Məhkəmə qərarları › İş №3(032)-556/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-556/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-556/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X5 şikayət ərizəsi verərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir . Şikayətə görə Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışır. İnzibati Xətalar Məcəlləsinin 17 may 2024-cü il tarixdə "xxxx" ASCdən idarəyə ASC-nin inzibati ərazisində qurumuş qovaq ağacının külək nəticəsində kökündən sınması, yolun hərəkət istiqamətinə düşməsi və avtovağzal ərazisində insanların nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməsini bildirmişdir. Əməkdaşları dərhal həmin ərazidə olmuş və sınmış ağacın yolun hərəkət istiqamətinə düşməsi, insanlara və nəqliyyat vasitələrinə təhlükə yaratması müşahidə edilmişdir. Bu səbəbdən də sınmış ağac əməkdaşları tərəfindən hissələrlə kəsilərək ərazi təmizlənmişdir. Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qeyd olunanları nəzərə almadan “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun pozulması qənaətinə gələrək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından belə müəyyən olunur ki, onlar kök üstə olan yaşıl bir ağacı özbaşına, qanunsuz olaraq götürmüşlər. Halbuki, qeyd etdiyi kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları "xxxx" ASC-nin inzibati ərazisinə gedərkən qurumuş qovaq ağacının külək nəticəsində kökündən sınması, yolun hərəkət istiqamətinə düşməsi müşahidə edilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloii, mədənisağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. İşin hallarından da göründüyü kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsi heç bir yaşıllığı məhv etməmiş, külək nəticəsində sınaraq yolun hərəkət hissəsinə düşmüş, insanların, nəqliyyatının hərəkətinə təhlükə, maneə yaratmış qurumuş, təbiətə heç bir faydası olmayan, təhlükə mənbəyini ərazidən kənarlaşdırmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2.5-ci bəndinə əsasən texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda yaşıllıqların götürülməsinə icazə verilir. Qeyd olunanlar Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək, barəsində tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə bildirişi göndərilmiş , lakin səlahiyyətli şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxs X6 izahat verərək bildirdi ki, iki il bundan öncə sözügedən ağac quruduğundan müraciət etmişdir ki, ağac kəsilsin. Lakin onun müraciətlərinə əhəmiyyət verən olmamışdır. Külək nəticəsində ağac qopmuş, avtovağzalda olan bir avtomobilə ziyan dəymişdir. Yenidən müraciət olunsa da onların müraciətlərinə baxılmamışdır. O, ağacın külək nəticəsində aşması zamanı orada olmuşdur. Ağac aşdıqdan sonra Şirvan şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin əməkdaşları gəlmiş, ağac vaxtında kəsilmədiyindən nəticədə avtomobilə ziyan vurması ilə bağlı aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən şəxs X4 izahat verərək bildirdi ki, X7 bağban işləyir. X2 tanıyır, o, Yaşıllaşdırma Təsərrüfat İdarəsinin rəisidir. Şirvan şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin əməkdaşı ağac kökündən qoparaq yıxıldıqdan sonra gələrək həmin ağacı kəsərək götürmüşlər. Əvvəllər bununla bağlı etdikləri müraciətlərinə baxan olmamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən : Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində "xxxx" ASC-nin inzibati binasının qarşısında olan 1 (bir) ədəd köküstə quru qovaq ağacı qanunsuz götürülmüş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 ünvanladığı xx.xx.2024-cü il tarixli, Ç-BM/4224-221 saylı məktubdan görünür ki, inzibati işə baxılması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə saat 15:00-da 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi ünvan 1 ünvanlanmış 05 iyun 2024-cü il tarixli 3-14-43/2-235/2024 saylı məktubun surətindən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubuna əsasən Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən "xxxx" ASC inzibati binasının qarşısında kəsilmiş 1 (bir) ədəd qovaq ağacına baxış keçirilmişdir. Bioloji inkişaf dövrüni başa vurmuşdur. Şirvan şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 15 may 2024-cü il tarixli 5-8-6/2-57/2024 saylı məktubun surətindən görünür ki, avtovağzal rəhbərliyinin şifahi sorğusu əsasında avtovağzalın ətrafında köküstəndə quruyaraq inkişafdan qalmış hündürlüyü 6 m olan diametri 30 sm olan 1 (bir) ədəd qovaq ağacı güclü külək nəticəsində aşdığı üçün kəsilərək götürülmüşdür. Şirvan şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli YTİ-nin baş aqranom Yaşar Məmmədov, YTİ-nin aqranom Mikayıl Abdiyev, YTİ-i sosial işçisi Eldəniz Nəciyevin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə xidməti ərazi olan G.Şıxbalaoğlu küçəsində yerləşən avtovağzalın ətrafında diametri 30 sm hündürlüyü 6 m olan 1 (bir) ədəd qovaq ağacının iri gövdəsi güclü külək nəticəsində qoparaq yerə düşmüş və onlar tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası ünvan 2 ünvanlanmış 16 may 2024-cü il tarixli 01- 200 saylı məktubun surətindən görünür ki, Şirvan şəhər Avtovağzal ASC -nin inzibati binasının qarşısında olan qovaq ağacı barəsində DEEA-ə 18 sentyabr 2023-cü il tarixində onlar tərəfindən müraciət olunmuş, lakin rədd cavabı gəldiyi üçün toxunulmaz saxlanılmışdır. 27 mart 2024-cü il tarixində baş vermiş güclü külək nəticəsində sözügedən qovaq ağacı quru olduğu üçün yer səthindən bir metr hündürlükdən qoparaq aşmışdır. Bununla bağlı Şirvan şəhər YTİ-ə ağacın götürülməsi ilə bağlı onlar tərəfindən şifahi müraciət olunmuşdur. Məhkəməyə təqdim olunmuş hadisə yerində çəkilmiş fotoşəkillərdən 1 (bir) ədəd qovaq ağacının götürülməsi müəyyən edilmişdir. X5 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, yerli icra hakimiyyətinin və ya bələdiyyənin qərarı, yaşıllığın götürülməsi vərəqi olmadan ağacları götürmüş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi X5 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar