır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində ictimai asayişi pozmuş və polisin qanuni tələbinə sərxoş halda tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir ; xx.xx.2024-cü il tarixli 163 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol” undan görünür ki, Şəxs “orta dərəcəli” sərxoşluq müəyyən olunmuşdur; İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 01:30 radələrində inzibati qaydada tutulmuş, 20 iyun 2024-cü il tarixdə saat 10:00-da azad edilmişdir; İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi 510-cu maddəsində ictimai qaydanı pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə, proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə sərxoş halda evdə mübahisə yaratdığına görə Şəxs polis şöbəsinə dəvət olunmuş, polis şöbəsinə getmək istəməmiş, bununla da polisin qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt Şəxs qəsdi ictimai qaydanı pozmağa yönəlməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 510-cu maddəsinin tərtkibi olmadığından, həmin maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona cərimə növündə inzibati tənbeh kifayət etmədiyindən inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, şəxsin barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar mövcud deyildir. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əmlak vəziyyətinin qənaətbəxş olmamasını, həmçinin törətmiş olduğu əmələ münasibətini, inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş xx.xx.1972-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli , fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar