Məhkəmə qərarları › İş №3(032)-562/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-562/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-562/2023 27.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 27 aprel 2023-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində şəhərin 1 May küçəsində narkotik vasitədən istifadə edərək ucadan səs-küy salmış, PPXB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, əvvələr də narkotik vasitə istifadə etmiş, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhəri 1 May küçəsindən piyada hərəkət edərək Hacıqabul rayonuna getmək üçün maşın gözləmiş, həmin vaxt mobil telefonla danışırmış və əsəbi olduğu üçün uca səslə danışdığına görə Şirvan şəhər polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt spirtli içki qəbul etməmiş, lakin təxminən 20-21 gün bundan öncə Hacıqabul rayonunda məclisdə olarkən tanımadığı bir neçə şəxs narkotik vasitə olan marixuana istifadə edərkən o, da narkotik vasitə istifadə etmişdir. Bu səbəbdən də şöbədə olarkən orada narkotik maddə istifadəçisi olduğunu etiraf etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində şəhərin 1 May küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özünü təqdim etmiş, səs-küyə son qoymasını tələb etmiş, lakin şəxs mütəmadi olaraq onları qanuni tələblərinə tabe olmayıb səs-küy salmağa davam etmiş, ictimaiəti özünə cəlb etməyə səy göstərmişdir. Həmin şəxsin bu cür qəribə hərəkət etməyi vətəndaşın narkotik vasitənin təsiri altında olması barədə onlara şübhə yaratmış, bu səbəbdən də tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məlum olmuşdur ki, şəxs Hacıqabul rayon sakini Şəxsdur. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində raportu tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindn görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 2457 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2023cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdə saat 18:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1987-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdə saat 18:00-dan hesablansın. Qərarın icrası Şirvan şəhər Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar