Məhkəmə qərarları › İş №3(032)-61/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-61/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-61/2025 17.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Vəkil, iştirakı ilə, xx.xx.2005-ci ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Samuray firmasında operator işləyən, Kəlbəcər rayonu Kərəmli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsi İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2025-ci il tarixdə sevdiyi xanım Xədicə Qafarovanı görmək üçün Şirvan şəhərinə gəlmiş, dostu X1 şəhərini tanıdığından onunla görüşmüşdür. Xədicə Qafarova ilə görüşən zaman o darıxıdığından ağlamış, o da xanımı qucaqlamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq nə baş verməsini soruşmuş, onlar da məsələni izah etmişlər. Lakin polis əməkdaşları onun tərəfindən xanıma təzyiq göstərildiyini bildirilmiş, o da Xədicə Qafarova ilə sevgili olduqlarını, Xədicənin ondan ötrü darxıdığı üçün ağlamasını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onların polis şöbəsinə getməli olduqlarını bildirdiyindən onlar polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə getmişlər. Şirvan şəhər polis şöbəsində olarkən polis əməkdaşı Kənan və digər iki polis əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qalmışdır. O, məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 bildirdi ki, Şəxs onun sözlüsüdür. xx.xx.2025-ci il tarixdə saat 15.00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində onunla görüşmüşlər, ilk dəfə onu görəndə ağladığından ətrafda olan polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları hesab etmişlər ki, Şəxs və dostu onu qaçırmağa gəlmişlər. Onlar polis əməkdaşlarına məsələni izah etsələr də , polis əməkdaşları onlara inanmayaraq onları polis şöbəsinə dəvət etmişlər, onlar da polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən Şəxs və dostunun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olarkən 3 nəfər şəxsin ucadan səs-küy salaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdiyini görmüşlər. Belə ki, o bildirmişdir ki, Şəxs X3 ilə mübahisə etmişlər, həmin vaxt orada polis əməkdaşları və mülki şəxslər olmuş, onlar təhqiramiz ifadələr işlətməslər də ucadan səs-küy salmışlar. Onlara yaxınlaşıb özlərini təqdim edərək nizam-intizama dəvət etsələr də onlar öz hərəkətlərini davam etdirdikləri üçün polis şöbəsinə gətirilmişlər. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərləri İlkin Əliyev və Fərman Abıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olarkən 3 nəfər şəxsin ucadan səs-küy salaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz hərəkətlərini davam etdirdikləri üçün tərəflərindən polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər X5, Şəxs və X2r. Şirvan şəhər Polis Şöbəsində ona qarşı hər hansı fiziki zorakıllıq hallarına yol verilməmişdir. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXMnin 510 və 535.1-ci maddələri üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Bu halların mövcud olması isə sübutlara istinadən qəbul olunmalı olduğu qənaəti baxımından isə bu hallar sübuta yetirilməmişdir. Belə ki, şahid ifadə verən zaman belə ətrafda barəsində icraat aparılan şəxsdən, onun yanında olan dostundan başqa heç kimin olmadığını, telefonla danışan zaman hadisənin baş verdiyini qeyd etmiş və konkret hansı təhqiramiz ifadələr işlətdiyini məhkəmə iclasında səsləndirə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin iş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti (ictimai qaydanı pozan hərəkətlərə yol verilməsi) ətraflı göstərilməmişdir. Polis Şöbəsinin PPXB-nin polis nəfərləri İlkin Əliyev və Fərman Abıyev tərəfindən tərtib edilmiş raportda Şəxs nizam-intizama dəvət edilməsi, polisin qanuni tələbinə tabe olmaması qeyd edilmişdir. Həmin raportdan aydın olmur ki, şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunmuşdur. Məhkəmə iclasında isə polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis bölməsinə gəldiyi müəyyən edilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş qanuni tələblərə tabe olmaması ilə bağlı təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə sonuncunun təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar