Məhkəmə qərarları › İş №3(032)-761/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-761/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-761/2024 25.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx xxxxxx 1968-ci il tarixdə Salyan rayonu Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttiş vəzifəsində işləyən, Salyan rayonu Xalac kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi Şəxs ( FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi , İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi - vəzifəli şəxs X2 tərəfindən Neftçala rayonu, Xolqaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların 3 saylı RETSİ-yə təqdim edilməməsi faktı ilə əlaqədar tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN №2094620 nömrəli protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən 2 gün müddətində məhkəməyə göndərməli olduğu halda bunu etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə prokurorun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş : xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİnin baş məsləhətçi-müfəttişi Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi vəzifəli şəxs X2 barəsində Neftçala rayonu, Xolqaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların 3 saylı RETSİ-yə təqdim etməmişdir. Yaşıllıqların Mühafizəsi haqqında Qanunun 8-ci maddəsinin tələblərini pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol/prokurorun qərarı və digər materiallar baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli Ç-MH/4224-050 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün X2 barəsində xx.xx.2024-cü il tarixli MN №2094620 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2-ci, 57.4-cü, 83.2-ci, 83.3-cü, 91.0.4-cü, 97-ci, 101-ci, 102.5-ci, 103-cü, 104.4-cü, 104.7-ci, 111.1-ci, 117-ci, 131-ci, 136.2-ci və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin pozulmasına görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 596.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi Şəxs ( FİN xxxxxxx) Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar