Məhkəmə qərarları › İş №3(032)-50/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-50/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-50/2025 24.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair YPX İnzibati qrup polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Yol Patrul Xidmətinin inzibati qrup polis mayoru X5 tərəfindən İXP ******* nömrəli protokola əsasən tərtib edilmiş TP ******* saylı, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul-Muğan yolunda sürət həddi ilə 50 km/saat olan yerdə 62 km sürət həddində aşmışdır. Ona görə ona SMS radardan İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat cərimə gəlmişdir. Fikirləşmişdir ki, 10 manatlıq radarın vaxtına var ödəyər. xx.xx.2024-cü il tarixdə Oğuz rayonundan qaydarkən adını sonradan bildiyi Kürdəmir Post yəni Vİİ tağım Yol Patrul Xidmətinin isnpektoru polis baş seriantı X7 ona saxla işarəsi verdi o da idarə etdiyi ** GN *** dovlət nömrə nişanlı avtomobili saxlamışdır. Həmin şəxs ona yaxınlaşaraq özünü təqdim etdi, o da ona idarə etdiyi avtomobilin saxlama səbəbini soruşmuşdur. Ona bildirmişdir ki, sadəcə sənədləri yoxlamaq üçün avtomobilini saxlamışdır. Həmin vaxt sənədlərini, yəni surücüluk vəsiqəsini və texpasportu və şəxsiyyət vəsiqələrin təqdim etmişdir. Həmin vaxt şəxs onun sənədlərini yoxlayarkən ona bildirmişdir ki, “sənin sücücülük vəsiqəsinin vaxtı bitib”. Ona bildirmişdir ki, “mənim məlumatım yoxdur sürücülük vəsiqəsinin müddətindən, indi deyirsən bilirəm, amma cəriməsi nədir yaz ödəyərəm”. Polis əməkdaşı bildirdi ki, indi ona sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün 200 manat cərimə və sonra isə 400 manat cərimə gələcəkdir. Öz narazılığını bildirmişdir ki, qanuna əsasən 200 manat cərimə yaza bilər. Dərhal telfonunda olan SMS radar proqramına daxil olarakən görmüşdür ki, xx.xx.2024-cü il tarixdə ona yazılan EQ 24708153 saylı protokola əsasən 10 manatlıq cərimə və dərhal eyni kodla dəyişdirilərək 200 manat cəriməyə çevrilmişdir. Onlara narazılığını bildirmişdir ki, axı bu cərimə ona xx.xx.2024-cü il tarixində gəlməmişdi, əgər ona həmin tarixdə yəni xx.xx.2024-cü il tarixdə gəlmiş olsaydı o 200 manat cəriməni ödəyərdi və səbəbini araşdırardı və bilərdi ki, onun sürücüluk vəsiqəsinin müddəti bitib. Ona görə həm cəriməni həm də sürücülük vəsiqəsinii dəyişərdi. X7 ona bildirdi ki, “sənlik bir şey yoxdur yanlız Siz Bakı şəhərində yerləşən “Respublinakskiya 402 saylı otağa getməlisiniz və avtomobili onun əlindən almaq istəyəndə həmin polis əməkdaşına bildirmişdir ki, yanında əyləşən qohumu X9 var və onun sürücülük vəsiqəsi vardır, ona onlayn etibarnamə verə bilər, sizin ixtiyarınız yoxdur avtomoboli cərimə meydançasında saxlamağa. Həmin polis əməkdaşı ona bildirdi ki, get dərdini kimə deyirsən de avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxt dərhal DİN-in 102-xidmətinə müraciyyətlər etmiş və heç bir nəticəsi olmamış və onun dalınca DİN-in 902 xidmətinə müraciət etmiş heç bir xeyiri olmamış və təxminən 4-5 saat qaldıqdan sonra, avtobobili cərimə meydançasında saxladıqdan sonra avtobobildə olan əşyaları yığıb Şirvan şəhərində yerləşən evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə deyilən ünvana gedib 402-ci otağa yaxınlaşıb özünü polis əməkdaşına təqdim edib düşdüyü vəziyyəti onların nəzərinə çatdırmışdır. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X5 ona bildirdi ki, sənin barəndə tərtib olunan 200 manat cəriməni və bundan başqa 400 manatıda ödəməlisən. Yol Patrul Xidmətinin inzibati Qrup polis mayoru X2 vasitəsi ilə araşdıraraq guya qanunsuz sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixdədək qərarlar yazaraq 2700 manat cərimə edilmişdir. Onlara narazılığını bildirmişdir ki, məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. Belə ki, YPX İnzibati qrup polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə “Renault Megane” minik markalı ** GN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinin dizpozisiyasında göstərilmişdir ki, 332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmiş və bunun nəticəsi olaraq sonuncu barədə YPX İnzibati qrup polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İşin faktiki hallarından da göründüyü kimi inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında qərar qəbul edilməklə tərəfə bu barədə məlumat verilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati orqan tərəfindən inzibati xətalar məcəlləsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair YPX İnzibati qrup polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. YPX İnzibati qrup polis mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar