Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-62/2025 17.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, dostu Əlinin əvvəllər tanış olduğu Xədicə adlı xanım ilə görüşmək üçün onunla Şirvan şəhərinə getməsini xahiş etmişdir. Birlikdə Şirvan şəhərinə gəlmişlər. Əli Xədicə ilə parkda qucaqlaşan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Onlara özünü mühafizə işçisi kimi təqdim etmək əvəzinə səhvən polis əməkdaşı kimi təqdim etmişdir. Bu zaman polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə könüllü olaraq polis şöbəsinə gəlmiş, onların hər hansı tələblərinin ziddinə getməmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X6 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan zaman 3 nəfər şəxsin ucadan səs-küy salaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdiyini görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmiş və nizam-intizama dəvət etmişlər. Lakin onlar öz hərəkətlərini davam etdirdikləri üçün tərəflərindən polis şöbəsinə gətirildilər. Orada məlum olmuşdur ki, həmin şəxslər Şəxs, X9 və X1r. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, X3 və Humanitar Kollecinin 1-ci kurs tələbəsidir. 1 aydır ki, Əli Həsənli ilə tanışdırlar. Bu gün onunla görüşməyə gəlmiş, aralarında mübahisə yaranmış və Əli Həsənli onun qolundan tutmuşdur. Bunu görən polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər.Həmin ərəfədə Əli də onlarla olduğu üçün onu da polis şöbəsinə gətirmişdirlər. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında 17 yanvar 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-da Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş olan protokol üzrə şəxsin İXM-nin 510 və 535.1-ci maddələri üzrə təqsiri iş materialları ilə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların mövqeyindən çıxış edəndə hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Bu halların mövcud olması isə sübutlara istinadən qəbul olunmalı olduğu qənaəti baxımından isə bu hallar sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş raportda Şəxs nizam-intizama dəvət edilməsi, lakin o öz əməlini qəsdən davam etdirərək xidməti fəaliyyətlərinə mane olaraq, polisin qanuni tələbinə tabe olmaması qeyd edilmişdir. Həmin raportdan aydın olmur ki, şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis bölməsinə gəldiyi müəyyən edilmiş, habelə sonuncu şəxs səs-küy salmamış, ictimai qaydanı pozmayaraq cəmiyyətə qarşı hörmətsizlik etməmişdir. İş üzrə şahid ifadələri və barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadələrindən də görünür ki, toplanmış material üzrə şəxsin əməlləri ilə inzibati xətanın tərkib əlamətlərini ehtiva etmir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş qanuni tələblərə tabe olmaması ilə bağlı təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-62/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-62/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver