Məhkəmə qərarları › İş №3(032)-711/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-711/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-711/2025 23.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi, eyni zamanda direktoru X3 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş EP ******* nömrəli 03 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AZ 1812, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 94318292 nömrəli vaqon ilə gətirilən malların xx.xx.2025-ci il tarixli **********3321 sorğu nömrəli bəyənnaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi, eyni zamanda direktoru X4 izahatında protokolda qeyd olunan xüsusatları etiraf edərək bildirmişdir ki, ixracatçı ölkədə bayram günləri olduğundan ixracatçı şirkət mallara dair müvafiq sənədləri onlara vaxtında göndərməmiş, həmçinin həmin sənədlər onlara göndəriləndə qeyri-iş günlərinə təsadüf etdiyindən qısa idxal bəyannaməsini gömrük orqanına gec təqdim etmişlər. Təmsil etdiyi cəmiyyət barəsində ən aşağı həddə cərimə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, AZ1812, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli **********3321 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “Vahid X1” informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********3321 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 94318292 nömrəli vaqon ilə xx.xx.2025-ci il tarixdə saat 09:09-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2025-ci il tarixli **********3321 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********9480 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisin daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 16:26 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid X1” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 94318292 nömrəli vaqon ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 09:09-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nın XXXVİİ fəslinə aid edilmiş İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadır. İXM-nın 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla,mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir.Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətə səbəb olur,lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında qərarında qeyd edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. O cümlədən yuxarıda qeyd olunan qərarda göstərilmişdir ki, məlumatların elektron üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. İXM-nın 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nın 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs MMC barəsində İXM-nın 485.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar