Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-752/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə Şirvan ŞPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 29 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 26 iyul 2025-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 2 ünvanında olan zaman evinin qapısı döyülmüş və qapını açdıqda özünü polis əməkdaşı kimi təqdim edən şəxsin onun barəsində DİN-in 102 “Zəng Xidməti Mərkəzinə” anonim şikayət ünvanlandığı və narkotik vasitələrin istifadəsində şübhəli olduğu bildirildiyini ona demişdir. O, həmin anonim zəng əsasında onun narahat edilməli olmadığını bildirmiş olsa da, polis əməkdaşının təkidi ilə yaşadığı evdən Şirvan Şəhər Polis şəbəsinə aparılmış və orada saxlanılmışdır. Onun xahişinə baxmayaraq nə anonim zəng, nə də saxlanılması barədə ətraflı məlumat verilməmişdir. Özü ankilozlaşdırıcı spondilit, yəni “Beçterev” xəstəliyindən əziyyət çəkdiyini bildirmiş və qeyd etmişdir ki, həkim tərəfindən yazılmış təsdiqlənmiş sənəd əsasında ağrılarının azaldıması məqsədilə güclü təsiredici maddə preqabalin qəbulu halı olmuşdur ki, hansı ki, onu bir daha öz ağrılarının azaldılması məqsədilə qəbul etmişdir. Ancaq heç bir zaman narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Belə hallarla bağlı barəsində heç vaxt inzibati və ya cinayət araşdırılması halları olmamışdır. Bir anonim zəng əsasında onun yaşadığı evdən çıxarılaraq aparılması halından narazılıq etmiş olsa da, müraciətinə baxılmamışdır. Sidik nümunəsi analizi vermiş və sonradan ona məlumat vermişdirlər ki, həmin nümunədə metanfetamin və amfetamin (MET+) və (AMP+) , yəni psixosimulyatorlardan istifadə halları olub. Lakin o, heç bir zaman həmin maddələrdən istifadə etməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X1 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Əli Tahiri tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şirvan ŞPŞ-nin TB-nin Təhqiqatçısı polis kapitanı Faiq İmanovun anonim DİN-in “102” xidmətinə T.İsmayılov küçəsi, ev 7, mənzil 42 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü Şəxs narkotik vasitə istifadə etməsi ilə bağlı məlumata əsasən əməliyyat tapşırığı üzrə raportunun icrası olaraq xx.xx.2025-ci il tarixdə tərəfindən saxlanılması polis şöbəsinə gətirilməsi, sözügedən şəxs barəsində NMQ-da narkotik vasitə istifadə etməsi barədə əmliyyat məlumatı daxil olması barədə raport daxil olmuşdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 4527 nömrəli rəyində göstərilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP(+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müəyinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 10:20-də azad edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Göründüyü kimi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallar, ekspertiza rəyi, inzibati tutma protokolu, izahatlar və məhkəmə baxışında tədqiq edilmiş digər sənədlər birgə qiymətləndirilərək müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində anonim məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4527 nömrəli rəyindən görünür ki, şəxsdən götürülmüş sidik nümunəsində psixostimulyatorlar olan metamfetamin (MET+) və amfetamin (AMP+) aşkarlanmış, lakin eyni zamanda ekspertiza zamanı şəxsdə narkomaniya xəstəliyinin əlamətləri, maddəyə qarşı abstinensiya (asılılıq) əlamətləri və psixotrop maddələrdən suiistifadə hallarının xarakterik klinik görüntüsü müşahidə edilməmişdir. Habelə, şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı, yalnız profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu bildirilmişdir. Barəsində icraat aparılan şəxs məhkəməyə təqdim etdiyi izahatında ankilozlaşdırıcı spondilit (Beçterev xəstəliyi) diaqnozu ilə uzunmüddətli müalicədə olduğunu, müvafiq olaraq güclü təsiredici maddə olan preqabalini həkim təyinatı əsasında qəbul etdiyini, və bu dərman vasitəsinin psixotrop maddə sayılmadığını, metamfetamin və amfetamin törəmələrinə kimyəvi baxımdan uyğun gəlmədiyini, heç bir zaman narkotik və ya psixotrop maddələrdən istifadə etmədiyini, və bu istiqamətdə əvvəllər barəsində nə inzibati, nə də cinayət təqibi olmadığını bildirmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə məsuliyyət üçün əsas şərt şəxsin qanunsuz olaraq narkotik və ya psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi, saxlaması, istehlak etməsi və ya digər şəkildə onlardan istifadə etməsidir. Lakin iş üzrə təkcə sidik analizində AMP(+) və MET(+) nəticəsinin mövcudluğu şəxsin bu maddələri qanunsuz şəkildə əldə etdiyini, saxladığını və ya istifadə etdiyini inandırıcı və şübhədən kənar şəkildə sübut etmir. Həmçinin, ekspert rəyində şəxsdə narkotik vasitələrə və psixotrop maddələrə xas istifadəçi davranışlarının, klinik əlamətlərin və asılılığın qeydə alınmaması və şəxsin müalicə məqsədilə qəbul etdiyi maddənin (pregabalin) amp və met maddələri ilə birbaşa əlaqəsinin olmaması nəzərə alındıqda, barəsində inzibati xəta haqqında iş üzrə təqsirləndirici hüquqi qiymət verilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak məqsədi ilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması, göndərilməsi və ya istifadəsi inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusudur. İş üzrə təqdim olunmuş sübutların, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünsə də ki, Şəxs sidik nümunəsində bəzi narkotik maddələrin izlərinə rast gəlinmişdir, həmin ekspertiza rəyi bu maddələrin nə zaman, harada, hansı şəraitdə və necə qəbul edildiyini müəyyən etmir. Məcəllənin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğu üçün aşağıdakı hallar mütləq müəyyən olunmalıdır: narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi və ya istifadə edilməsi faktı, bu əməlin şəxsin iradəsi ilə baş verdiyinə dair sübutların olması, həmin hərəkətin konkret zaman və məkanda törədilməsi barədə obyektiv və yoxlanıla bilən məlumatlar. Halbuki:
1. İş materiallarında Şəxs üzərində, əşyasında və ya istifadə etdiyi hər hansı ərazidə narkotik vasitə aşkarlanmayıb;
2. Onun narkotik vasitəni konkret nə vaxt və harada istifadə etməsi müəyyən edilməyib;
3. Şəxs narkotik istifadəsini inkar etmişdir;
4. Cinayət işi başlanmasının rədd edilməsinə dair qərar da göstərir ki, faktlar yetərincə olmadığından hətta cinayət yox, inzibati məsuliyyət üçün belə hüquqi tərkib sual altındadır;
5. Ekspert rəyi yalnız şəxsin orqanizmində maddənin qalıqlarını müəyyən etmişdir, lakin həmin maddələrin qanunsuz şəkildə, şəxsi istehlak məqsədi ilə əldə edilməsini, daşınmasını və ya istifadə edilməsini sübuta yetirmir. Əlavə olaraq, ekspert rəyində narkomaniya xəstəliyinin mövcudluğu və ya təkrar istifadə halları aşkarlanmayıb, yalnız nə vaxtsa istifadəyə dair ehtimal xarakterli tibbi nəticə yer almışdır. Lakin inzibati məsuliyyətin tətbiqi ehtimala deyil, dəqiq və müəyyən edilmiş hüquqi faktlara əsaslanmalıdır. Qanunvericiliyin “qanunsuz istifadə” ifadəsini işlətməsi, həmin istifadəni şəxsin hüquqa zidd hərəkəti kimi və konkret sübuta əsaslanan formada müəyyən edilməsini tələb edir. Əgər bu sübutlar konkret deyil və yalnız texniki iz qalıqları ilə məhdudlaşırsa, şəxsin təqsiri hüquqi cəhətdən sübuta yetirilmiş hesab oluna bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işdə olan sübutlarla barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov