Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-705/2025 16.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” X2 Telemexanika İdarəetmə şöbəsinin 5 saylı sexin rəisi Şəxs, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X1, xx.xx.1958-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin "xxxx" MMC-də sahə rəisi işləyən , ünvan 1 ünvanında yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən tərtib olunmuş Şirvan şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında Şirvan şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs - Şəxs “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” EİM-nin Telemexanika idarə etmə şöbəsində 5 saylı sexin rəisi vəzifəsini icra edərkən texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydaları riayət edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxs kimi "xxxx" MMC-nin baş mühəndisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Sex rəisinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə Təlimatı”na uyğun olaraq işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasının norma və qaydalarına riayət etməsinə nəzarət etməli, həmin qaydalara riayət etməyən işçilər barəsində tədbir görməli olduğu halda, həmin qaydalara riayət edilməsinə nəzarəti lazımi səviyyədə həyata keçirməməklə müvafiq qaydalara riayət etməyən işçi barəsində heç bir tədbir görməmiş, nəticədə sexin operatoru Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə sexin qarşısında saxlanılmış avtomobilin yük bölməsindən yeşiklərin boşaldılması işini görərkən yüngül xəsarət almış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Şirvan şəhər prokurorluğunun nümayəndəsinin və şahidlərin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” X2 Telemexanika İdarəetmə şöbəsinin 5 saylı sexin rəisi Şəxs izahat verərək bildirdi ki, baş vermiş hadisə ilə əlaqədar onun heç bir təqsiri yoxdur. Belə ki, onun tərəfindən işçilərə vəzifə təlimatı izah olunmuşdur. Hadisə vaxtı oğlunun səhhətində nasazlıq olduğundan evə getmişdir. Evdə olan zaman işdən ona məlumat vermişlər ki, işçi xəsarət almışdır. Hesab edir ki, işçi tələsdiyindən və işi tez bitirmək istədiyindən bu hadisə baş vermişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X3 məhkəmə iclasında qərarı müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Zərərçəkmiş şəxs məhkəmə bildirişi verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, ərizə göndərərək baş vermiş hadisə ilə əlaqədar onun heç bir şikayətinin olmamasını bildirmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, "xxxx" MMC-də presləyici vəzifəsində işləyir. Hadisə baş verən zaman sex rəisinin təlimatına əsasən o, Gülasəf və Cavanşir yeşikləri boşaltmışlar, həmin vaxt onlardan başqa iki nəfər adam da olmuşdur. Anabrda yükləri boşaldan zaman səsə çıxmışlar ki, Murad adlı işçinin başına taxta yeşiklərin düşdüyünü və nəticədə onun başının qan olduğunu gördülər. İşləyən zaman onlar xüsusi geyimdə olmuşlar, lakin baş geyimi olmamışdır. Hər ay onlara təhlükəsizliklə bağlı təlimat keçirilir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, "xxxx" MMC-də 8 saylı sexdə yığıcı vəzifəsində işləyir. Sex rəisi Vüsal Səmədovun təlimatına əsasən o, Namiq və Cavanşir digər sexə gedərək yeşikləri boşaltmışlar, həmin vaxt onlardan başqa iki nəfər uşaq da olmuşdur. Həmin şəxslər yeşikləri onlara vermiş, onlar da həmin yükləri içəri daşımışlar. Yükləri içəri yığan zaman səsə çıxmışlar ki, Murad adlı işçi başından xəsarət almışdır. İşləyən zaman onlar xüsusi geyimdə olmuşlar, lakin baş geyimi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, "xxxx" MMC-də presləyici vəzifəsində işləyir. Sex rəisləri Vüsal və Toğrul tərəfindən verilmiş tapşırığa əsasən digər sexə gedərək maşından yükləri boşaltmışlar. Onlar yükləri otağa daşıyan zaman hadisə baş vermişdir. Onlar anbarda olan zaman səs gəlmiş, çıxdıqda Murad adlı işçinin başına taxta yeşiklərin düşdüyünü və nəticədə onun başından xəsarət aldığını gördülər. Orada işləyən zaman onlar xüsusi geyimdə olmuşlar, lakin onlarda baş geyimi olmamışdır. Ümumiyyətlə, qanunvericiliklə də onlar baş geyiminin olması nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş : Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 83C-25 saylı araşdırma material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2025-ci il tarixli 10/3222 №-li rəyinin surətindən görünür ki, qərarın birinci sualı üzrə; baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 2.10 bəndinin və "xxxx" MMC-nin “Sex rəisinin vəzifə təlimatı”nın 3.1, 3.4, 3.5 bəndlərinin tələbləri pozulmuşdur. qərarın ikinci sualı üzrə; Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” EİM-nin Telemexanika idarəetmə şöbəsinin 5 saylı sexinin qarşısında saxlanılmış avtomobilin yük bölməsindən yeşiklərin boşaldılması işinin təhlükəsiz aparılması, konkret halda yüklərin (yeşiklərin) dayanıqlı vəziyyətdə yığılmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 3.1, 3.4, 3.5 bəndlərinin və “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 2.10 bəndinin tələbləri "xxxx" MMCnin sex rəisi tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli 214 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – baış sol təpə nahiyəsində şişkinlik-hematoma-küt əşya təsirindən törənmiş , 21 arel 2025-ci il tarixdə taxta qutuların başına zərblə çırğılması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli 215 №-li rəyinin surətindən görünür ki, Şahid1 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs Şirvan şəhər prokurorluğuna verdiyi xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, o, 26 avqust 2024-cü il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” EİM-nin Telemexanika idarə etmə şöbəsində 5 saylı sexdə operator işləyir. İşlədiyi sexdə qumbara atan silahının mərmiləri hazırlanır. O, həmin sexə işləri öyrənmək üçün təhkim olunmuşdur. Onun işi istehsalat prosesini izləməkdən və həmçinin öyrəndiklərini tətbiq etməkdən ibarətdir. 21 aprel 2025-ci il tarixdə, saat 15 radələrində sex rəisi Əlifaiz Şükürov onu və iş yoldaşı Şahid1 yanına çağırıb sexin arxa tərəfində yük avtomobilinin yük yerindəki taxtadan olan mərmi yeşiklərini sexin anbarına daşımağımızı tapşırmışdır. O və Şahid1 sexin arxasında anbarın qarşısında saxlanılan “Mercedes Atego” markalı, ağ rəngli, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən taxta yeşikləri aşağı düşürtməyə başlamışlar. Yeşiklər təzə laklandığı üçün bir-birinə yapışmış halda idi və avtomobilin yük yerində üstüstə tavana dəyəcək qədər hündürlükdə düzülmüşdülər. O və Şahid1 avtomobilin yük yerinə çıxıb yeşikləri çöldə duran digər üç nətər adlarını bilmədiyi şəxslərə vermişlər, onlar yeşikləri onlardan alıb anbarda düzürmüşlər. Onların üstdə düzülən yeşikləri götürməyə boyları çatmadığı üçün ayaqlarının altına yeşiklər qoyurmuşlar. Bu zaman iş yoldaşı Şahid1 yeşiklərdən birini çəkən zaman iki cərgə üst-üstə yığılmış yeşiklər onların ikisinin üstünə yıxıldı. Həmin zaman yeşiklər onun baş və kürək nahiyəsindən dəydiyi üçün o yerə yıxılmış və özündən getmişdir. Həmçinin yanında olan Şahid1 də boyun xəsarət almış və özündən getmişdir. Bildiyi qədər çöldə işləyən digər şəxslərdə xəsarət almışdır. Bundan sonra ona və Şahid1 su vermişlər və onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar, xəstəxanada təxmini olaraq 3-4 saat müayinələrdən keçdikdən sonra evə buraxılmışlar. Sual: Siz işləyən zaman xüsusi geyimlərdən istifadə edirsinizmi? - Cavab: Sual mənə aydındır. Bildirirəm ki, biz sex tərəfindən iş geyimi ilə təmin kəndi olunmuşuq və hadisə baş verən vaxt əynimizdə iş paltarı olmuşdur. Bizim iş paltarı parçadan şalvar və köynəkdir və ayaqqabı ilə təmin olunmuşuq. Avtomobildən yeşikləri düşürdəndə əlimizdə əlcək və başımızda kaska olmamışdır. Sual: Sizə gündəlik təhlükəsizliklə bağlı təlimat keçirilirmi və kim tərəfindən keçirilir? - Cavab: Sual mənə aydındır. Bizə gündəlik olaraq təhlükəsizliklə bağlı təlimatı sex rəisi Əlifaiz Şükürov keçir və biz bu barədə müvafiq sənədlərə qol çəkirik, həmçinin hadısə baş verən gündə bizə təhlükəsizlik qaydaları izah edilmişdir. Sual: Yük avtomobilindən yeşikləri yerə düşürtmək və yığmaq Sizin vəzifə təlimatınızda vardırmı, siz bu işlərə cəlb edilə bilərsinizmi və buna görə Sizə təhlükəsizlik qaydaları izah edilmişdirmi?- Cavab: Sual mənə aydındır. Mənim və digər şəxslərin yük daşıması barədə hər hansı vəzifəmizin olub olmadığını bilmirəm və mənə bu barədə təhlükəsizlik təlimatı keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) XXİ fəslinə aid edilmiş İXM-nın 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır. 13 yanvar 2022-ci il tarixli "xxxx" MMC-nin “Sex rəisinin vəzifə təlimatı”nın 3.1-ci, 3.4-cü 3.5-ci bəndlərinə əsasən sex rəisinin ƏM, TT və YMX qaydaları üzrə vəzifələri aşağıdakı kimi müəyyən edilmişdir: işlərin düzgün təşkili və təhlükəsiz aparılmasını, avadanlıqların, mexanizm və alətlərin, nəzarət ölçü cihazları və mühafizə vasitələrinin istismarını və iş yerlərinin lazımi səviyyədə saxlanılmasını təmin edir; işçilərin əmək və istehsalat intizamına, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara əməl etmələrini, təhlükəsiz iş üsullarının tətbiqini təmin edir; əmək şəraitinin vəziyyətinə daim nəzarət edir. İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nın 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2025-ci il tarixli qərar, ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək Şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmamasını, şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici halın olmasını və əməlində ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” X2 Telemexanika İdarəetmə şöbəsinin 5 saylı sexin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-705/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-705/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver