Məhkəmə qərarları › İş №3(032)-64/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-64/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-64/2025 28.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar əsasında tətbiq edilmiş 300 manat məbləğində cərimə cəzasının silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus “Mercedes Benz” markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus minik avtomobili vardır. İşi ilə əlaqədar olaraq tez-tez həmin avtomobillə Bakı şəhəri və digər rayonlara səfərlər edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 324.3-cü maddəsinin tələbləri pozulduğuna görə 300 manat məbləğində cərimə edilmişdir. Halbuki törədilmiş inzibati xətanını qanunsuzluğu ona görədir ki, o, özünə məxsus mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğul olmur. Həmin gün isə bir neçə nəfər ailə üzvləri avtomobildə olmuşdur. Həmin şəxsləri sərnişin olaraq qiymətləndirib ona cərimə inzibati tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 həmçinin izahatında bildirmişdir ki, “Mercedes Benz” markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus özünə məxsusdur. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olmur. Həmin gün ailə üzvləri də avtomobildə olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsi məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X3 idarə etdiyi “Mercedes Benz 313” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusla buraxılış vəsiqəsi olmadan sərnişindaşıma fəaliyyəti həyata keçirdiyindən Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmənin baxılan şikayətlə əlaqədar mövqeyi və əsaslandığı hallar: X3 barəsində tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olmasını onunla əsaslandırmışdır ki, özünə məxsus mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğul olmur. Həmin gün isə bir neçə nəfər ailə üzvləri avtomobildə olmuşdur. Qeyd olunan halların təkzib edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsi məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasında iştirakı tələb edilmiş, lakin tərəf kimi iştirak etməmiş və şikayətlə bağlı aparılmış icraatın nəticələrini və lazımı halları özündə əks etdirən sənəd və sübutlar, habelə müvafiq protokol məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən X3 idarə etdiyi “Mercedes Benz 313” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğul olması sübuta yetirilməmiş və həmin gün ailə üzvləri ilə birlikdə avtomobildə olması digər hallarla təkzib edilməmişdir. Məhkəmə hesab edir ki, şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsilə öz ailə üzvlərini daşıması hazırki halla bağlı inzibati xəta predmeti olması halını özündə ehtiva etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və ona yazılmış 300 manat məbləğində cərimə silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində X1 Şirvan Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və ona yazılmış 300 manat məbləğində cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar