Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-738/2023 06.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi X1 nümayəndəsi X5, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini müəyyən olunmuş müddətdə icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin, tələbkarın nümayəndəsinin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 16.036 manat dəyərində cehiz əmlakı, 3510 manat məbləğində qızılzinət əmlakı və 1455 manat məbləğində geyim əşyalarının ondan alınaraq X2na verilməsi qət edilmişdir. İcra vərəqəsində adı çəkilən əşyaların heç biri onların evində yoxdur. X2 bütün əşyaları özü ilə aparmışdır. Məhkəmə qərarları qanunsuz və ədalətsiz qəbul olunduğundan onlarla razı deyil, əşyalar onda olmadığından nə əşyaları, nə də ki, onların dəyərini qaytarmaq fikri yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 16.036 manat dəyərində cehiz əmlakı, 3510 manat məbləğində qızıl-zinət əmlakı və 1455 manat məbləğində geyim əşyalarının ondan alınaraq X2na verilməsi qət edilmişdir.İcra sənədinin icrasının təmin olunması məqsədi ilə borclunun evinə baxış keçirilmiş və göstərilən əmlakların evdə olmaması aşkar edilmişdir. Borclu göstərilən əmlakların onda olmamasını bildirmiş və icra məmurunun tələbini icra edə bilməməsini bildirməklə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borcluya kassasiya şikayəti vermək üçün vaxt verilsə də onun şikayəti xx.xx.2023-cü il tarixində geri qaytarılmış, hazırda heç bir şikayət verilməmişdir. Həmçinin borclunun adına heç bir əmlak da aşkar edilməmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə görə borclu Şəxs 16.036 manat dəyərində cehiz əmlakı, 3510 manat məbləğində qızıl-zinət əmlakı və 1455 manat məbləğində geyim əşyaları alınaraq X2na verilməsi qət edilmişdir. Lakin borclu indiyədək qətnaməni icra etmir, həmçinin də əşyaların dəyərini də ödəmir. İcra məmuru da həmçinin işi uzadır və borcluya məxsus heç bir əmlakı müəyyən etmir, nə də ki, onun üzərinə həbs qoymur, əksinə borclu tərəfə şərait yaradır. Nəticədə icra vərəqi hərəkətsiz qalmışdır. Borcunun ödənilməsini tələb edir, əks təqdirdə onun ən ağır formada cəzalanmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 16.036 manat dəyərində cehiz əmlakı, 3510 manat məbləğində qızıl-zinət əmlakı və 1455 manat məbləğində geyim əşyaları alınaraq X6 verilməlidir. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-518/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 11785/2023-10-17-001 nömrəli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şəxs icra qurumuna verdiyi xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli eyniməzmunlu izahatlarında borclu tələbkara məxsus heç bir əşyanın onda olmamasını bildirir. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, borclunun yaşadığı ünvan 2 ünvanında tələbkara məxsus əşyalar müəyyən edilməmişdir. Məhkəmənin hazırki iş üzrə mğvqeyi və əsaslandığı hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sözügedən inzibati xəta mahiyyət etibarı ilə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir. Qeyd olunan normanın qanunvericilikdə yer almasında əsas məqsəd dövlət adından qəbul edilən məhkəmə qərarlarına hörmət, onların məcburiliyi və hər hansı qeydşərt olmadan icrasının təminini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İnzibati qanunvericilikdə də təqsir dedikdə, şəxsin törətdiyi ictimai münasibətlərə qəsd edən, hüquqazidd əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. İşin hazırki faktiki halları və iş materialları ilə müəyyən olunur ki, sözügedən mübahisə üzrə 1 ildən artıq məhkəmə çəkişmələri getmiş, apellyasiya instansiyasının qərarı qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdən icraya yönəldilmiş, xx.xx.2023-cü il tarixdə qanunamüvafiq qərarla icraata başlanılmışdır. Artıq göstərilən hərəkətlərdən 4 aydan artıq müddət keçməsinə baxmayaraq, borclu nəinki icranı qismən də olsa həyata keçirmək niyyətində olmamış, ümumiyyətlə ilkin mərhələdə olduğu kimi iddianı qəbul etmədiyini bildirmiş, qanuni qüvvəsini alan məhkəmə qərarlarının məcburiliyinin fərqinə varmadan onlarla razı olmadığını və icra etmək fikrinin olmadığını bildirir. Qeyd olunanlar bir daha Şəxs tərtib edilmiş protokol üzrə göstərilən inzibati xətanı törətməsinin tam şəkildə sübuta yetirilməsini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 iyun 2023-cü il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-738/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-738/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver