Məhkəmə qərarları › İş №3(032)-567/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-567/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-567/2023 28.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1966-cı ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin leytenantı H.M.Məmmədov tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 27 aprel 2023-cü il tarixdə şəhərin M.Mirzəyev küçəsində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, oğlu Anar Əliyev barəsində açılan cinayət işi üzrə axtarışdadır.Polis əməkdaşları demək olar ki, hər gün onların evlərinə həm gecə, həm gündüz saatlarında gəlir, onu və ailəsini narahat edir, oğlunun yerini soruşurlar.Oğlunun gizləndiyi yeri bilmədiyindən polisə etirazını sözlə bildirmiş, nəticədə onu polis bölməsində bir gecə saxlamışlar. Heç bir günahı yoxdur. Oğlunun yerini bilsə təbii ki, polis əməkdaşlarına deyərdi. Şəhərin M.Mirzəyev küçəsində səs-küy salmamış, polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:05 radələrində Şirvan şəhər M.Mirzəyev küçəsində xidmətdə olarkən 1 nəfər şəxs ucadan səsküy salmış, ictimai qaydanı pozmuş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs hərəkətlərinə davam edərək onların qanun və tələblərinə məhəl qoymadığı üçün tərəflərindən polis şöbəsinə gətirilərək NH-ə təhvil verilmişdir. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs şəhər sakini Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından, həmçinin tərəflərin izahatlarından məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir, onun küçədə səs-küy salaraq polislərə tabesizlik göstərməsini polis əməkdaşından başqa təsdiq edən heç bir şahid olmamışdır. Şəxs oğlunun cinayət-axtarış orqanına harada gizlənməsini bilmədiyini və buna sözlə öz iradını bildirmişdir. Bu hərəkətləri isə polisə tabesizlik kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar