Məhkəmə qərarları › İş №3(032)-565/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-565/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-565/2024 01.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şirvan Bələdiyyəsinin sədri Şəxs, Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şirvan Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: 03 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı RETSİ-yə təqdim etməmiş və nəticədə Azərbaycan Respublikası “Yaşıllıqların Mühafizəsi haqqında” qanunun 8-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şirvan Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasında Daşınmaz Əmlakın Kadastrı Sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş və dövlət proqramının 7.3.3 və 7.3.10-cu bəndləri üzrə müvafiq işlərin görülməsi üçün 2016-2017-ci illərdə Azərbaycan Respublikasının “53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə Daşınmaz Əmlakın mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal xərtələrin tərtibi” istiqamətində yerlərdə, o cümlədən Şirvan şəhərində Layihələr həyata keçirilmişdir. Sözügedən illərdə Şirvan şəhəri üzrə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin tabiliyində olan "xxxx" MMC tərəfindən uçot və dürüstləşmə işləri görülən zaman Şirvan şəhərinin 2033-cü ilə qədərki inkişafına dair şəhərin Baş Planında nəzərdə tutulan mülkiyyət formaları üzrə bölgü planı, torpaqların faktiki istifadə vəziyyəti, hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri, yaşayış məntəqələrinin kontur sərhədləri tam dəqiqləşdirilmədən layihə üzrə işlər yekunlaşdırılaraq Şirvan Bələdiyyəsinin edilməsi üçün 1:25000 miqyasında hazırlanmış xəritə təsdiq üçün Şirvan Bələdiyyəsinə təqdim edilmişdir. Yuxarıda qeyd olunan iradları əsas götürərək, qonşu Hacıqabul, Salyan, Sabirabad rayonlarının Bələdiyyələri və Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə Bələdiyyəsinin xəritələri təsdiqlənsə də gələcəkdə Bələdiyyə torpaqlarının sənədləşməsində yaranacaq problemləri, məhkəmədənkənar və məhkəmə mübahisələrini nəzrə alaraq Şirvan Bələdiyyəsinin sözügedən xəritəsi tərələrindən hazırki tarixə qədər təsdiqlənməmiş qalmaqdadır. Xəritənin təsdiqlənməməsinin səbəbi barədə tərəflərindən icraçı qurumlara dəfələrlə məlumat verilmiş, 28 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların mühafizəsi, səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərlə bağlı Respublikanın 6 (altı) rayonu üzrə 28 fevral 2023-cü tarixdə Şirvan şəhərində keçirilmiş zona müşavirəsində ƏMDX-nin rəis müavini cənab Elçin Yusubova, sonuncu dəfə isə 2023-cü ilin dekbar ayında Şirvan şəhər üzrə vətəndaşların qəbulu zamanı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi X3 sədri Nigar xanım Alimovaya tam məlumat verilərək, Şirvan şəhəri üzrə torpaqların kateqoriyası uqodiyası, faktiki istifadə vəziyyəti və yaşayış məntəqələrinin kontur sərhədləri üzrə uçot və dürüstləşmə işlərinin təkrar aparılması bir daha xahiş edilmişdir. Sonuncu dəfə isə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci hissəsi üzrə torpaqdan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması, Şirvan şəhəri üzrə Bələdiyyə mülkiyyətinə məxsus torpaqların təkrar uçot və dürüstləşmə işlərinin aparılması üçün xx.xx.2024-cü il tarixli, 03/58 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Şirvan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı RETSİ-yə təqdim etməmiş və nəticədə Azərbaycan Respublikası “Yaşıllıqların Mühafizəsi haqqında” qanunun 8-ci maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı Şirvan Regional Ədliyyə İdarəsinə müraciət edilmişdir. Şirvan Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh olaraq göstərilmişdir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərinin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə bələdiyyə sədrləri barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.3 və 253-1.1-ci maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Bələdiyyəsinin müavini X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, 3 saylı Regional Ekologiya İdarəsinə “Yaşıllıqların uçot monitorinqlərinin təqdim olunmamasının səbəbi Şirvan Bələdiyyəsinin xəritəsində olmaması və təhvil-təslim aktının olmamasıdır. Regional Ekologiya tərəfindən göndərilən cədvəlin doldurulmasında ərazini dəqiq bilmədikləri üçün cədvəli doldurub hazırlaya bilməmişlər. Şirvan Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nmrəli Fərmanının icrası ilə bağlı 2016-2017-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkənin “53 rayon mərkəzi, şəhər, qəsəbə və kənd üzrə daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib” Layihəsi həyata keçirilmişdir. Sözügedən Layihə ilə bağlı Şirvan şəhərində uçot işləri aparılan zaman şəhərin H.Z.Tağıyev qəsəbəsi üzrə yaşayış massivinə məxsus Vidadi küçəsindəki uzun illərdən bəri tikilib istifadəyə verilmiş fərdi yaşayış evləri və onların yerquruluşu torpaq sahələri diqqətdən kənarda qalaraq torpaqların elektron kadastrı üzrə informasiya sisteminə ümumiyyətlə daxil edilməmişdir. Şirvan Bələdiyyəsinin ərazi hüdudları daxilində Şirvan şəhəri, Vidadi küçəsindəki fərdi yaşayış evləri və torpaqların sözügedən sistemdə işlənməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şirvan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastr sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramının 7.3.10-cu bəndində nəzərdə tutulan işlərin, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3.2-ci hissəsi üzrə torpaqlardan istifadədə mövcud uyğunsuzluqlarının aradan qaldırılması üçün Şirvan şəhəri üzrə torpaqların təkrar uçot və dürüstləşmə işlərinin aparılmasına dair aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişlər. Şirvan Bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən Bələdiyyə mülkiyyətinə məxsus 45 kv.m torpaq sahəsinin faktiki məkan göstəricisinə uyğun xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışında və AA5288401 nömrəli plan və ölçü sənədində müvafiq düzəlişin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər. xx.xx.2016-cı il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, ƏMDK yanında DƏDRX-in 13 saylı Ərazi İdarəsindən ƏMDK-nin 7 saylı ərazi şöbəsinə daxil olmuş 28 mart 2016-cı il tarixli, ********** saylı məktub əsasında Şirvan Bələdiyyəsi mülkiyyətinə məxsus ərazidən sahibkarlıq məqsədi ilə hərrac qaydasında bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məqsədi ilə nəzərdə tutulan 45.0 kv.m torpaq sahəsinə komissiya tərəfindən yerində baxış keçirildi. Hərraca çıxarılacaq torpaq sahəsi şəhərin T.İsmayılov küçəsində, bələdiyyə torpağında yerləşərək, ölçüləri (5.2 x 8.65) metr olmaqla sahəsi 45.0 kv.m-dir. Torpaq sahəsi şimaldanqonşu tikili, cənubdan-qonşu tikili, qərbdən-boş sahə, şərqdən isə boş sahə ilə həmsərhəddir. Ayrılması nəzərdə tutulan ərazi yaşayış məntəqələri kateqoriyasına aiddir və 1-ci zonada yerləşir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına uyğun olduğundan, habelə yüksək gərginlikli elektrik, qaz, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyini müəyyən etmişlər. Ayrılmış torpaq sahəsində tikili mövcuddur. Şirvan Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh olaraq göstərilmişdir ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərinin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə bələdiyy sədrləri barəsində Azərbaycan Respublikası İXMnin 253-1.1.3 və 253-1.1-ci maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində inzibati xətalar məcəlləsinin 253-1.1.3-cü maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətin yaranmasına əsas yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vermiş olduğu izahatında yaşıllıqların uçotu ilə bağlı müvafiq hesabatın təqdim edilməməsinə əsas olaraq Şirvan şəhər bələdiyyəsinin inzibati ərazisi ilə bağlı müvafiq xəritənin mövcud olmaması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsinə yaşıllıqların uçotu və monitorinqinin aparılması ilə bağlı mübahisəli ərazilərin bələdiyyə mülkiyyətində olan torpaq sahəsləri olması ilə bağlı müvafiq sənədlərin, həmçinin analoji olaraq ötən illər üzrə yaşıllıqların uçotu və monitorinqinin aparılması ilə bağlı müvafiq məlumatların müvafiq icra hakimiyyətinə təqdim edilməsinə dair hesabatların məhkəməyə təqdim edilməsi təklif edilsə də, inzibati orqanın nümayəndəsi tərəfindən qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan, inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işdə olan sübutlarla vəzifəli şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar