Məhkəmə qərarları › İş №3(032)-548/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-548/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-548/2024 25.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şirvan şəhər prokurorunun böyük köməkçisi X7, Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Şirvan şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs (FİN: xxxxxxx) "xxxx" MMC-nin təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə aparıcı mühəndisi vəzifəsində işləyərkən 3 saylı sexə müvəqqəti olaraq ştamplayıcı vəzifəsinə keçirilmiş X2 əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırıb biliklərini yoxlamamış “Rotor Pres” ştamplayıcı dəzgahında işləməsinə yol verməsi və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004 DÜST(Dövlət standartı)nın 1.2, 4.4 bəndlərinin tələblərinini pozması nəticəsində sonuncunun xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində şəhərin ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 3 saylı sexində “Rotors Pres” ştamplayıcı dəzgahında ştamplama işləri görərkən sağ said nahiyəsinin əzilmiş didilmiş yarası, kompartman sindiromu- sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlərini almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 08 may 2024-cü il tarixli, 183 nömrəli rəyi, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/2808 nömrəli rəyi, X2, X4 və Şəxs izahatları ilə öz təsdiqini tapmışdır. Şirvan şəhər prokurorunun köməkçisi X10 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2021-ci ilin may ayının 24-dən Şirvan "xxxx" MMC-nin təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə aparıcı mühəndisi vəzifəsində çalışır. Xidməti vəzifələrinə sexlər üzrə çalışan işçilərə növbədən kənar təlimatların keçirilməsi və yaxudda dövrü təlimatların keçirilməsinə nəzarətdən ibarətdir. Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 2 saylı sexinin İV dərəcəli vizual nəzarətçisi X3 xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində bilavasitə iş vaxtı ərzində baş vermiş hadisə zamanı sağ qolundan xəsarət almışdır. Hadisə 3 saylı sexdə yerləşən “Rotor Press RP-91” dəzgahında baş vermişdir. Belə ki, həmin dəzgahda dəmir içliyin qurğuşun köynəyə preslənməsi əməliyyatı icra olunur. Rəsmiyyə Həşimova eyni prosesi icra edərkən əynində olan işçi köynəyinin sağ qolu həmin dəzgaha ilişmiş və sağ qolundan xəsarət almışdır. Rəsmiyyə Həşimova 06 aprel 2024-cü il tarixdə istehsalat zərurəti ilə əlaqədar olaraq müvəqqəti olaraq 1 ay müddətinə 3 saylı sexə presləyici peşəsinə keçirilmişdir. Rəsmiyyə Həşimova vizual nəzarətçi kimi təlmatlandırılsa da 3 saylı sexə presləyici peşəsinə keçirildikdən sonra ona şifahi təlimat keçirilmiş, lakin həmin təlimat sənədləşdirilməmişdir. Hadisənin baş verməsinə cavabdeh şəxs sex rəisidir, həmin hadisə olan vaxt sex rəisi vəzifələrini Sura Həsənova icra etmişdir. 3 saylı sexin rəisi Akif Abdullayev əmək məzuniyyətində olmuşdur. O, heç bir jurnala imza etməmiş, Rəsmiyyə Həşimovanın qeyd etdikləri yalandır. Rəsmiyyə Həşimova 3 saylı sexə keçirildiyi gün hadisə baş vermişdir, ona şifahi təlimat keçirilmiş, lakin həmin təlimat rəsmləşdirilməmişdir. Təlimatın keçirilməsi ilə bağlı heç bir sənədləşmə aparılmamışdır. Həmçinin direktor müavini Şəhla Nəhmədova ona təlimat jurnalına imza etməklə bağlı heç bir tapşırıq verməmişdir. Göstərilənlərə əsasən barəsində inzibati tənbeh qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: X2 xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində iş yerində dəzgahda işləyərkən sağ qolundan xəsarət alması barədə şəhər prokurorluğuna daxil olmuş material əsasında aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Natomiya Birliyi” Publik hüquq şəxsin 08 aprel 2024-cü il tarixli 183 nömrəli rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər sağ said nahiyyəsinin əzilmiş didilmiş yarası, kompartman sindromu (əzələ və sinir qruplarının fassiya ilə əhatə olunduğu ərazidə toxuma təzyiqinin artması nəticəsində meydana gələn yerli toxuma perfuziyasının pozulması vəziyyətidir)-küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 06 aprel 2024-cü il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2808 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “X6” MMC-də “Rotors Pres” ştamplayıcı dəzgahında iş prosesi zamanı işçinin paltarının qolunun dəzgahın fırlanan hissələrinə ilişməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər.12.0.004-90 DÜST(Dövlət standartı)nın 1.2-ci, 4.4-cü bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümünəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b, “d” abzaslarının və “Sex rəisinin Vəzifə Təlimatı”nın 3.4, 3.5 bəndlərinin tələbləri pozulmuşdur. X1 iş zamanı paltarın(iş geyiminin) qolunun manjetlərini bağlamadan “Rotor Pres” ştamplayıcı dəzgahda işləməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b”, “d” bəndlərinin tələbləri pozulmuşdur. İşçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrinə nəzarət etməklə X1nın iş zamanı paltarın (iş geyiminin) qolunun manjetlərini balamadan “Rotor Pres” ştamplayıcı dəzgahında işləməsinə yol verdiyinə görə, “Sex rəisinin Vəzifə Təlimatı” nın 3.4, 3.5 bəndlərinin tələbləri hadisə baş verən günü həmin sexin rəisi vəzifəsini müvəqqəti icra etmiş 3 saylı sexin ustası vəzifəsində işləyən X8 tərəfindən pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməmiş və nəzəri bilikləri yoxlanılmamış X1nın “Rotor Pres” ştamplayıcı dəzgahında işləməsinə yol verdiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004 DÜST(Dövlət standartı) nın 1.2, 4.4 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Feyruz Əsədov tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli 189/Ş-nömrəli Əmrə əsasən işçinin ƏM, TT və YM qaydaları üzrə təlimatlandırlmasının aparılması həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs ƏM, TT VƏ YMX-nə 11-ci dərəcəli aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Həmin əmək müqaviləsinin 2.4-cü bəndində işçinin (Şəxs) əmək funksiyası olaraq əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda həyata keçirmək, iş yerlərinin əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək, istehsalatda zədələnmə səbəblərinin analizi və qarşısının almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək, iş yerlərinin sanitar texniki vəziyyətinin yoxlanmasında iştirak etmək, istehsalatda bədbəxt hadislərin araşdırılmasında kömək etmək, mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq ibarətdir. "xxxx" MMC-nin HİK ilə "xxxx" MMC arasında razılaşdırılmış xx.xx.2022-ci il tarixli ƏM, TT və YMX-nin aparıcı mühəndisinin vəzifə təlimatının 2.9-cu bəndinə əsasən aparıcı mühəndis aspirator və ventelyasiya sistemlərinin keyfiyyətli işləməsinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, bilik yoxlanılmasına və attestasiyasından keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərin xüsusi geyimlərlə, ayaqqabılarla, fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməsinə, sex və şöbələrdə əməyin mühafizəsi və təhlükəsizliyi texnikası üçün ayrılmış vəsaitlərin düzgün xərclənməsinə nəzarət etməlidir. Məhkəmə qərarla bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zəzərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar