Məhkəmə qərarları › İş №3(032)-607/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-607/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-607/2024 26.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Şəxs QSC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 11 iyun 2024-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şəxs QSC-nin Şirvan regional satış ofisi və anbarında planlı yanğın texniki müayinə zamanı YTQ01-2001; 8.4; 5.3; 5.2; 3.1-ci bəndlərinin tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs QSC-nin barəsində Muğan regional X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən 11 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, Şəxs QSC dərman vasitələrinin idxalı, topdan və pərakəndə satışı ilə məşğuldur. Tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən pozuntular qərəzlidir və həmin protokolla razı deyillər. Belə ki, bir binanın həcmi 5000 kub.m dən çoxdursa bu zaman ora su kranları təchiz edilməlidir. Bu həm onlara nazirliyin əməkdaşları tərəfindən şifahi olaraq bildirilmiş, həm də Fövqəladə Hallar Nazirliyinin saytında göstərilmişdir. Şəxs QSC-nin Şirvan filialının həcmi isə 2992 kub m-dir. O ki, qaldı təxliyə yollarının tutulması, təxliyyə qapılarının açıla bilməməsi, o cümlədən ştapellər arası məsafənin olmaması ilə razı deyillər. Ərazi təmizlənmiş, eyni zamanda təxliyyə olunması üçün məsafə saxlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Muğan regional X1 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki , Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Şəxs QSC-nin barəsində planlı (növbəti) yoxlama yəni yanğın texniki müayinə aparılması haqqında xx.xx.2024-cü il tarixli, 3274 nömrəli qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə 3274 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi . Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarına əlavə edilən və məhkəmə baxışında tədqiq edilən : 11 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Şəxs QSC-nin barəsində planlı (növbəti) yoxlama yanğın texniki müayinə aparılması haqqında xx.xx.2024cü il tarixli, 3274 nömrəli qərar qəbul etmişdir. Müayinənin müddəti 10-xx.xx.2024-cü il tarixi aralığında müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3274 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs QSC-nin Şirvan regional satış ofisində və anbarında aşkar olunmuş qanun pozuntuları olaraq - anbar hissəyə daxili yanğın su krantı ilə təmin olunmayıb: YTQ 01-2001.Bənd 8.4; - Anbar hissəsinin təxliyyə qapıları və yollarıartıq əşyalar maneələrlə tutulub. YTQ 01- 2001 bənd 5.3; - Anbar hissəni təxliyyə qapıları otaqlardan çıxışa doğru açılmayır. YTQ 01-2001 bənd 5.2; - Anbar hissədə ştapellər arası ara məsafələri bəzi hissələrdə gözlənilməyib. - Anbarın ərazisi quru alaq otlarından təmizlənməyib. YTQ 01-2001 bənd 3.1 Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli KY242110907 saylı çıxarışın surətindən görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı Şəxs QSC yoxlanılan təsərüffat obyektinin kodu, ünvanı və fəaliyyət növü Y34849 Şəxs QSC ofis “Şirvan şəhəri, H.Əliyev prospekti Ağ Saray şadlıq evinin sağ tərəfidir. Yoxlamanın müddəti (başlanma,sona çatma tarixi) xx.xx.2024-xx.xx.2024. Yoxlamanın tipi plan üzrə (növbəti) xx.xx.2024-cü il tarixli 3274 nömrəli yoxlama suallarının siyahısından görünür ki, qeyd edilmiş 3 bənd üzrə tələblər yerinə yetirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs QSC-nə məxsus Şirvan regional satış ofisi və anbarında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin yoxlanması ilə bağlı xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və yanğın təhlükəsizlik qaydalarına riayət edilməməsi aşkar olunmuş və bu barədə xx.xx.2024-cü il tarixdə 3274 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilmiş və bunun bağlı xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 4-cü bəndinə əsasən yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmitexniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi” Qaydalarının: 3.1-ci bəndinə əsasən yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır. 5.2-ci bəndinə əsaəsən köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər; 5.3-cü bəndinə əsasən köçürmə çıxışlarında köçürmə yollarında ( 5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq qadağan olunur. 8.4-cü bəndinə əsasən daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir. Məhkəmə qeyd edir ki, inzibati protokolda qeyd edilmiş pozuntular və onların protokolun tərtib edildiyi zaman mövcud olmasına dair qeyd olunanların qarşılığında inzibati orqan qanunamüvafiq icazə və əvvəlcədən məlumatlandırma aparmaqla yoxlama həyata keçirmiş, aşkar etdiyi pozuntuları fotoşəkil və akt tərtib etməklə protokoluna əlavə etmişdir. Şirkətin səlahiyyətli nümayəndələri isə nöqsanların mövcud olmamasına dair protokolda heç bir qeyd və etiraz etməmiş, bunun əksini təsdiq edən sübutlarını protokol tərtib edən orqana təqdim etməmiş, məhkəmə iclasında isə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi” Qaydalarının yalnız 3.1-ci bəndində qeyd olunan nöqsanın aradan qaldırıldığını təsdiq edən fotoşəkili məhkəməyə təqdim etmişdir. Hazırki vəziyyətdə məhkəmə hesab edir ki, inzibati protokolu tərtib etmiş orqan icraatı tam qanunauyğun şəkildə apararaq tərtib etmiş olduğu sənədin əsaslılığını sübuta yetirmişdir və şəxsin inzibati məsuliyyətə cəlb edilərək tənbehlənməsini aradan qaldıran heç bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şirvan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən Şəxs QSC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar