Məhkəmə qərarları › İş №3(032)-597/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-597/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-597/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul Quşçuluq Şirkəti MMC-də traktorçumaşinist işləyən, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci, 334.1-ci və 511.1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində 09 iyul 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 09 iyul 2024-cü il tarixdə saat 20.05 radələrində Şirvan şəhəri 1 May küçəsində nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan «Vaz 21074 » markalı ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. İnzibati xəta hadisəsinin olması 09 iyul 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, idarə etdiyi «Vaz 21063 » markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili yeni aldığından nəqliyyat vasitələrini idarə etmək hüququna dair sənəd almamışdır. Həmin gün idarə etdiyi avtomobil ilə avtoyuma məntəqəsindən çıxdıqdan sonra marketə gedərək spirtli içki almış, evə gedərkən avtomobildə nasazlıq olduğundan və avtomobilin təkərləri sürüşdüyündən sürtünmə səsləri çıxmışdır. Həmin vaxt o spritli içki qəbul etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq hesab edir ki, bu cür izahat özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 izahat verərək bildirdi ki, 09 iyul 2024cü il tarixdə saat 20.05 radələrində Şirvan şəhəri 1 May küçəsində xidmətdə olan zaman «Vaz 21074 » markalı ** MO *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardaraq, yüksək surətlə avtomobili idarə edərək yol hərəkəti qaydalarını kobudcasına pozmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək yol hərəkəti qaydalarını qərəzli şəkildə davamlı olaraq pozmuş və digər avtomobillərin hərkəti üçün təhlükə yaradaraq avtomobili idarə etmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən görünür ki, Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə avtomobilin hərəkətini davam etdirmiş və yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olmuşdur . İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 09604 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,353 % müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 511.1.3-cü maddələri ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə onun barəsində həmin maddənin sanksiyasının həddləri daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının həddləri daxilində müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul Quşçuluq Şirkəti MMC-də traktorçumaşinist işləyən , orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1-ci və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla barəsində 16 (on altı) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar