Məhkəmə qərarları › İş №3(032)-755/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-755/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-755/2024 06.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-622/2019 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 3(032)- 622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 11 mart 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə verilməlidir. Borcluya "icraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Elektron icra sistemindən çıxışda borclunun adına heç bir əmlak və gəlir aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirmiş tələbin yönəldilə biləcəyi əmlakların olmaması müəyyən edilmişdir. Borclu tərəfindən aliment tam şəkildə olaraq ödənilməmişdir. Borclu Şəxs alimenti tam şəkildə ödəmədiyindən xx.xx.2019-cu il tarixdə İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinə göndərilmiş və 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Yenidən aliment məbləği tam şəkildə ödənilmədiyindən borclu İcra və probasiya şöbəsinə dəvət olunmuş, ondan izahat alınmış, o, izahatında aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda Şəxs 2608 manat aliment borcu yaranmışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin 2(032)-622/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Ürək xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə almışdır. Avqust ayında ödəniş etməmişəm. Qalan bütün ayları vaxtlı-vaxtında ödəniş etmişəm. Hazırda taksi fəaliyyəti ilə məşğul oluram. 2-ci dəfə ailə həyatı qurmuşdur. Maddi imkansızlıqdan ödəniş edə bilmir. Aliment borcunu hissəhissə ödəyə bilər. Məhkəmə iclasında tələbkar X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə toplanmış olan borcun tam olaraq ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-622/2019 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün əvvəli 11 mart 2019-cu ildən hesablanmaqla cavabdeh Şəxs hər ay sabit pul məbləğində bir uşağa 110 manat, üç uşağa görə 330 manat aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 622/2019 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(032)-474/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs aliment borcundan ümumilikdə 2340 manat məbləğində ödəniş etmişdir. X1 Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs barəsində zəruri məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında aktın surətindən görünür ki, Şəxs əmlakına baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlaklar aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş alimentin məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-622/2019 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 sentyabr 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar