Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-55/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2023-cü il tarixli, EQ/18435290 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 99FK458 dövlət qeydiyyat nömrəli “FORD TRANSİT YÜK” avtomobili ilə hərəkət edən zaman o, yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır.\ Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarın surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixində saat 12:41:57-də Bakı-Qazax- Gürcüstan yolu 29.5-ci km-də Bakı istiqamətində “FORD TRANSİT YÜK” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır. X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə , 24 manat məbləğində dəbbə, ümumilikdə 64 manat cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyindən Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X2 tərəfindən 40 manat cərimə, 24 manat dəbbə pulu, ümumilikdə 64 manat məbləğində pul ödənildiyindən onun ərizəsi əsasında Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1282/2023 saylı qərarına xitam verilmişdir. Göründüyü kimi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasını nəzərdə tutan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1282/2023 saylı qərarına xitam verilməsinə baxmayaraq DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarı ilə X2 328.1-ci maddə ilə inzibati məsuliyyətə cəlb etməklə yanaşı İXM-nın 332.3-cü maddəsinə əsasən də (qərarda həmin maddə konkret olaraq qeyd olunmamış, ehtimal edilir ki, həmin maddə nəzərdə tutulur) inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi X2 barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1282/2023 saylı qərarına xitam verilməsini araşdırmadan xx.xx.2023cü il tarixində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə şəxsə 10 (on) manat inzibati cərimə tətbiq etmək əvəzinə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq etmiş, lakin qərarda da bunu aydın şəkildə şərh etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir . Belə olan halda məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X1 İXM-nın 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında materiallar işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X1 İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli nömrəli qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-55/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-55/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver