Məhkəmə qərarları › İş №3(032)-748/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-748/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-748/2025 28.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30-da Şirvan şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salaraq ictimai asayişi pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saat 01:30-da özünə məxsus “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Həzi Aslanov küçəsində hərəkətdə olduğu zaman tələsdiyi üçün svetoforun qırmızı işığının son bir saniyəsində keçmişdir. Həmin vaxt qardaşı Cahiddə öz avtomobili ilə onunla bərabər keçmişdir. Svetofordan təxminən 200 metr uzaqlaşdıqdan sonra polis əməkdaşlarının qardaşını saxladıqlarını görmüşdür. Polis əməkdaşlarının qardaşına fiziki güc tətbiq etməklə polis maşınına oturtmaq istədiklərini gördüyü üçün onlara “əgər qardaşım qırmızı işıqda keçibsə və yol hərəkəti qaydalarını pozubsa, bu zaman yol polisini çağırmasını, barəsində hər hansı bir tədbir görülməsini” bildirməklə, narazılıq etmişdir. Daha sonra polis əməkdaşları qardaşını avtomaşına əyləşdirmişdilər. Qardaşının onlarla getdiyini görüb özü də təkidlə avtomobilə əyləşərək onlarla gedəcəyini israrla bildirmişdir. Bundan sonra post patrul xidmətinin əməkdaşları yol patrul xidməti əməkdaşlarını hadisə yerinə çağırmış, onlara AR İXM-nin 511-ci madəsi ilə, yəni avtoxuliqanlıq etdiklərini qeyd etməklə protokol tərtib etmələrini bildirdikdə, yol patrul əməkdaşları protokol tərtib etməkdən imtina etmişdir. Post Patrul xidməti əməkdaşlarının qanunsuz hərəkətlərindən yayınmaq və polis şöbəsinə aparılmamalarından ötrü yol patrul xidməti əməkdaşının barəsində inzibati tənbehlə bağlı protokol tərtib etməsini tələb etmişdir. Həmin əməkdaş ona svetoforun qırmızı işığında keçdiyi üçün barəsində protokol tərtib edərək 100 manat məbləğində cərimə və 3 bal yazmışdır. Ardınca post patrul xidmətinin əməkdaşları onları xidməti maşınlarına əyləşdirərək polis şöbəsinə gətirmiş və barələrində İXM-nin 510 və 535.1-ci maddələri ilə əsassız olaraq protokol tərtib etmişlər. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmiş, onların hər hansı tələblərinin ziddinə getməmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X7 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30-da Şirvan şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “VAZ 21015” markalı, ** NA *** və “Opel” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillərin svetoforun qırmızı işığında keçdiklərini aşkar etmiş və dərhal YPX-nin “130” çağırışlı avtopatrulunu hadisə yerinə dəvət etmişdir. Həmin şəxslər svetoforun qırmızı işığında keçdiklərini etiraf etmişlər. Lakin, nalayiq ifadələrlə “post patrul kimdir ki, maşın saxlayır” deyərək, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlarla mübahisə etmişdir. Onları dəfələrlə nizam-intizama dəvət etsələr də, öz əməllərinə davam etmiş və onlarla PŞ-yə gəlməkdən imtina etmişdir. Həmin şəxslər tərəflərdindən PŞ-nə gətirilərək NH-yə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxslər Şirvan şəhər sakinləri X8 və X2r. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X1 İlham Əziz oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30-da Şirvan şəhəri, H.Əliyev prospektində ucadan səs-küy salaraq ictimai asayişi pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə məhəl qoymamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Tətbiq edilən hüquq normaları: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhkəmənin mövqeyi: İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış, sübutlar qiymətləndirilərkən həm hüquqi tələblər, həm də konkret faktiki hallar əsas götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinə əsasən, yalnız hüquqazidd, təqsirli və inzibati məsuliyyət doğuran hərəkətlər (və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməllərində konkret inzibati xəta tərkibi və təqsir sübuta yetirilməlidir. İş üzrə inzibati protokolda və polis əməkdaşlarının izahatlarında Şəxs ictimai asayişi pozduğu və polisin qanuni tələbinə tabe olmadığı iddia edilsə də, təqdim olunan sübutlar bu iddianı inandırıcı və qərəzsiz şəkildə təsdiq etmir. Əksinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi ətraflı izahat, hadisələrin səbəbi və inkişafı göstərir ki, onun davranışı hüquqa zidd niyyətlə deyil, qardaşına qarşı polis tərəfindən göstərilən fiziki zorakılıq xarakterli tədbirlərə müdaxilə və etirazla bağlı olmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, işin başlanğıcında post patrul xidməti əməkdaşlarının yol hərəkəti qaydalarının pozulması faktı ilə bağlı nəqliyyat vasitələrini saxlaması hüquqi baxımdan ziddiyyətlidir. Çünki, “Yol hərəkəti haqqında” Qanuna və Daxili İşlər Nazirliyinin müvafiq normativ aktlarına əsasən, nəqliyyat vasitələrinin svetoforun qırmızı işığında keçməsi kimi pozuntulara hüquqi qiymət verilməsi və tədbir görülməsi bilavasitə Yol Patrul Xidməti əməkdaşlarının səlahiyyətinə aiddir. Post patrul xidmətinin bu çərçivədən çıxaraq prosesi özbaşına yönləndirməsi mübahisə və qarşılıqlı anlaşılmazlıq üçün obyektiv zəmin yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirazı məhz bu hüquqi uyğunsuzluğa yönəlmiş, onların tətbiq etdiyi tədbirlərin forma və əsasları ilə razılaşmaması şəklində ifadə olunmuşdur. AR İXM-in 8.1, 8.2 və 8.3-cü maddələri ilə müəyyən olunur ki, şəxs yalnız sübuta yetirilmiş təqsirə əsasən məsuliyyətə cəlb edilə bilər, özünü təqsirsiz saymasını sübut etməyə borclu deyildir və hər cür şübhə onun xeyrinə həll edilməlidir. Hazırkı işdə isə sübutlar təkcə polis əməkdaşlarının izahatlarından ibarət olmuş, digər neytral və obyektiv sübutlar – məsələn, hadisənin videoyazısı, səs qeydi, üçüncü tərəf müşahidələri və ya texniki vasitələrin göstəriciləri təqdim olunmamışdır. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin Karelin Rusiyaya qarşı (2016) işində göstərildiyi kimi, inzibati xəta üzrə təqsirin sübuta yetirilməsi yükü inzibati orqanın üzərinə düşür və bu, məhkəmə tərəfindən obyektiv şəkildə qiymətləndirilməlidir. Protokolu tərtib edən şəxsin həm də “iddiaçı” qismində çıxış etməsi ədalətli məhkəmə araşdırması hüququnu pozur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqları məhkəmə tərəfindən müdafiə olunur və məhkəmə yalnız qanun əsasında yaradılmış sübutlarla, qərəzsiz qərar çıxarmalıdır. Konstitusiya Məhkəməsinin xx.xx.2004 və xx.xx.2006-cı il tarixli qərarlarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarında “ictimai asayişin pozulması” və “xuliqanlıq” anlayışları ilə bağlı verilmiş hüquqi mövqelərdə vurğulanır ki, bu anlayışlar yalnız sosial narahatlıq yaradan, ictimai sülhə təhdid təşkil edən və cəmiyyət üçün nəzərəçarpacaq təhlükə yaradan hallara aid edilə bilər. Hazırkı işdə isə bu kriteriyaların heç biri obyektiv sübutlarla təsdiqlənməmişdir. Nəticə etibarilə, təqdim edilən sübutlar Şəxs əməllərində nə AR İXM-in 510-cu (xırda xuliqanlıq), nə də 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini sübuta yetirmir. Polis əməkdaşlarının hərəkətlərinin hüquqi əsasları ilə bağlı yaranan mübahisəyə dair verdiyi etiraz isə nə hüquqazidd niyyət, nə də ictimai təhlükə daşıyır. Hadisənin ümumi konteksti göstərir ki, baş verənlər hüquqi səlahiyyətlərin aşıldığı şəraitdə, hüquqi qeyri-müəyyənliyin doğurduğu gərginlik fonunda baş vermiş və inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsasları doğurmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında aparılan icraata dair hissəsində sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar