Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-626/2025 17.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1964-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə Şirvan ŞPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 14:30-da X2 icarəyə götürdüyü Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Fitatoğlu” çay evinə yenicə daxil olmuş və X3 və adını sonradan bildiyi X1 əyləşdiyi masaya yaxınlaşdıqda Furqan onu çay içməsi üçün masaya dəvət etmiş, masada 2-3 dəqiqə oturduqdan sonra Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları içəri daxil olmuş, onu və Elvin Mirzəyevi narkotik vasitənin təsiri altında olduqlarından şübhələndikləri üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Əvvəllər heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Özü 2-ci qrup əlildir və müharibə veteranıdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X4 məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edərək hüquqlarını müdafiə etdiyi şəxsin nakotik vasitə istifadəçisi olmadığını, habelə ekspeert rəyində nə vaxtsa narkotik vasitədən istifadə edilməsi xüsusatının qeyd edilməsinin hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsasın olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 2647 nömrəli rəyində göstərilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində AMP(+), MET(+), THC(+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədi ilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi və ya istifadəsi inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusudur. İş üzrə təqdim olunmuş sübutların, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünsə də ki, Şəxs sidik nümunəsində bəzi narkotik maddələrin izlərinə rast gəlinmişdir, həmin ekspertiza rəyi bu maddələrin nə zaman, harada, hansı şəraitdə və necə qəbul edildiyini müəyyən etmir. Məcəllənin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu üçün aşağıdakı hallar mütləq müəyyən olunmalıdır: narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi və ya istifadə edilməsi faktı, bu əməlin şəxsin iradəsi ilə baş verdiyinə dair sübutların olması, həmin hərəkətin konkret zaman və məkanda törədilməsi barədə obyektiv və yoxlanıla bilən məlumatlar. Halbuki:
1. İş materiallarında Şəxs üzərində, əşyasında və ya istifadə etdiyi hər hansı ərazidə narkotik vasitə aşkarlanmayıb;
2. Onun narkotik vasitəni konkret nə vaxt və harada istifadə etməsi müəyyən edilməyib;
3. Təqsirləndirilən şəxs narkotik istifadəsini inkar etmiş, əksinə onun çay evinə təsadüfən daxil olduğu və sadəcə 2-3 dəqiqə əyləşdiyi göstərilmişdir;
4. Cinayət işi başlanmasının rədd edilməsinə dair qərar da göstərir ki, faktlar yetərincə olmadığından hətta cinayət yox, inzibati məsuliyyət üçün belə hüquqi tərkib sual altındadır;
5. Ekspert rəyi yalnız şəxsin orqanizmində maddənin qalıqlarını müəyyən etmişdir, lakin həmin maddələrin qanunsuz şəkildə, şəxsi istehlak məqsədi ilə əldə edilməsini, daşınmasını və ya istifadə edilməsini sübuta yetirmir. Əlavə olaraq, ekspert rəyində narkomaniya xəstəliyinin mövcudluğu və ya təkrar istifadə halları aşkarlanmayıb, yalnız nə vaxtsa istifadəyə dair ehtimal xarakterli tibbi nəticə yer almışdır. Lakin inzibati məsuliyyətin tətbiqi ehtimala deyil, dəqiq və müəyyən edilmiş hüquqi faktlara əsaslanmalıdır. Qanunvericiliyin “qanunsuz istifadə” ifadəsini işlətməsi, həmin istifadəni şəxsin hüquqa zidd hərəkəti kimi və konkret sübuta əsaslanan formada müəyyən edilməsini tələb edir. Əgər bu sübutlar konkret deyil və yalnız texniki iz qalıqları ilə məhdudlaşırsa, şəxsin təqsiri hüquqi cəhətdən sübuta yetirilmiş hesab oluna bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işdə olan sübutlarla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Əli İmanov