Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-577/2025 19.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28116423 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X2 30 may 2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28116423 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28116423 saylı inzibati tenbehvermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2025-ci il tarixli EQ 28116423 saylı protokol və inzibati xəta haqqında işin digər materiallarına göturülmüşdur. xx.xx.2025-cü il tarixdə, saat 12:11-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində X13 1840 LS yük markalı, **- RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də (“X12 Zavodu” MMC-dən çıxış əmtəə nəqliyyat qaiməsi) göründüyü kimi avtomobil yüklədiyi ərazidən 39 ton 700 kq çəki ilə xx.xx.2025-ci il tarixdə saat 20:24 radələrində çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 fon, 250 kq çəki ilə xx.xx.2025-ci il tarixdə 14:24 radələrində çatmışdır. Yükü təhvil alan Şabran rayon ərazisində yerləşən Casper Zavod MMC-nin beton zavodu olmuşdu. “X12 Zavodu” MMC Qazax rayonu Daş Salaxlı kəndində yerləşir. Qeyd olunan tarixdə həmin yerdə Şabran rayonuna kimi X1 istifadəsində olan X13 1840 LS yük markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əlavə olaraq hərəkət də olduğu yolun üzərində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə məxsus 3 əlavə elektron tərəzidən də faktiki olaraq keçmişdir. Lakin yuxarıda qeyd olunan tarixdə həmin ərazilərdə eyni yük ilə keçən X1 istifadəsində olan X13 1840 LS yük markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi heç bir inzibati pozuntu ilə qeydə alınmamışdır. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş, tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28116423 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsi üçün əsasdır. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, X13 1840 LS yük markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə, saat 12.11-də M-247.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42590 kq olmuşdur. Hansı ki, ərizəyə əlavə etdiyi 22 may 2025-ci il tarixli, tərəzi qəbzindən aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 12.11 radələrində sürücünün idarə etdiyi **-RS-*** dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39250 kiloqram olmuşdur. Bundan başqa 23 may 2025-cü il tarixli, Casper Zavaod MMC-nin beton zavodu tərəfindən həmin qəbzə əlavə edilmiş qeyddən də aydın olur ki, xx.xx.2025-cü il tarixdə, saat 14.24 radələrində sürücünün idarə etdiyi **-RS-*** dövlət qeydiyyat avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 39250 kiloqram olmuşdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28116423 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X13 1840 LS yük markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. BB seriyalı, 579790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X13 1840 LS” yük markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 6970 kiloqram, maksimal kütləsi isə 18000 kiloqram təşkil edir. "xxxx" zavodundan verilmiş 22 may 2025-ci il tarixli əmtəə nəqliyyat qaiməsindən aydın olur ki, 22 may 2025-ci il tarixdə, saat 20:24-də nəqliyyat vasitəsinin dolu çəkisi 39.7 kq (ton) olmuşdur. xx.xx.2025-ci il tarixli, EQ 28116423 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:11:42-də, M-2, 47.9 km, yəni Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində hərəkətdə olan “X13 1840 LS” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 42590 kq çəki ilə (limit 40000 kq) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X4nin xx.xx.2025-ci il ytarixli, 3-27-103/2- 11224/2025 qeydiyyat nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 23 may 2025-ci il tarixində “MERCEDES BENZ” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9 km-də (Bakı istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarıt, çəki və kütlə parametrlərini ölçən elektron tərəzidə çəkisinin saat 12:11:42 radələrində 42590 kq, M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı km-də (Quba istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzidə isə saat 13:18:12 radələrində 39340 kq qeydə alındığı məlumatları və qeyd edilmiş elektron tərəzilərinın “Ölçmə vasitəsinin tipinin təsdiqi barədə Sertifikatı”nı və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”lərini təqdim edirik. Eyni zamanda bildiririk ki, qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş nəqliyyat vasitələrinin aralıq məntəqələrdə boşaldılması halları baş verdiyi üçün tərəzi məntəqələrində müxtəlif çəkilər qeydə alına bilər.” Məhkəmənin sorğusuna əsasən "xxxx" zavodunun 13 iyun 2025-ci il tarixli, 128 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Cəmiyyətə məxsus X7 Şabran rayonu ərazisində yerləşən beton istehsalı sahəsinə yük daşımasını həyata keçirmişdir. Nəqliyyat vasitəsinə yüklənmiş sement məhsulu təyinat məntəqəsinə çatdırılaraq orada təhvil verilmişdir. Qeyd edir ki, nəqliyyat vasitəsinə vurulmuş möhürlər yalnız təyinat məntəqəsində (nöqtəsində) açılmış, bu zaman möhürlərə hər hansı kənar müdaxilə aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X3 X9) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X3 X9 40 tonu aşmamalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 idarə etdiyi “X13 1840 LS” yük markalı, ** RS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sement CEM İİ A-P 42.5 R Qalaq Betonsem malı yüklənmiş və nəqliyyat vasitəsi 170897,898,899 plomblarla möhür vurulmuşdur. "xxxx" zavodundan verilmiş 22 may 2025-ci il tarixli əmtəə nəqliyyat qaiməsindən görünür ki, 22 may 2025-ci il tarixdə, saat 20:24-də nəqliyyat vasitəsinin dolu çəkisi 39.7 kq (ton) olmuşdur. Həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X4nin cavab məktubuna əsasən “MERCEDES BENZ” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 23 may 2025-ci il tarixində M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9 km-də (Bakı istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzidə çəkisinin saat 12:11:42 radələrində 42590 kq (ton), M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı km-də (Quba istiqaməti) quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzidə isə saat 13:18:12 radələrində 39340 kq qeydə alınmış olduğu müəyyən edilmişdir. Eyni zamanda məhkəmənin sorğusuna əsasən "xxxx" zavodu tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 128 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, ** RS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Cəmiyyətə məxsus X7 Şabran rayonu ərazisində yerləşən beton istehsalı sahəsinə yük daşımasını həyata keçirtmiş, nəqliyyat vasitəsinə yüklənmiş sement məhsulu təyinat məntəqəsinə çatdırılaraq orada təhvil verilmiş və nəqliyyat vasitəsində olan yükə vurulmuş möhürlər yalnız təyinat məntəqəsində (nöqtəsində) açılmış, bu zaman möhürlərə hər hansı kənar müdaxilə olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmçinin ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X3 X9 40 tonun aşılması istisna edilmişdir. Sözügedən inzibati xəta – iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən ümumi kütləni və ya oxa düşən yükün kütləsini 5 faiz və daha artıq aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə olunması – obyektiv və subyektiv elementləri ilə sübuta yetirilməlidir. İşin faktiki hallarından göründüyü kimi daşınmış olan yükə müdaxilə olunması halı aşkar edilməmiş, nəqliyyat vasitəsi isə təyinat nöqtəsinə hərəkət zamanı üç dəfə tərəzidə çəkisi çəkilmiş 1) "xxxx" MMC-nin X8 – çəki 39700 kq, 2) hərəkət zamanı M-2 Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9 km-də (Bakı istiqaməti) – çəki 42590 kq və nəhayət M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı km-də (Quba istiqaməti) – 39340 kq olmuşdur. Sözügedən elektron tərəzilərin hər üçünə münasibətdə şəhadətnamə mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərində əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməli (hərəkət və ya hərəkətsizliyi) İXM-nin tələblərinə zidd olmalı və onun bu əməli inzibati xəta tərkibinin bütün digər əlamətlərini özündə birləşdirmiş olmalıdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsi barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi sübutetmə yüklülüyündən azad etmiş və bununla yanaşı şübhələri onun xeyrinə həll edilmiş olması qeyd edilmişdir. Məhkəmə nəqliyyat vasitəsinin hərəkət zamanı çəkilərin fərqli olması, eyni yükün möhürlü şəkildə dəyişməz olaraq daşınması, texniki uyğunsuzluq ehtimalı, vətəndaşın təqsirinin sübuta yetirilməməsi hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, şikayətçinin barəsində inzibati xətanın tərkib əlamətləri tam təsdiqini tapmayıb. Xəta faktı hüquqi cəhətdən şübhəsiz və qəti şəkildə sübut edilməyib. Əksinə, mövcud şübhələr barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin təqsirli olmadığını göstərir və bu şübhələr İXM-nin 8ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, inzibati məsuliyyət şəxsin təqsirli davranışının obyektiv və subyektiv əlamətlərlə, konkret və şübhəsiz sübutlarla təsdiqini tələb edir. Bu prinsip, qanunun aliliyi və hüququn ədalətə xidmət etməsi zərurətindən doğur. Məhkəmənin apardığı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, şikayətçi X1 idarə etdiyi nəqliyyat vasitəsinə daşıma üçün yüklənmiş sement məhsulu rəsmiləşdirilmiş, möhürlənmiş və müdaxiləsiz şəkildə təyinat məntəqəsinə çatdırılmışdır. Tərəzilərdən biri tərəfindən qeydə alınmış çəkidəki fərq inzibati məsuliyyət üçün əsas kimi qiymətləndirilə bilməz, çünki daşımanın əvvəlində və sonunda qeydə alınan rəsmi çəkilər icazə verilən 40 ton həddini aşmır, eyni yükün dəyişmədiyi, möhürlü vəziyyətdə daşındığı isə sənədlərlə sübut edilmişdir. Elektron tərəzilər tərəfindən qeydə alınan müxtəlif çəkilər ölçmə şəraitindən, cihazların kalibr vəziyyətindən və ya digər texniki faktorlardan irəli gələ bilər. Bu fərqlər şübhə doğurur və şübhələr hüququn əsas prinsipi olan “şübhə varsa – təqsirsizlik əsas götürülür” qaydası üzrə həll edilməlidir. Nəticə etibarilə, inzibati xətanın hüquqi tərkibinin mövcud olmaması və şəxsin təqsirinin sübuta yetirilməməsi əsasları ilə şikayətçinin məsuliyyətə cəlb edilməsi qanunsuz hesab olunmalı və hüquqi müdafiə vasitəsi bərpa edilməlidir. Bu qənaət eyni zamanda İnzibati Xətalar Məcəlləsinin məqsədinə — hüquq pozuntusuna qarşı ədalətli və əsaslandırılmış reaksiya verilməsi prinsipinə də uyğunluq təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, inzibati məsuliyyət üçün tələb olunan inzibati xəta tərkibi formalaşmadığından, Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28116423 saylı qərarının ləğvi və iş üzrə icraatın xitamı qanunvericiliyin tələblərinə uyğun hesab olunur. Bundan başqa qərarından şikayət verilən orqan – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi və Azərbaycan Avtomobil Yolları X4 sorğulara cavabında bildirmişdir ki, inzibati xəta faktı M-2 avtomobil yolunun 47.9 km-də quraşdırılmış elektron tərəzi tərəfindən qeydə alınmış və həmin tərəzinin “Ölçmə vasitəsinin tipinin təsdiqi barədə Sertifikatı” və “Yoxlanılma şəhadətnaməsi” mövcuddur. Bu sənədlərə əsaslanaraq dövlət orqanı ölçmə nəticəsinin dəqiq və şübhəsiz olduğunu, dolayısı ilə həmin tərəzinin etibarlılıq prezumpsiyasını müdafiə edir və şikayətin təmin edilməməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, etibarlılıq prezumpsiyası mütləq hüquqi presumpsiya deyil, yəni bu presumpsiyanın tətbiqi qarşı sübutlarla təkzib oluna bilər. Etibarlı sayılan texniki vasitələrin nəticələri belə mübahisələndirilə və texniki səhv ehtimalı araşdırıla bilər. Bu, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunmuş müdafiə hüququnun və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarındandır. Hazırkı inzibati iş üzrə isə yük avtomobilinə vurulmuş möhürlər yol boyunca dəyişməz qalmış və yalnız təyinat nöqtəsində açılmışdır. Həmin yük əvvəl və sonra fərqli, etibarlı lisenziyalı tərəzilərdə – 39700 kq və 39340 kq çəkilərlə qeydə alınmışdır. Eyni yükün 3 fərqli tərəzidə müxtəlif nəticələrlə qeydə alınması etibarlılıq prezumpsiyasını təkzib edən fakt kimi çıxış edir. Hətta tərəzinin sertifikatı olsa belə, ölçmə şəraitinin texniki uyğunsuzluğu, daşımanın dinamikası, avtomobilin yerləşmə bucağı, təkərlərin basqısı və digər faktorlar nəticəyə təsir göstərə bilər. İnzibati hüququn sübut sistemində texniki vasitənin qeydi sübutun tək və şübhəsiz mənbəyi ola bilməz. O yalnız dəlillər sistemində qiymətləndirilə bilən elementlərdən biridir. Məhz buna görə də, tərəzinin verdiyi nəticənin tək olması, qarşı sübutlarla ziddiyyət təşkil edərsə, şəxsin təqsirinin sübutu üçün kifayət hesab edilə bilməz. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, elektron tərəzinin ölçmə nəticəsinə etibar edilməsi üçün həmin nəticə digər sübutlarla təsdiqlənməlidir və ya heç olmasa ziddiyyət təşkil etməməlidir. Hazırkı halda isə qarşılıqlı ziddiyyət təşkil edən təsdiqlənmiş və hüquqi cəhətdən güvənli olan tərəzi qəbzləri, möhürlü daşınma sənədləri və dəyişilməz yük faktı məhkəmədə yaranan şübhəni aradan qaldırmır. Belə olan halda, texniki ölçmə nəticəsinə tanınan hüquqi etibarlılıq prezumpsiyası şikayətçinin təqdim etdiyi əks sübutlarla inkar edildiyindən, həmin nəticəyə əsasən şəxsə qarşı inzibati tənbeh tətbiqi qanunsuz hesab edilməli və qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28116423 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 28116423 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-577/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-577/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver