Məhkəmə qərarları › İş №3(032)-564/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-564/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-564/2024 04.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyil ilə, X1 EQ 21136026 saylı protokolun ləğv edilməsinə dair verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 10 iyun 2024-cü il tarixdə ərizə ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək EQ 21136026 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərardadı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 21136026 saylı inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulsa da, X2 tərəfindən məhkəməyə ərizə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından,eyni zamanda qərardan şikayət verilməli olduğu halda ərizə verildiyindən, ərizə geri qaytarılmalı, ərizə vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada yenidən şikayət vəsatətiniz əsasında yaşadığınız yer üzrə məhkəməyə yəni Hacıqabul Rayon Məhkəməsinə də verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar aldı: X2 tərəfindən EQ 21136026 saylı protokolun ləğv edilməsinə dair verilmiş ərizə geri qaytarılsın. Ərizə vermiş şəxsə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən onun yaşadığı yer üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar