Məhkəmə qərarları › İş №3(032)-740/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-740/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-740/2024 29.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1980-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 22 aprel 2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 83/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-83/2022 saylı icra sənədinə əsasən ondan alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 08 may 2024-cü il tarixdə həbsdən çıxmış, borcdan məlumatı olmamış, 05 avqust 2024-cü il tarixində borcundan məlumatı olmuş, lakin kimə və necə ödəyəcəyini bilməmiş, 06 avqust 2024-cü il tarixində yeni işə düzəlmiş, hazırda avto ehtiyat hissələri satılan servisdə satış meneceri vəzfəsində işləyir və aylıq əmək haqqısı 600 manatdır. Həmçinin ailəlidir himayəsində 2 azyalı uşağı var, özü epilepsiya xəstəsidir, müalicə alır, borcunu ödəməkdən boyun qaçırmır, borcun onun əmək haqqına yönəldilməsinə etiraz etmir. Qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Abşeron rayon Məhkəməsinin 1(012)-83/2022-042 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün yaşayış ünvanı olan ünvan 3 götürülməli heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs tələbkar X2 heç bir ödəniş etməmişdir. Beləliklə də icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-83/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, icra sənədi üzrə borclu Şəxs alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-83/2022-042 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraat başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)- 83/2022 saylı hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09/9/075521 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Şəxs ailə üzvlərinin tərkibi arvadı X14, oğlu X7, qızı X8r. İş materiallarında olan Şəxs şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, pərakəndə satış müəssisələrində satıcı vəzifəsində çalışır və əmək haqqı 600 manatdır. (işəgötürən X11, VÖEN:**********) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-83/2022 saylı icra sənədinə Şəxs alınan zaman məzənnəyə uyğun 3000 ABŞ dolları və 12000 məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Belə ki, Şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-83/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə cəzasını çəkərək həbsdən azad edilmiş, hazırda pərakəndə satış müəssisələrində satıcı vəzifəsində çalışır, əmək haqqısı 600 manatdır və borcunun yeni iş yeri üzrə əmək haqqına yönəldilməsinə etirazı yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Qanunvericiliyin tələbinə əsasən icra sənədi könüllü icra müddətində bir dəfəyə ödənilməlidir. Tələbin hissə-hissə icra edilməsi isə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və əsaslarla mümkündür. Borclunun icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra edə bilməməsi, onun tələbin yönəldilə biləcəyi hər hansı əmlakının və ya gəlirlərinin olmaması isə hazırki halda icra məmurunun özü tərəfindən müəyyən edilmişdir. Borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyi və təqsirkar olduğu iş materialları ilə təkzib olunmuşdur. İcra məmuru tərəfindən tərtib edilmiş hazırki protokolda borclunun icra sənədinin icrasını təmin etmədiyi qeyd edilsə də, onun təqsirinin nədən ibarət olması və nədə ifadə olunması protokolda öz əksini tapmamış, borclunun icra sənədinin icra olunmamasında təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu Şəxs işləyibişləmədiyi, digər əmək fəaliyyəti ilə məşğul olub-olmadığı, gəlirlərinin mənbəyi və miqdarı müəyyən edilməmiş, bununla bağlı müvafiq icra tədbirləri həyata keçirilməmiş və zəruri sənədlər inzibati materiala əlavə edilməmişdir. Belə ki, Şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-83/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Əksinə tərəfin vermiş olduğu izahatından onun icra sənədi üzrə borcunu ödəmək niyyətində olduğu, lakin həbsdə olması, yeni həbsdən çıxması, borcundan yeni məlumatlı olması və hazırda işləməklə 600 manat əmək haqqı alması halları aşkar edilmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar