Məhkəmə qərarları › İş №3(032)-539/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-539/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-539/2025 26.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1575/2024 saylı icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi üzrə borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun işlədiyi məlum olmuş icra sənədi icra olunması üçün Şəxs işlədiyi "xxxx" QSC-yə yönəldilmişdir. Borclunun iş yerindən daxil olan məlumata əsasən Şəxs ilə əmək münasibətlərinə xitam verildiyindən borclunun əmək haqqından tutulma aparılması mümkün olmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment borcunu ödəməmişdir. Ona müxtəlif vaxtlarda xəbərdarlıqlar edilməsinə, fərdi söhbətlər aparılmasına baxmayaraq icra sənədi icra olunmamışdır. Müxtəlif vaxtlarda “Elektron icra” informasiya sistemi ilə borclunun əmlak və gəlir məlumatları sorğulanmış və onun işlədiyi məlum olmuşdur. Nəticədə xx.xx.2025-ci il tarixində icra sənədi yenidən borclunun iş yerinə göndərilmişdir. 2025-ci ilin mart ayında borclunun əmək haqqından cəmi 2611 manat məbləğində pul tutularaq tələbkara köçürülmüşdür. xx.xx.2025-ci il tarixində borclunun iş yerindən borclu ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə məlumat daxil olmuşdur. Borclu Şəxs göstərilən icra sənədi üzrə cəmi 4284 manat məbləğində aliment üzrə borcu mövcuddur. Beləliklə, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1575/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə ondan xx.xx.2024-cü il tarixindən hesablanmaqla hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. Hər ay vaxtlı vaxtında ödənişlər etmişdir. İşsiz olduğundan aprel ayını ödəniş edə bilməmişdir. Məhkəmə gedişatında ödəniş edəcək. Hətta 2024-cü ilin dekabr ayından 2025-ci ilin mart ayınadək müxtəlif məbləğlərdə, ödənişlər etmişdir. Ödənişin çox qalmasına səbəb isə müəyyən dövrdə yüksək əməkhaqqı alması olmuşdur ki, gəlirin 1/3-nin aliment üçün tutulması qətnamənin icraya yönəldildiyi zaman artıq onun işləmədiyi zamana düşmüşdür, məhz buna görə borcu yaranmışdır. Aliment ödənişi onun atalıq borcudur və həmin borcu imkanı olduğu təqdirdə tez bir zaman ödəyəcəkdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında bildirmişdir ki, icra məmurunun özü də təsdiq edir ki, Şəxs 2024-cü ilin dekabr ayından 2025-ci ilin aprel ayınadək müxtəlif məbləğlərdə aliment ödənişi etmişdir. Onun əməlində məhkəmə qətnaməsinin qərəzli icra etməməsi halı yoxdur. Odur ki, barəsində aparılan inzibatixəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1575/2024 saylı icra sənədinə əsasən, Şəxs hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqı və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment alınaraq tələbkar X2 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1575/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 321547/2024-10- 26 nömrəli arayışında qeyd edilmişdir ki, Şəxs işlədiyi "xxxx" QSC-dən alınan məlumatdan məlum olmuşdur ki, o, 2024-cü ilin may ayından noyabr ayına qədər işlədiyi müddətdə cəmi 26537,60 manat məbləğində gəlir əldə etmişdir. Həmin məbləğin 1/3 hissəsi 8845,86 manat təşkil edir. Onun işləmədiyi müddətlər isə 2024-cü ilin dekabr ayı, 2025-ci ilin yanvar, mart və aprel ayları olmuşdur. İşləmədiyi ayların aliment məbləğləri Şirvan şəhəri üzrə müəyyən olunmuş, orta aylıq nominal əmək haqqına uyğun olaraq (845.90x1/3=281.96; 281.96x4=1127.54 manat) hesablanmışdır. Borclunun iş yerindən 2025-ci mart ayında cəmi 2683.15 manat məbləğində pul vəsaiti tutularaq tələbkarın bank hesabına köçürülmüşdür. Ümumilikdə, borclu Şəxs ödədiyi ödənişlər də nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixinə aliment borcu 4290.55 manat təşkil edir. (99xx.xx- 5683.15=4290.55) İş materialında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs borcundan 500 manat məbləği məhkəmə iclasında edilmiş təxir zamanı ödəniş etmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə, borclu Şəxs icra sənədi üzrə əvvəllər müntəzəm olaraq ödənişlər etməsini, habelə, məhkəmə gedişatında borcundan 500 manat məbləğində ödəniş etdiyini, borcunu gələcəkdə də ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun əməlində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi tərkibi mövcud deyil və belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar