Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-550/2024 28.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1ci və 206-cı maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələrinə əsasən inzibati xəta haqqında MN № ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Vidadi küçəsində ictimai asayişi pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik maddə qəbul etməsi aşkar edilmişdir. İnzibati xəta hadisənin olması MN № ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 iyun 2024-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur . Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, Şirvan şəhər Polis Şöbəsində ona qarşı fiziki zorakılıq olmuşdur, bədənində həmin zorakılığın izləri vardır. O, həmçinin bildirdi ki, hazırda bir əlini demək olar ki, işlədə bilmir, belə olan halda onun polisə müqavimət göstərməsi mümkün deyildir. 25 iyun 2024-cü il tarixdə tanışına olan borcu qaytarmaq üçün onun yaşadığı Şirvan şəhər Vidadi küçəsində yerləşən evinə getmiş, orada olarkən həmin şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışında şübhəli olduğu üçün saxlanılmış, o da orada olduğu üçün onu döyərək polis şöbəsinə aparmışlar. O, həmin vaxt səs-küy salmamış, polisə müqavimət göstərməmişdir. O, həmçinin atası xəstə olduğunu, ona özünün baxdığını və məhkəmə tərəfindən qərar çıxarılarkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Şirvan şəhəri Vidadi küçəsi küçəsində əməliyyat məlumatının yoxlanılması məqsədi ilə X1 ünvanına gedərkən, həmin küçədə adını bilmədiyi bir nəfər şəxsin səs-küy salaraq ictimai qaydanı pozduğundan ona yaxınlaşmışlar, həmin şəxs onları gördükdə polisin nüfuzuna xələl gətirən ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra həmin şəxsin əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş Şəxs olduğu məlum olmuşdur . İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10.10-da azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati məsuliyyət məsələsi görülməsi üçün Şirvan şəhər X4 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə səs-küy salması (şahid izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 X5-Narkoloji tibbi yoxlamanın 27 iyun 2024-cü il tarixli 4421 nömrəli rəyində göstərilmişdir ki, Şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddanin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər üç inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu , 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə hesab edir ki , inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələri sanksiyasının həddləri daxilində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən Şəxs törətmiş olduğu inzibati xətanın xarakteri , işin halları, onun şəxsiyyəti (əvvəllər dəfələrlə məhkum olunmasını) , əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, həmçinin törətmiş olduğu əmələ münasibəti, özünü müdafiə xarakteri ifadələr verərək inzibati məsuliyyətindən yayınmağa çalışdığı nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinərək barəsində 17 (on yeddi ) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-550/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-550/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver