Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-554/2025 27.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə , xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu Qaraçala qəsəbəsi Çadırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələrinə əsasən inzibati xəta haqqında MN № ******* saylı xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20.30 radələrində Şirvan şəhər G.Şıxbalaoğlu küçəsində psixotrop maddə istehlak etməklə ictimai asayişi pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması MN № ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur . Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla qismən razıdır. İstirahət etmək üçün Şirvan şəhərinə gəlmiş, telefonla danışarkən səs-küy salmış, bu zaman polis əməkdaşı ona yaxınlaşaraq onu nizamintizama dəvət etmiş, lakin polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, o təxminən 15 gün bundan qabaq psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20.15 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində oğruluq hadisəsində şübhəli olan adını sonradan bildiyi Şəxs yaxınlaşmış, onunla söhbət edən zaman Şəxs səs-küy salaraq ictimai qaydanı pozmuş, polis əməkdaşlarına öz etirazını bildirmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən tutularaq növbətçi hissəyə təhvil verilmişdir. Onun hərəkətləri şübhə yaratdığından müayinədən keçməsi üçün göndərilmiş, müayinə zamanı psixotrop maddələrdən istifadə etməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20.50-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 10.40-da azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati məsuliyyət məsələsi görülməsi üçün Şirvan şəhər X1 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə səs-küy salması (şahid izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 3120 nömrəli rəyində göstərilmişdir ki, Şəxs psixostimulyatroların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər üç inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu , 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən Şəxs törətmiş olduğu inzibati xətanın xarakteri, işin halları, onun şəxsiyyəti, əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu, 535.1-ci və 206-cı maddələri sanksiyasının həddləri daxilində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1999-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu Qaraçala qəsəbəsi Çadırlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. 25 may 2025-ci il, saat 20.50-dən 27 may 2025-ci il, saat 10.40-dək inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, təyin edilmiş inzibati tənbeh müddətindən iki gün çıxılmaqla üzərində 18 (on səkkiz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-554/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-554/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver