Məhkəmə qərarları › İş №3(032)-755/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-755/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-755/2025 29.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, Köhnə şəhər adlanan ərazidə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində şikayət edən Tofiq Fərəcovu tanımır, münasibəti yoxdur. X4 onun əmisi oğludur. xx.xx.2025-ci il tarixdə X5 şəhəri, M.Mirzəyev küçəsində görüşərək, orada yerləşən adsız kafedə yemək yemiş və spirtli içki qəbul etmişlər. Bir müddət sonra qardaşı ona zəng edərək Bakıya öz yanına çağırmışdır. O isə pulunun olmadığını, borc tapıb gələcəyini bildirmişdir. Bundan sonra oturduqları kafedən çıxıb dəmir yolunun digər tərəfində yerləşən mağazaya yaxınlaşmışdırlar. O, həmin obyektdə əvvəllər işlədiyini və oradan borc ala biləcəyini bildirmişdir. Həmin obyektə daxil olaraq, adını sonradan bildiyi Tofiq Fərəcova yaxınlaşmış və ondan borc pul istəmişdir. Lakin, Tofiq Fərəcov ona pul verməmişdir. Bu zaman polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmiş, onların hər hansı tələblərinin ziddinə getməmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Həmid Əsədzadə ifadəsində bildirdi ki, ünvan 2 ünvanında yaşayan X1 ŞPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə, saat 20:00-da adları ona sonradan məlum olan X4 və Şəxs onun işlədiyi mağazanın qarşısına gələrək hədə-qorxu ilə pul tələb etdiklərini bildirmişdir. O, NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Emin Budaqov ilə birlikdə X4 və Şəxs Şirvan ŞPŞ-yə gətirən zaman sonuncular ucadan ünvanlı və ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş, həmçinin onların qanuni tələblərinə əməl etməmişlər. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Şirvan şəhəri, Köhnə şəhər adlanan ərazidə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edilməsinə dair müraciət materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 4529 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin faktiki hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların mövqeyindən çıxış edəndə hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Bu halların mövcud olması isə sübutlara istinadən qəbul olunmalı olduğu qənaəti baxımından isə bu hallar sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərindən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmənin mövqeyi və əsaslandırması: Məhkəmə işi üzrə toplanmış materialların, tərəflərin izahatlarının, şahid ifadələrinin və təqdim edilmiş sənədlərin hərtərəfli və tam araşdırılmasından sonra məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta tərkibi daşımır. ƏSASLANDİRMA:

1. Sübutların qiymətləndirilməsi və şübhələrin xeyirə həll olunması prinsipi: AR İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını və şəxsiyyətin təqsirini müəyyən edən hər bir faktiki məlumat sübut hesab olunur. Şəxs izahatında ictimai qaydanı pozmadığını, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmədiyini və onların tələbinə tabe olduğunu bildirmişdir. Bu izahat məhkəmə tərəfindən qeyri-məntiqi və ziddiyyətli hesab olunmamış, şahidlərin ifadələri və digər sənədlərlə inkar edilə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Karelin Rusiyaya qarşı işində vurğulandığı kimi, inzibati təqib orqanı təqsirin sübutunu təqdim etmədikdə, sübut yükü şəxsin üzərinə qoyula bilməz və bu halda şübhələr onun xeyrinə həll olunmalıdır (AR İXM, maddə 8.3).

2. İctimai qaydanın pozulması hallarının sübuta yetirilməməsi: Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin izah etdiyi kimi, “ictimai qayda” dedikdə cəmiyyətin sakit və sabit fəaliyyətini təmin edən hüquq normalarının rejimi, “ictimai qaydanın pozulması” dedikdə isə bu rejimə qarşı yönəlmiş və cəmiyyətin əminamanlığını pozan konkret hərəkətlər nəzərdə tutulur. Lakin hazırkı işdə Şəxs hərəkətlərində ictimai təhlükə səviyyəsi aşkar edilməmiş, hər hansı konkret xuliqanlıq elementləri və ya polis tələbinə qəsdən tabe olmama faktı obyektiv sübutlarla sübuta yetirilməmişdir. İşdə yeganə şahidlər polis əməkdaşları olmuş və onların ifadələri yalnız ümumi mahiyyət daşımaqla konkret və dəqiq təsvirlər təqdim etməmişdir. Hadisənin dəqiq zamanı, səsləndirilmiş ifadələrin konkret məzmunu, digər müşahidəçilərin ifadələri və ya video-görüntülər təqdim olunmamışdır.

3. Cinayət işinin başlanmasının rədd edilməsi və xuliqanlıq niyyəti elementlərinin olmaması: Cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir ki, bu da törədilmiş əməl üzrə hüquqaziddliyin və ictimai təhlükəliliyin olmamasını göstərir. Eyni əmələ görə sonradan inzibati məsuliyyətə cəlb cəhdləri hüquqi əsasdan məhrum olur.

4. Konstitusion və beynəlxalq hüquqi təminatlar: AR Konstitusiyasının 60-cı maddəsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsi ilə hər bir şəxsin ədalətli məhkəmə müdafiəsinə hüququ tanınır. Hazırki hallarda şəxsin təqsiri şübhə doğurduğundan və bu şübhə onun xeyrinə həll olunmalı olduğundan, onun azadlıq hüququnun əsassız şəkildə məhdudlaşdırılması ədalət prinsipinə zidd hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar