Məhkəmə qərarları › İş №3(032)-748/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-748/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-748/2024 04.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şirvan şəhər İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2, tələbkar Zərərçəkmiş şəxs, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş, ailəli, orta təhsilli, “X7 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialında sahə rəisi (emal sənayesi) vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(032)-53/2024 saylı icra sənədi üzrə uşağı xx.xx.2018-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə saat 13:00-da anasına qaytarmamışdır və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-53/2024 saylı, xx.xx.2024-cü il tarxili icra sənədinə əsasən Şəxs uşağı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 10:00-dan 13:00-dək görüş vaxtı müəyyən edilməlidir. Şəxs xx.xx.2024-cü il tarxidə uşağı X5 Zərərçəkmiş şəxs yaşadığı ünvandan (Şirvan şəhəri, Vəfa Talıbov küçəsi) götürmüşdür, saat 13:00 isə qaytarmamışdır. Daha sonra edilən xəbərdarlıqlara və uşağı qaytarmaq vəzifəsi olmasına baxmayaraq, uşağı X5 anasına qaytarmamışdır. Artıq 25 (iyirmi beş) gündür ki, uşaq X9 atası ilə birlikdədir. Bununla da Zərərçəkmiş şəxs qanunla qorunan hüquqları pozulmuşdur. Beləliklə də Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə uşağı bağçadan götürüb aparan vaxt uşaq təkidlə onunla getmək istədiyini bildirsə də, anasına qaytarmış, xx.xx.2024-cü il tarixdə uşağı yaşadığı ünvandan götürüb saat 13:00-da qaytarmaq istəyəndə uşağı ağlayaraq anasına getmək istəmədiyini demiş, bu barədə icra şöbəsinə ərizə yazaraq uşağın anasına qayıtmaq istəmədiyini bildirmiş, o, uşağın anasının himayəsinə verilməsinə etiraz etmir, eyni zamanda icra sənədinin icrasına heç bir maneə yaratmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X11 izahatında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM 528.1-ci tərtib edilmiş protokolda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-53/2024 saylı, xx.xx.2024-cü il tarxili icra sənədinə əsasən Şəxs uşağı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin cümə axşamı, cümə və şənbə günləri gunləri saat 10:00-dan 13:00-dək ünsiyyət hüququ verilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs uşağı yaşadığı ünvandan götürmüş, lakin qaytarmamışdır. O, bir valideyn olaraq uşağına lazımı qaydada baxır və nəzarət edir, lakin atası Şəxs uşağı öyrədərək ondan uzaqlaşdırmışdır. Buna görə də o, icra məmuruna müraciət edərək müvafiq tədbir görməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini bildirərək, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş psixoloq X4 xx.xx.2018-ci il təvəllüdlü X9 ilə fərdi söhbətindən sonra məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, uşaqla apardığı söhbət zamanı uşağın atasına bağlılığı müəyyən olunur. Bağlılığa səbəb olaraq azyaşlının son müddət ərzində atası ilə birgə qalmasının nəticəsi oması ehtimal oluna bilər. Hazırkı duruma münasibətdə uşaq atasına bağlıdır, ancaq atasını istəyir. Azyaşlı ilə aparılan söhbət əsnasında uşağın anası ilə bağlı verilən sullardan anasına istəyinin olması halı aşkar edilməmişdir. Bu hal uşağın yaşı və atası ilə qaldığı müddət ərzində ona göstərilən nəvaziş (hədiyə, gəzdirmək və s) ilə bağlı ola bilər. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə uşağın atadan alınaraq anaya verilməsi ilə bağlı icra məmuru X8 və Zərərçəkmiş şəxs Şəxs yaşadığı ünvana gəlirlər, azyaşlının anası uşağı X9 ilə görüşmək istəsə də, anasını görən uşaq ağlayaraq atasını bərk qucaqlayaraq anasına getmək istəmədiyi, hətda anası ona toxunmaq istədiyi halda belə ona getməkdən imtina edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 16(032)-53/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs uşağı xx.xx.2018-ci il təvəllüdlü X9 ilə hər həftənin cümə axşamı, cümə və şənbə günləri gunləri saat 10:00-dan 13:00-dək görüş vaxtı müəyyən edilməlidir; İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-53/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, icra sənədi üzrə oğlu X1 10:00-da anası Zərərçəkmiş şəxs atasıgildən götürmüş və saat 13:00-da oğlunu geri qaytarmaq istəyəndə X9 qəti şəkildə anası Zərərçəkmiş şəxs qayıtmaq istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar