Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-541/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, X4 Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə , xx.xx.2007-ci ildə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə, xx.xx.2024-cü il tarixdə saat 13.00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində Şəxs ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, Şirvan şəhər Polis Şöbəsindən oun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilmiş, o nömrəni tanımadığından zəngə cavab vermək üçün atasına vermişdir. Atasına bildirmişlər ki, onun mobil telefon nömrəsindən DİN-nin 102-yə zəng edilmiş, təhqiramiz, qeyri-etik ifadələr işlədilmişdir. Həmin gün Bakı şəhərində olduqlarından səhəri gün Şirvan şəhər Polis Şöbəsinə yaxınlaşmışlar. Orada polis əməkdaşı Sərxan Əliyevin qəbulunda olmuşlar, o şöbədə tərəfindən belə bir zəng edilmədiyini bildirsə də, polis əməkdaşı onlarda səs yazısı olduğunu və həmin səs yazısında təhqiramiz ifadələr işlədildiyini bildirmişdir. Həmin səs yazısında isə 40-45 yaşlı kişinin səsi olmuşdur. Polis əməkdaşı Sərxan Əliyev ona bildirmişdir ki, bu məsələni başqa cür həll etmək olmaz, belə ki, ona izahat yazmasını , barəsində İXM-nin 535.1 və 510-cu maddələri ilə protokol tərtib etməli olduqlarını, barəsində 50 manat cərimə tətbiq olunacağını bildirmiş, ona izahat yazdırıb imzalatmışlar. O, polis əməkdaşlarına hər hansı bir formada tabesizlik göstərməmişdir. Hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsin sahə rəisi, polis baş leytenantı X5 bildirdi ki, ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə icraatına raport daxil olmuşdur. Həmin raport əsasında və aparılmış araşdırılma nəticəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis şöbəsinin İTBnin sahə polis nəfəri, polis serjantı X7 bildirdi ki, X2 adına olan ***-***-**-** nömrəsi Şirvan şəhər M.Ə.Rəsulzadə küçəsi ev 15, mənzil 16-da yaşayan Şəxs istifadəsindədir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə saat 13.00 radələrində Şirvan şəhər Polis şöbəsinin CABnin əməliyyat müvəkkili polis leytenantı X1 Həsənovun yaşadığı ünvanda olmuş və onu Şirvan ŞPŞ-nə dəvət etmişdir. Həmin vaxt o, polis şöbəsində olmuşdur. O, Şəxs evinə getməmiş, hadisə yerində olmamışdır. Hadisə uzun müddət bundan qabaq olduğundan onun təfərrüatları dəqiq yadında qalmamışdır. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXM-nin 510 və 535.1-ci maddələri üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Bu halların mövcud olması isə sübutlara istinadən qəbul olunmalı olduğu qənaəti baxımından isə bu hallar sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin iş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti ətraflı göstərilməmişdir. Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X3 oğlu və Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı X7 tərəfindən tərtib edilmiş raportda Şəxs dəfələrlə nizam-intizama dəvət edilməsi, lakin o öz əməlini qəsdən davam etdirərək xidməti fəaliyyətlərinə mane olaraq, polisin qanuni tələbinə tabe olmaması qeyd edilmişdir. Lakin sözügedən halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı X7 ifadə verən zaman hadisə ilə bağlı heç nəyi xatırlamadığını, Şəxs yaşadığı evə getmədiyini bildirmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə müəyyən edilmiş təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində onun təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-541/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-541/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver