Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-608/2025 12.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Şirvan şəhəri, İ.Qayıbov küçəsi, ev 48-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs vətəndaş X3 məxsus 30 manat dəyərində yeyinti məhsulunuvə sonuncuya məxsus 30 manat dəyərində mobil telefonu gizli olaraq talamışdır. İnzibati xəta hadisəsinin olması 12 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 izahatları, sübutların qiymətləndirilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri qismən təsdiq edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən işdən çıxıb yaşadığı ünvana gəlmiş, avtomobildən düşdükdən sonra yaşadığı binanın qarşısında iki nəfər xanımın oturmasını görmüş, yaxınlaşıb binanın qarşısında niyə oturduqlarını soruşmuşdur. Həmin xanımlar tanışlarını gözlədiklərini bildirmişlər. Bundan sonra həmin yerə bir oğlan yaxınlaşmış, ondan qızların kim olmasını soruşduqda, birinin sevgilisi olmasını digərinin isə həmkəndlisi olmasını bildirmişdir. Sonra həmin oğlana taksi çağırmasını və qızları yola salmasını bildirmiş, bu sözündən sonra qızlar özləri getmişlər. Bundan sonra həmin qızların geyiminə görə oğlana irad bildirmiş, oğlan onu çay içməyə davət etmiş, o, razılaşmış və onların yaşadığı mənzilə getmişdir. Evǝ daxil olduqdan sonra orada qalan 3 nəfər oğlanla tanış olmuş, 10 manat pul vermişdir ki, şirniyyat alsınlar. Həmin oğlan yəni adını sonradan bildiyi Əzizğa adlı şəxs pulu götürməmiş, o, 10 manatı stolun üstünə qoymuşdur. Bundan sonra adını bilmədiyi 2 nəfər şəxs evdən çıxaraq şirniyyat almaq üçün getmişlər, digər iki nəfər isə evdə qalmışlar. Həmin şəxslərdən evə qız gətirib-gətirməmələrini soruşmuş, onlar belə bir şey olmadığını bildirmişlər, həmin şəxslərdən birinin dindar olmasını görüb ona dini suallar vermişdir. Sullara cavab verə bilmədiyi üçün onda şübhə yaranmış, sonra şirniyyat almağa gedən uşaqlar gəlmişlər və çay dəmlədikdən sonra birlikdə çay içǝ-içə söhbət etməyə başlamışlar. Sonra uşaqlardan birinin mobil telefonunu alıb evinə zəng vurub anasına idman paltarını hazırlamasını və bir neçə dəqiqədən sonra gəlib götürəcəyini söyləmiş, telefonu həmin şəxsə qaytarmış, uşaqlardan birinə onun üçün "Qədirxuma" getməyə şifariş taksi verməsini istəmiş və həmin şəxs onun dediyini etmişdir. Sonra sanitar qoğşağına getmiş, çıxan zaman eynəyinin olmamasını görmüş, onlardan eynəyinin harda olmasını soruşmuş, Əzizağaya evə baxmasını bildirmiş və evi tərk edib həyətə düşmüşdür. Bundan sonra eynəyini tələb etmiş, lakin həmin uşaqlar eynəyinin olmamasını bildirmişlər. Bundan sonra həmin taksi ilə mağazaya gedib siqaret almış, sonra yenidən onlardan eynəyini soruşduqda tapmadıqlarını bildirmişlər. Bundan sonra anasının verdiyi paltarlarla evə getmişdir. Səhər tezdən anasından eynəyinin gətirilib gətirilməməsini soruşmuş, anası gətirmədiyini bildirmiş, sonra həyətə düşmüş, həmin uşaqlardan biri Əzizağa yanına gəlmiş, eynəyi soruşmuş, Əzizağa eynəyin ǝvəzinə başqasını verəcəklərini bildirmişdir. O, həmin eynəyin tibbi eynək olmasını bildirmiş, sonra Əzizağa əlində olan mobil telefonu gətirmiş və telefonun 10-15 manat xərci olduğunu və düzəltdirib işlǝdməsini demişdir. O, həmin telefonu Əzizağadan almış, baxması üçün ustaya aparmışdır. Daha sonra Bakı şəhərinə getmiş, sonra atası ona zəng vurmuş və polis əməkdaşlarının onu axtardığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında otaq yoldaşı Əzizağa yaşadığı küçədə kollec yoldaşı ilə ayrılan zaman Şəxs ona yaxınalaşaraq onu sorğu sual edǝrǝk Oruc Əzizağa ilə birlikdə yaşadığı evə daxil olmuş, zalda əyləşib evdə olan yəni onu, Valehi, Əzizağanı zala çağırmışdır. Şəxs onlara evə qız gətirib gətirmədiklərini soruşmuş, onlar cavab olaraq bildirmişlər ki, gətirməmişlər. Bundan sonra Oruc çöl qapını bağlamalarını istəmiş, Valeh qapını bağlamış, sonra Oruc sanitar qovşağa getmiş və onları da, digər otağa keçirmişdir. Təxminən 10 dəqiqə qaldıqdan sonra sanitar qovşaqdan çıxmış, ona məxsus paltarları geyinmiş və ondan paltarı istədikdə, o, razı olmamışdır. Oruc onun paltarını çıxarmış, anasına zang vurmaq üçün telefon istəmiş, sonra Oruc Valehin telefonu ilə evlərinə zəng vurmuş və anası ilə danışdıqdan sona anası Oruca paltarı yollayacağını bildirmişdir. Bundan sonra birlikdə həyətə düşmüşlər. Oruc Əzizağaya evinin yerini göstərmiş və anasından paltarları alıb gətirməsini istəmişdir. Əzizağa gedib paltarları gətirdikdən sonra Oruc yolun ortasında paltarını dəyişmiş, sonra Oruc "Qədirxuma" getmək üçün "Bolt" taksi sifariş etmək üçün Valehin telefonundan istifadə etmiş, taksi gələnə qədər Oruc eynəyi olmaya-olmaya eynəyinin onlarda qalmasını bəhanə etmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat 03 radələrində taksi gəlmiş, Oruc taksiyə əyləşib getmiş, xx.xx.2025-ci il tarixdə Oruc yenidən onların evinə qayıtmış və zorla qapını döyüb açmaqlarını tələb etmiş, lakin, onlar Oruca qapı açmamışlar və Oruc çıxıb getmişdir. Bundan sonra səhər saat 9-da Oruc yenidən onların yaşadığı evə gəlmiş. Qapını döymüş, o, qapını Oruca açmamış, lakin, Oruc təkid ilə qapını açmağını tələb etmiş və qapının açılmadığını görüb çıxıb getmişdir. Bundan sonra həmin günü saat 09 radələrində dərsə getmiş, Pilağa imtahandan gəldikdən sonra paltarlarını götürüb qapını bağlamadan öz yaşadığı rayona getmişdir. O, dərsdən gəldikdən sonra qapının açıq olmasını görmüş, evə daxil olmuş, evin dağınıq vəziyyətdə olmasını görüb Valehin gəlməsini gözləmiş, Valeh gəldikdən sonra evə təzədən gedib birlikdə baxmir və özün maxsus dǝyǝri 30 manat olan yeyinti məhsulunun və İbrahimə məxsus dǝyǝri 30 manat olan işləməyən mobil telefonun oğurlanmasının şahidi olmuşdur. Daha sonra Valeh DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 30 manat maddi ziyan dəymişdir. Xahiş etmişdir ki, Şəxs onlara bir tələbə kimi rahat imkan yaratmır orada qalmaqları üçün, onları narahat edir. Tələbə olmaqlarına baxmayaraq yaşadığı ünvanın olmasından istifadə edərək həyatlarına müdaxilə edir, gecə və gündüz vaxtları yaşadıqları mənzilə gəlir və onlara məxsus ərzaq və geyim əşyalarını geyinərək çıxıb gedir. Onun bu əməllərindən artıq yorulmuşlar. X2 məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 12 iyun 2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati Protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında müraciətində bildirmişdir ki, şəxsin məhkəmə zalında davranışında və hərəkətlərindən də görünür ki, şəxs mənfi xarakterizə edilir. Ərazidə onun haqqında hədsiz şikayətlər və narazılıqlar vardır. Əvvəllər məhkumluq həyatı yaşamış olsa da islah olunmamış və ictimai qayda pozan davranışları təkrarlanır. Barəsində qanunamüvafiq olaraq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. İş üzrə toplanmış sübutlar və məhkəmə baxışında tədqiq edilmiş materiallardan aydın olur ki, Şəxs zərərçəkmiş şəxs X3 məxsus 30 manat dəyərində yeyinti məhsulunu və 30 manat dəyərində mobil telefonu gizli yolla mənimsəməklə xırda talama əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində xırda talama, yəni özgə əmlakının oğurluq, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə talanması inzibati xəta kimi nəzərdə tutulur. Həmin maddəyə görə, belə əməllərə görə ictimai işlər və ya zəruri hallarda inzibati həbs tətbiq oluna bilər. İş üzrə təqdim olunmuş zərərçəkmişin və şahidin ifadələri bir-birini tamamlayır, hadisənin ardıcıl məntiqi inkişafını göstərir və Şəxs özgə əmlakını gizli yolla ələ keçirdiyini inandırıcı şəkildə sübut edir. Hadisənin baş verdiyi şərait və ardıcıl davranış forması — yəni Orucovun mütəmadi şəkildə həmin ünvana gedib orada yaşayan şəxsləri narahat etməsi, onların etibarından istifadə etməsi, gecə vaxtı mənzilə dəfələrlə qayıtması və son olaraq ərzaq və mobil telefonun yoxa çıxması – əməldə qəsdin mövcudluğunu göstərir.Bundan başqa, zərərçəkmiş tələbə şəraitində yaşadığını, maddi zərərin onun üçün əhəmiyyətli olduğunu bildirmişdir. Şəxs əməlləri sadəcə hüquqa zidd deyil, həm də ictimai münasibətləri pozan və ictimai narahatlıq yaradan davranış forması nümayiş etdirmişdir. O, əvvəllər də həmin şəxslərə məxsus paltarları geyinərək yaşadığı mənzildən çıxmış, şəxsi əşyalara qanunsuz müdaxilə etmişdir. Bu hallar təkcə əmlakın gizli mənimsənilməsi deyil, onların həyat tərzini pozma və sonda oğurluqla nəticələnən sosial təhlükəli davranış forması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, onun dörddə birindən az olmaması nəzərdə tutulur. Bununla yanaşı, Məcəllənin 227-ci maddəsinə əsasən, işin hallarına və xətanı törədənin şəxsiyyətinə görə ictimai iş cəzası yetərli olmadıqda, üç ayadək inzibati həbs tətbiq edilə bilər. İş üzrə təqdim olunmuş hallardan görünür ki, Şəxs sosial münasibətləri pozan davranış nümayiş etdirmiş, zərərçəkmişlərin həyat şəraitini və təhlükəsizliyini təhdid etmiş, öz əməlindən peşmanlıq göstərməmiş və məsuliyyətdən yayınmağa çalışmışdır. Bunları nəzərə alaraq, Şəxs barəsində inzibati həbs cəzasının tətbiq edilməsi onun törətdiyi xətaya adekvat, həm tərbiyəedici, həm də ümumi preventiv məqsəd baxımından zəruri və qanuni hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın mülkiyyət əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 iyun 2025-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-608/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-608/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver