Məhkəmə qərarları › İş №3(032)-590/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-590/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-590/2023 11.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1958-ci ildə Saatlı rayonu, Qarayevkənd kəndində anadan olmuş, evli, orta təhsilli, Saatlı rayonu, Qarayevkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 08 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 08 may 2023-cü il tarixdə saat 21:00 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsində “Tural Şadlıq sarayının” həyətində ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Tural Şadlıq sarayının” adminstratoru vəzifəsində işləyir, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Şirvan şəhərində toyda olmuşdur. Həmin gün polis əməkdaşları ona yaxınlaşmış, azyaşlıların toyu olduğunu bildirərək onlarla polis şöbəsinə getməsini bildirmişlər, o isə öz növbəsində heç bir etiraz etməyərək onlarla getmişdir. Polisin qanuni tələbinə əməl edərək, onlarla birlikdə polis şöbəsinə getmişdir. Heç bir günahı olmamasına baxmayaraq, onu polis bölməsində bir gecə saxlamışlar. Polis əməkdaşları onun saxlanmasını rəsmiləşdirmək üçün yalandan M.Ə.Rəsulzadə küçəsində “Tural şadlıq” sarayının həyətində səsküy saldığını bildirmişlər, saxlanılan zaman heç bir polis əməkdaşına tabesizlik göstərməmiş, itaətsizlik etməmiş, həmçinin ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 bildirdi ki, xx.xx.2023-cü il tarixində “Tural şadlıq” sarayı tərəfdə xidmətdə olmuşlar. Xidmətdə olduqları zaman bir nəfər şəxsin küçədə səs-küy saldığını görmüş, ona yaxınlaşmış, özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, onlara nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Həmin şəxsi Şirvan şəhər Polis şöbəsinə gətirmişdir. Növbətçi hissədə məlum oldu ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 08 may 2023-cü il tarixdə, saat 21:00 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsində “Tural şadlıq” sarayının həyətində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən 1 nəfər şəxsin ucadan səsküy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunun şahidi olmuşdur. Həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, onlara nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Həmin şəxsi Şirvan şəhər Polis şöbəsinə gətirmişdir. Növbətçi hissədə məlum oldu ki, həmin şəxs Şəxsdur. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2023cü il tarixində, saat 21:35-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 12:00-da azad edilmiş və bu barədə Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis Baş leytenantı X3 tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə ilk öncə polis qurumunun şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tərtib etdiyi protokol və ona əlavə edilmiş sənədlərdə, həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxsin ifadələrində kifayət qədər ziddiyyətlərin mövcudluğunu diqqətdən qaçırmır. İşin faktiki hallarından da məlum olduğu kimi Şəxs polisə hər hansı tabesizlik göstərməmiş, onların tələbi ilə polis şöbəsinə getmiş, izahat vermişdir. Şəxsin inzibatçısı olduğu bir restoranın həyətində heç bir səbəb olmadan səs-küy salaraq ictimai qaydanı pozması, həmçinin onu sakitləşdirməyə çalışan polis əməkdaşına tabesizlik göstərməsi inandırıcı olmamaqla, şəxsin öz ifadəsi ilə də təkzib olunur. Raportu tərtib edən polis əməkdaşından başqa iş üzrə şəxsin həqiqətəndə göstərilən vaxtda ictimai qaydanı pozması, sonra isə qərəzli hərəkətlərini davam etdirərək polisə müqavimət göstərməsini təsdiq edən heç bir sənəd, şahid, əlavə sübut mövcud deyil. Bütün şübhəli və ziddiyyətli məqamların şəxsin xeyrinə həll olunduğu halda isə Şəxs hərəkətləri polisə tabesizlik kimi qiymətləndirilə və o, təqsirli olmasını təsdiq edən heç bir tutarlı səbəb olmadığından inzibati qaydada məsuliyyətə cəlb edilərək tənbeh edilə bilməz. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar