Məhkəmə qərarları › İş №3(032)-591/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-591/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-591/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində X3 məxsus olan 100 manat pulu xırda talamaq yolu ilə mənimsəmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin və zərərçəkmiş şəxs X1 izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə ona pul lazım olmuş, o Şirvan şəhərində yerləşən "xxxx" ASC-nin yanında olan motor sexində getmişdir. Həmin vaxtı bir nəfər tanımadığı şəxs gəlmiş və 100 manatı xırdalamaq lazım olduğunu bildirmışdır. Sexi işlədən şəxs 100 manata xırda olmadığını bildirmişdir. Sonra o, həmin şəxsdən 100 manatı alıb xırdalayacağını demiş və 100 manatı alaraq çıxıb getmişdir. O, 100 manat pulu yeyib-içməyə xərcləmişdir. Əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Aytac” şadlıq sarayında toyda olmuş, həmin vaxtı 100 manat pulu xırdalamaq üçün Şirvan şəhərində yerləşən "xxxx" ASC-nin yaxınlığında məişət avadanlıqlarının təmiri sexinə getmiş, həmin sexdə sexi işlədən şəxsdən 100 manata xırda olub-olmamasını soruşmuş, lakin həmin şəxs 100 manata xırda olmadığını bildirmişdir. Həmin vaxtı sexdə olan bir nəfər tanımadığı şəxs 100 manatı mağazaya gedb xırdalayacağını bildirmiş, o da, pulu hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə vermişdir. Lakin onun pulunu xırdalamaq adı ilə götürən Sərhəd pulu ona qaytarmamışdır. Bundan sonra o, DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X1 şikayəti əsasında ona məxsus 100 manat dəyərində pulu xırdalamaq üçün naməlum şəxsə verməsi, lakin sonuncunun vədinə əməl etməməsi faktında X2 əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxs X3 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar