Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-635/2025 20.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan Şəhər Məhkəməsinə 18 iyun 2025-ci il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə, toplanmış materialın Şirvan Şəhər Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 124.1-ci maddəsinə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur. Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi). Belə ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Digər əsaslarla yanaşı inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar ilə yanaşı inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi və s. göstərilir. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 99.4.2, 100.1, 100.1.4, 100.1.5, 100.1.10 və 101.1-ci maddələri). Həmin Məcəllənin 102.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır (İnzibati Xətalar Məcəlləsinin 102.2, 102.4 və 111.1-ci maddələri). Beləliklə, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti - inzibati xətaya dair işə baxılması mərhələsində vacib prosessual sənəddir. Bu baxımdan həmin Məcəllənin 100.1.4-cü maddəsinə müvafiq olaraq inzibati xətanın törədildiyi yerin müəyyən edilərək protokolda düzgün əks etdirilməsi gələcəkdə baxılacaq inzibati xətaya dair işin ərazi üzrə aidiyyəti məsələsinin qanuniliyini şərtləndirən həlledici hal kimi çıxış edir. Belə ki, bu əməllər həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Davam edən və uzanan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsinin hüquqi əsasları ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). Yuxarıda qeyd edilənlərə və AR İXM-nin 529.3-cü maddəsinin dispozisiya şərtindən də görünür ki, həmin xəta hərəkətsizliklə törədilən inzibati xətadır, həm də uzanan inzibati xəta olaraq müəyyən edilmişdir. Odur ki, uzanan inzibati xəta olan 529.3-cü maddədə qeyd edilmiş xəta bilavasitə hakimiyyət orqanları tərəfindən müəyyən edilməklə aşkara çıxarılmış və qarşının alınması məqsədilə müvafiq qərarın qəbul edilməsi üçün məhkəmə orqanlarına göndərilmişdir. Plenum qərarının mövqeyinə əsasən inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, yəni qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş məlumat bazasından edilmiş çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvandadır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvan 1 ünvanda qeydiyyatda olduğundan və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə göndərilməsi üçün onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim : Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-635/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-635/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver