Məhkəmə qərarları › İş №3(032)-603/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-603/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-603/2023 18.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1962-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, AZE ********, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanda yaşayan, Şəxs, barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 18 may 2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Şirvan şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(032)-1778/2022 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə 6200 ABŞ dolları pul, vəkil xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat pulu ödəməməklə, icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(032)-1778/2022 nömrəli qətnaməsinə əsasən ondan 6200 ABŞ dolları pul, vəkil xidmət haqqı kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat tutularaq X4 ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq hazırda İİ qrup əlil kimi təqaüdçü olduğundan heç yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. Bu səbəbdən də icra sənədini birdəfəlik ödəyə bilmir. Onun təklif etməsinə baxmayaraq, tələbkar borcun hissə-hissə ödənilməsinə razı deyil. Onun maddi imkanı icra sənədi üzrə borcu birdəfəlik ödənilməsinə kifayət etmir. Hazırda da, borcundan 300 manat ödəniş etməyə hazır olsa da, tələbkar bunu qəbul etmir və borcun tam olaraq birdəflik ödənilməsini tələb edir. Sonda məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 6200 ABŞ dolları, 121 manat və 50 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri müvafiq qaydada icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs oğlu icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. İş üzrə borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 6200 ABŞ dolları, 121 manat və 50 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə dair icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraat başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs şəxsi məlumatlarından çıxarışdan görünür ki, Şəxs İİ dərəcəli əlilliyə görə 327,21 manat təqaüd alır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Belə ki, Şəxs Şirvan Şəhər Məhkəməsinin 2(032)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Əksinə tərəfin vermiş olduğu izahatından onun icra sənədi üzrə borcunu ödəmək niyyətində olduğu, lakin maddi vəziyyəti və səhəti (İİ qrup əlil olması) ilə bağlı həmin borcu birdəfəlik ödəməyi imkan xaricində olduğu halı aşkar edilmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar