Məhkəmə qərarları › İş №3(032)-545/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-545/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-545/2025 08.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə , “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X3 və X8sindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X3 və X8sindən Şirvan şəhər Məhkəməsinə baxılması üçün X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində fəaliyyət göstərən “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti zamanı X6 Monitorinq İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş monitorinqlər zamanı ətraf mühitə atılan zərərli maddələrin normadan artıq olması müəyyən edilmişdir. Bununla da, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2025-ci il tarixdə “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur . Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, məhkəməyə etiraz təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X3 və X8 tərəfindən “X4 Komleksi” MMC barəsində müəssisənin Şirvan şəhərində yerləşən zavodundan ətraf mühitə tullantılar atılması əsası ilə, İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə müvafiq olaraq 20 may 2025-ci il tarixli, MN2363731 saylı inzibati protokol tərtib edilmiş və iş üzrə materiallar yekun qərar qəbul edilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd olunan 20 may 2025-ci il tarixli inzibati protokolun əsası kimi X7 Monitorinq İdarəsinin "xxxx" MMC-nin Şirvan Şəhərindəki Pambıq zadonun ətrafında apardığı monitorinq nəticəsində zavodun ətraf ərazisinə pambıq emalı zamanı əmələ tullantıların atılması və havaya yayılan toz hissəciklərinin standart həddi aşması çıxış etmişdir. Lakin sözügedən inzibati xəta haqqında icraat zamanı aparılmış araşdırmalar, onların nəticələrinin hüquqi əsası və tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur və inzibati xətalar məcəlləsində nəzərdə tutulmuş prosessual tələblər pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin materiallarından və əlavə edilmiş protokoldan aydın olur ki, X6 Monitorinq İdarəsi tərəfindən "xxxx" MMC-nin Şirvan Şəhərindəki Pambıq zavodunda aparılmış Monitorinq 11 aprel 2025-ci ildə həyata keçirilmişdir və bununlada inzibati xəta elə həmin tarixdə aşkar edilmişdir. Lakin müvafiq orqanın vəzifəli şəxsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun tarixi isə 20 may 2025-ci il tarixidir. İnzibati Xətalar məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Eyni maddənin 2hissəsində isə inzibati protokolun tərtib edilmə müddəti kimi işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olduğu qeyd olunub. Həmçinin, eyni məcəllənin 102.1-ci maddəsində sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılması qeyd olunub. Eyni maddənin 5-ci hissəsində isə inzibati araşdırmanın 1 aydan artıq olmayan müddətə aparılması nəzərdə tutulub və yalnız icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Yəni, göründüyü kimi X6 Monitorinq İdarəsi tərəfindən aparılan monitorinq nəticəsində inzibati xətanın 11 aprel 2025-ci ildə aşkar edilməsinə, yəni inzibati xəta haqqında icraatın həmin tarixdə başlamasına baxmayaraq inzibati xəta haqqında protokol inzibati xətanın aşkarlandığı tarixdən 1 ay 9 gün sonra, 20 may 2025-ci il tarixdə tərtib edilmiş və bununla da inzibati xəta haqqında protokolun tərtib edilmə müddətlərinin nəzərdə tutulduğu İnzibati Xətalar Məcəlləsinin 101 və 102-ci maddələrinin tələbi pozulmuşdur. Məhkəməyə təqdim edilən materiallardanda görünür ki, İXM-in 102.5-ci maddəsində müəyyən edilmiş inzibati araşdırma müddətinin uzadılması ilə bağlı heç bir vəzifəli şəxs tərəfindən əsaslandırılmış vəsatət təqdim edilməmiş və yaxud uzadılma ilə bağlı yuxarı vəzifəli şəxs tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. İXM-nin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmçinin, 20 may 2025-ci il tarixli, MN2363731 saylı inzibati xəta haqqında protokolun əsası kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Monitorinq İdarəsinin monitorinqi zamanı aşkar olunmuş göstəricilər əsas götürülür. Lakin müvafiq orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi əsası yoxdur və həmin sənəddə yoxlamanın kimlər, yəni hansı vəzifəli şəxslər tərəfindən aparılması, monitorinqin aparılmasına dair hər hansı bir qərarın qəbul edilməsi barədə məlumatlar, monitorinqi aparmış vəzifəli şəxsin imzası və yaxud orqanın möhürü öz əksini tapmamışdır. Bu isə öz növbəsində monitorinqin nəticələrini əks etdirən sənədin hüquqi qüvvəsinin olmadığını göstərir. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü maddəsində göstərildiyi kimi sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Təlimatdan da göründüyü kimi sözügedən sənəd təlimata uyğun qaydada rəsmiləşdirilməmişdir və həmin sənəddə qeyd olunan məlumatların hüquqi əsası yoxdur. Həmçinin, həmin sənəddə araşdırma nəticəsində ətraf mühitə ataılan zəhərli qaz qarışıqların və toz hissəsiclərinin müəyyən edilmiş ölçmə dəyərlərinin ətraf mühit üçün yol verilən hədd normasından artıq olması qeyd olunmuş, lakin ətraf mühit üçün müəyyən olunan normalar hansı göstəricilərdə olmalı olduğu və yaxud bu göstəricilərin hansı qanunvericilik aktında qeyd olunması ilə bağlı heç bir məlumat öz əksini tapmamışdır. Bu isə həmin ölçmə dəyərlərinin həqiqətəndə ətraf mühit üçün yol verilən həddi aşması barədə məlumatın mötəbərliyinə şübhə yaradır. Bu şübhələrin aradan qaldırılması üçün yoxlamanı aparmış orqan ətraf mühit üçün yol verilən göstəricilərin hansı aktda qeyd olunduğunu göstərməli və bu aktda qeyd olunan göstəricilər araşdırma göstəriciləri ilə müqayisəli şəkildə məhkəmə təqdim edilməlidir. Azərbayacan Respublikasının Konstitutsiyasında və İnzibati Xətalar Məcəlləsində əsas prinsip kimi qeyd olunan təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu prinsipdən aydın olur ki, mövcud inzibati xətanın mövcudluğu və bu mövcudluğu təsdiq edən qanunvericilik aktları inzibati xətanı aşkar etmiş orqan tərəfindən sübut edilməlidir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X3 və X8sinə bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixdə Respublikanın Sabirabad, Saatlı, Biləsuvar, İmişli, Şirvan və Neftçala rayonlarında keçirilmiş ekoloji monitorinqlər haqqında informasiya bülletenindən görünür ki, Şirvan şəhərində növbəti monitorinq Hacıqəhrəmanlı qəsəbəsində yerləşən “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ətraf ərazisində keçirilmişdir. Monitorinq zamanı zavodun ətraf ərazisində pərakəndə və toplu şəkildə pambıq emalında əmələ gələn tullantı qalıqlarının atıldığı müşahidə olunmuşdur. Zavodun fəaliyyəti zamanı atmosferə yayılan toz hissəciklərinin ölçmə işləri aparılmışdır. Zavodun qarşı hissəsində və zavodun sağ tərəfindən təqribən 70-100 m məsafədə AEROQUAL səyyar cihazı vasitəsilə aparılmış ölçmə işlərinin nəticəsinə görə qarşı tərəfdə PM2.5-34 q mq/m3 (norma 25 mq/m3), PM10-44 mq/m3 (norma 50 mq/m3), sağ tərəfdən 70-100 m məsafədə PM2.5-32.2 mq/m3 (norma 25 mq/m3), PM10-52.7 (norma 50 mq/m3) təşkil li etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X3 və Təbii Sərvətlər tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində fəaliyyət göstərən göstərən “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti zamanı X6 Monitorinq İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş monitorinqlər zamanı ətraf mühitə atılan zərərəli maddələrin miqdarı normadan artıq olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, izahatlar alınmamış, həmin fotoşəkilləri çəkilmiş ərazinin “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti aid olmasına dair hər hansı sənəd təqdim edilməmiş, ölçmə vasitəsi qeyd olunmamış, yalnız “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində həyata keçirilmiş monitorinqə dair informasiya bülleteni və fotoşəkil əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin həmin bülletendə monitorinqin kimlər, yəni hansı vəzifəli şəxslər tərəfindən aparılması, monitorinqin aparılmasına dair hər hansı bir qərarın qəbul edilməsi barədə məlumatlar, monitorinqi aparmış vəzifəli şəxsin imzası və yaxud orqanın möhürü öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən mufafiq sertifakatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitlər adlanır. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Göründüyü ki, işdə olan həm informasiya bülleteni, həm də protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “AEROQUAL” səyyar cihazın göstəriciləri (elektron qaydada), ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmamışdır. Halbuki, bu İXMnin 100.1.8-ci maddəsinin birbaşa tələbidir. Bundan informasiya bülleteni və protokolda inzibati xətanın aşkar edilməsi zamanı istifadə olunan texniki vasitə olan “AEROQUAL” səyyar cihazın göstəricisinə dair cihazdan birbaşa elektron çıxarış akta və protokola əlavə olunmadığından, informasiya bülleteni və protokola edilmiş həmin qeydlərin həqiqiliyi, həm də “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirildiyindən şübhələr doğurur. Bundan əlavə informasiya bülleteni və protokolun tərtibi zamanı maddi hüquq normaları da pozulmuşdur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsində ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi məsələlələri tənzimlənir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. «Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamədə» qeyd olunmuşdur : Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. Atmosfer havasında kükürd, karbon və azot oksidləri, toz, qurum, fenol, freon və digər zərərli maddələrin qatdığını müəyyənləşdirmək üçün üç kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir: - stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulur. Bu məntəqələr hava nümunələrinin götürülməsi, atmosferə atılan tullantıların fasiləsiz qeydiyyatının aparılması və meteoroloji parametrlərin müəyyənləşdirilməsi üçün zəruri olan cihaz və avadanlıqlarla təchiz olunur; - səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur; Göründüyü kimi atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar müşahidə məntəqələri sistematik və uzunmüddətli müşahidələr aparılması üçün nəzərdə tutulmuş səyyar məntəqələr tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə müntəzəm olaraq müşahidələr aparmaq, hava nümunələri götürmək və meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulmuşdur. Lakin iş materiallarında görünür ki, monitorinqi aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Monitorinq İdarəsi həmin qaydalara əməl etməyərək cəmi bir dəfə yoxlama aparmış və onun əsasında informasiya bülleteni və protokol tərtib olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunan protokol əsassızdır və “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 233.1-ci maddəsi ilə “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən kifayət qədər sübut təqdim edilmədiyindən və MMC-nin əməlində həmin maddənin inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar