Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-543/2024 27.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli , işləməyən, Salyan rayonu Pambıqkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şirvan şəhəri H.Əliyev prospektində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, barəsində tərtib edilmiş protokolla razı deyil. O, xuliqanlıq hərəkətlərinə yol vermədiyini və polisin qanuni tələbinə tabe olmayacaq hansısa hərəkət etmədiyini bildirdi. Belə ki, xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində bibisi oğlu və tanışları ilə birlikdə kafedə yeyib içdikdən sonra bibisi oğlunun avtomobilinə benzin doldurmaq üçün yanacaq doldurma məntəqəsinə getmişlər. Bu zaman avtomobilin arxa işıq cihazları nasaz olduğundan avtomobili saxlayaraq, özləri polis əməkdaşına yaxınlaşıb içkili olduqlarını bildirmiş, ona görə də polis əməkdaşının avtomobili duracağa yerləşdirməsini, özlərinin isə getmələrinə icazə verilməsini istəmişdir. O, könüllü olaraq polis əməkdaşına içkili olduğunu, avtomobilin işıqlarının nasaz olduğunu bildimişdir. Polis əməkdaşı isə buna məhəl qoymayaraq post partul əməkdaşlarını çağıracağını bildirdiyindən Şamxal etiraz edərək belə olan halda avtmobili yandıracağını bildirmişdir. Şamxal bunu dediyi zaman polis əməkdaşı onun boğazından yapışaraq boğmuşdur. Polis şöbəsinə aparmaq istəyən zaman polis şöbəsinə getmək istəməmiş, məcburi polis avtomobilinə əyləşdirilən zaman qolu və ayağı əzilmişdir. O, sadəcə polis şöbəsinə aparılan zaman onun səbəbini soruşmuş, mübahisə etməmiş, nalayiq ifadə işlətməmişdir. Əlavə olaraq bildirdi ki, Vətən müharibə iştirakçısıdır, 80 manat pensiya alır. Füzuli, Cəbrayıl, Hadrutun azad olunmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru polis baş serjantı X4 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə 03:20 radələrində Şirvan şəhər H.Əliyev prospektində xidmətdə olarkən “Vaz 2107” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işığı nasaz olduğu üçün saxlanılmışdır. Sürücü özünü mədəni apardığı halda avtomobildə olan sərnişinlər “ neynəyək maşını yandırım, benzin töküb yandıraq?” dediyindən qolundan yapışaraq imkan verməmişdir. Həmin baxt Şəxs ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmişdir. Həmin şəxslərin sakitləşmədiyini gördüyündən post patrul əməkdaşlarını köməyə çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 izahat verib bildirdi ki, xx.xx.2024-cü il saat 03:00 radələrində xidmətdə olarkən Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 çağırdığından Şirvan şəhər H.Əliyev prospektinə getmişlər. Ora getdikdə orada olan şəxslər avtomobili yandıracağını bildirdiklərindən həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Onları polis şöbəsinə dəvət edən zaman səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxslər polisin qanuni tələbinə tabe olmadığından Şirvan şəhər X3 Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 iyun 2024-cü il tarixdə saat 03:50 radələrində inzibati qaydada tutulmuş, 27 iyun 2024-cü il tarixdə saat 15.00-da azad edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla 80 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan Şirvan şəhəri H.Əliyev prospektində, ətrafda insanların olduğu bir yerdə ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə səs-küy salması (şahid izahatları ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü ildə 03:20 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir . Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini (vətən müharibəsi iştirakçısı olaraq pensiyası aldığını), nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nın 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli , işləməyən , Salyan rayonu Pambıqkənd kəndində qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-543/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-543/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver