Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-601/2024 25.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin mühasibi X1 iştirakı ilə, Hüquqi ünvanı Şirvan şəhəri 1 May küçəsi bina 90 olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şirvan şəhəri 1 May küçəsi bina 90 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 65262123 nömrəli vaqonlar vasitəsi ilə gələn yüklər xx.xx.2024-cü il tarixli, **********7949 sorğu nömrəli Gömrük Bəyənnaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin 65262123 nömrəli vaqonla gələn mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məclləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsinin verilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında protokolda qeyd olunan xüsusatları etiraf edərək, iş çoxluğundan qısa idxal bəyannaməsini təqdim edə bilmədiklərini bildirmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. Belə ki, iş materiallarında olan BBGİ-nin “Abşeron” gömrük postundan daxil olmuş 00100-01548/24 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 65262123 nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 65262123 nömrəli vaqon vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 13:37 radələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, “Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:37 radələrində “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyənnaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla,mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında qərarında qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. O cümlədən yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, məlumatların elektron üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, iş yükü çox olduğundan qısa idxal bəyannaməsini verə bilməmişlər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edilərkən xətanın gömrük qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-601/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-601/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver