Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-66/2024 13.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Qərarından şikayət edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Nümayəndə iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilməsi ilə bağlı qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Bala-Həşimxanlı kəndi yaxınlığında 49.75 ha örüş sahəsi icarə müqaviləsi əsasında istifadəsindədir. Qeyd edilən torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Torpaq sahəsinin yerləşdiyi iqlim şəraiti örüş sahəsi üzrə heyvanları yaşıl yemlə təmin edilməsi, otlaq sahəsinin zəif olması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əsasən yem üçün əkin sahəsindən istifadə edilmişdir. Həmin Qaydaların 26-cı bəndinə əsasən quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə və ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsi tərəfindən inzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə saat 10:30-da baxılması barədə yaşadığı ünvana xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Lakin qeyd edilən bildiriş ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Qeyd edilən bildirişlə birlikdə zərfdə inzibati xəta haqqında MN ******* nömrəli protokol əlavə edilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli protokola əsasən guya izahatında bol məhsul əldə edilməsi və daha səmərəli istifadə etmək məqsədi ilə bu işlərin tərəfindən görülməsi qeyd edilmişdir. Halbuki, onun inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatı olmamış, tərəfindən əkin işlərinin aparılması barədə heç bir izahat verilməmişdir. Barəsində İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 bildirdi ki, onun tərəfindən icarəyə verilmiş olan 49,75 ha. torpaq sahəsində “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda nəzərdə tutulmuş həcmdə yaşıl yem üçün arpa əkini altında istifadə etmişdir. Lakin onun barəsində tərtib edilmiş olan inzibati tənbeh tədbirinin seçilməsi barədə qərarda onun 6 ha. torpaq sahəsində əkin aparıldığının müəyyən edildiyi qeyd edilmişdir. Bu halı hansı əsaslarla və hansı avadanılqlarla müəyyən edildiyi ona məlum deyildir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Nümayəndə izahatında şikayətin əsassız olduğunu hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 39 nömrəli sərəncamından görünür ki, X2 torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 49,75 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icra müqaviləsindən görünür ki, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 39 nömrəli sərəncamına uyğun olaraq 49,75 ha torpaq sahəsi X2 icarəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin X2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə ünvan 2sində keçirilən maritorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətaya yol verildiyi inzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə saat 10:30-da baxılacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda Sabirabad rayonu Bala Həşimxanlı kəndi yaxınlığında dövlət ehtiyat fondu ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı örüş uqodiyalı torpaq sahəsində icarədə olan 49,75 ha torpaq sahəsinin 6 ha hissəsində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edərək əkin (taxıl) işləri aparıldığının müəyyən edilməsilə bağlı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabirabad rayonu Bala-Həşimxanlı kəndi yaxınlığında icarəsində olan 49.75 ha örüş torpaq sahəsinin 6 ha hissəsində əkin işlərinin aparılmasına görə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X6 tərəfindən 23 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 qərarla Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad X5 Bitkiçilik sektorunun xx.xx.2024-cü il tarixli, 3-22-3-54/2-126/2024 nömrəli rəyində göstərilmişdir ki, istifadədə olan 49.75 ha torpaq sahəsinin bir çox müxtəlif hissələri uzunluğuna şumlanmış, malalanmış və iki cərgəli arpa toxumu səpilmişdir. Səpilmiş sahələrin aralığında qalmış torpaq sahələri qarışıq təbii ot örtüyü biçilməmişdir. Əkin aparılmış hissələrin konqifurasiyaları qeyri-müəyyən olduğu, həmçinin təbii ot örtüyü inkişaf etmiş arpa bitkisi qarışdığından arpa əkinin ümumi sahəsini müəyyən etmək mümkün olmamışdır. İstifadəyə verilmiş torpaq sahəsinin ətrafında icarədara mənsub heyvan ferması müəyyən edilməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməbioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 iyul 2024-cü il tarixli, 3-16-16/2- 7/915 saylı ekspert rəyində göstərilmişdir ki, Şirvan şəhər Məhkəməsinin mülki iş materiallarında olan (səhifə 59) 20 may 2024-cü il tarixli, 3-22-3-54/2-126/2024 nömrəli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Sabirabad X5 Bitkiçilik sektorunun rəyinə əsasən X1 icarəsinə ayrılmış 49.75 ha torpaq sahəsinin bir çox müxtəlif hissələri uzunluğuna şumlanmış, malalanmış və iki cərgəli arpa toxumu səpilmişdir. Səpilmiş sahələrin aralığında qalmış torpaq sahələri qarışıq təbii ot örtüyü biçilməmişdir. Əkin aparılmış hissələrin konqifurasiyaları qeyri-müəyyən olduğu, həmçinin təbii ot örtüyü inkişaf etmiş arpa bitkisi qarışdığından arpa əkinin ümumi sahəsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Həmçinin “Yay və qış otlaqlarından, örüş sahələrindən və biçənəklərdən istifadədə Qanunvericiliyə əməl edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə və ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 39 nömrəli sərəncamı ilə X2 torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 49,75 ha torpaq sahəsi verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad rayonu Bala-Həşimxanlı kəndi yaxınlığında icarəsində olan 49.75 ha örüş torpaq sahəsinin 6 ha hissəsində əkin işlərinin aparılmasına görə X3 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 500 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyinə əsasən X1 icarəsinə ayrılmış 49.75 ha torpaq sahəsinin bir çox müxtəlif hissələri uzunluğuna şumlanmış, malalanmış və iki cərgəli arpa toxumu səpilmişdir. Səpilmiş sahələrin aralığında qalmış torpaq sahələri qarışıq təbii ot örtüyü biçilməmişdir. Əkin aparılmış hissələrin konqifurasiyaları qeyri-müəyyən olduğu, həmçinin təbii ot örtüyü inkişaf etmiş arpa bitkisi qarışdığından arpa əkinin ümumi sahəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirliliyini sübuta yetirmək yüklülüyü isə inzibati aktı qəbul etmiş orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı və ekspert rəyi ilə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən Bahəddin Cəfərovun icarəsində olan 49.75 ha torpaq sahəsinin 6 ha hissəsində təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edərək əkin (taxıl) işlərinin aparılması müəyyən edildiyi əsas götürülsə də, lakin bunu sübuta yetirə biləcək heç bir yoxlama aparılmamışdır. Əksinə iş üzrə təyin edilmiş ekpert və mütəxəssis rəyinə əsasən səpilmiş sahələrin aralığında qalmış torpaq sahələri qarışıq təbii ot örtüyü biçilmədiyi, əkin aparılmış hissələrin konqifurasiyalarının qeyri-müəyyən olduğu, həmçinin təbii ot örtüyü inkişaf etmiş arpa bitkisi qarışdığından arpa əkinin ümumi sahəsini müəyyən etmək mümkün olmadığı aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 icarəsinə ayrılmış 49.75 ha örüş torpaq sahəsinin 6 ha hissəsində əkin işlərinin aparılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X1 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun əsassız olaraq, inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Həmçinin iş üzrə aparılmış araşdırma zamanı inzibati qərar qəbul etmiş orqanın məhkəməyə təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işə baxılması barədə X2 bildiriş ünvanlandığı görünsə də, həmin bildirişin sonuncuya təqdim edilməsi inzibati işin materiallarından aşkar edilməmişdir. Eyni zamanda tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda X1 izahatında “bol məhsul əldə etmək və daha səmərəli istifadə etmək məqsədi ilə bu işləri görmüşəm” qeyd ediləsə də, tərtib edilmiş olan protokol X3 tərəfindən imzalanmamış, nə də ki, imza etməkdən imtina etməsi ilə bağlı qeydlər aparılmamışdır. Qeyd edilən hallar da özlüyündə inzibati xəta haqqında iş üzrə icraatın aparılması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiə və sübutetmə hüquqlarının pozulması kimi qiymətləndirilməsinə rəvac verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X6 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ ******* saylı qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-66/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-66/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver