Məhkəmə qərarları › İş №3(032)-763/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-763/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-763/2024 10.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi , İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Şəxs MMC barəsində 04 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir, ona görə ki, hüquqi şəxs Şəxs MMC Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində fəaliyyət göstərdiyi müddətdə atmosfer havasının mühafizə haqqında qanunvericiliyin tələblərini pozaraq müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan zərərli maddələri atmosfer havasına atması müəyyən olunmuşdur. Bununla da hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması inzibati xətasına görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, hadisə yerinin fotoşəkilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyindən məhkəməyə ünvanlanmış məktub və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində DEEA-nın rəyi olmadan fəaliyyət və müvaqif icra hakimiyyətinin orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması, bununla da “ƏMM haqqında” və atmosfer havasının mühafizəsi haqqında qanunların tələblərinin pozulmuş, nəticədə X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci və 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində DEEA-nın rəyi olmadan fəaliyyət və müvaqif icra hakimiyyətinin orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması. “ƏMM haqqında” və atmosfer havasının mühafizəsi haqqında qanunların tələblərinin pozulmuşdur. Nəticədə Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 183 saylı aktın surətindən görünür ki, 22 aprel 01 may 2024-cü il tarixdə Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən “X8 haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq 3 saylı RETSİ-yə Şirvan şəhəri ünvan 2 ünvanında yaşayan X6 ( AZE 14507658; FİN 4FA2391) tərəfindən ünvanlanmış “ evimin yaxınlığında olan şin zavodunun tüstüsü narahat edir” məzmunlu müraciəti və FHN-nin qaynar xətt xidmətindən ETSN-nin 168 qaynar xətt xidmətinə ünvanlanmış eyni məzmunlu müraciətlər araşdırılmışdır. Araşdırma zərurəti ilə əlaqədar Elçin Zeynalov və Vüsal Əliyev izahat verərək “ Evlərinin yaxınlığında yeni qurulmuş zavodun tüstüsünün onları narahat etdiyini, zavodun iş saatlarında deyil gecə vaxtları fəaliyyət göstərdiyini” qeyd ediblər. Digər şikayətçilərlə əlaqə yaratmaq mümkün olmadı. Aparılmış araşdırma zamanı sözügedən ərazinin əvvəllər “Gəmi qayırma” zavodu kimi fəaliyyət göstərdiyi, hal-hazırda isə Şəxs MMC (Vöen **********) tərəfindən istifadə olunduğu müəyyən olundu. Əraziyə keçirilən baxış zamanı yandırılmış təkər simlərinin toplandığı, “Gəmi qayırma” zavodunun istehsal yerində qurğuların quraşdırıldığı müşahidə olundu. Araşdırma zərurəti ilə əlaqədar Şəxs MMC-nin əməkdaşı X3 izahat verərək “ operator vəzifəsində işlədiyini, Şəxs MMC tərəfindən qurğuların yeni quraşdırıldığını , qurğular sınaqdan keçirilən zaman qəza hadisəsi baş verdiyindən ətrafa qəza tüstü yayıldığını“ qeyd etdi. Araşdırma müddətində gecə saatlarında müxtəlif günlərdə keçirilən reydlər zamanı ərazidə iş getməsi müşahidə olunmadı. Bununla da “X8 haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulduğu müəyyən olundu. Akt 3 saylı RETSİ-nin əməkdaşları aparıcı məsləhətçi-müfəttiş Zamin Səmədov və məsləhətçi Hüseyn Əkbərli tərəfindən imzalanmışdır. İdarənin X8nə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi X7 tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevə ünvanlanmış xidməti məruzədən görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına v əsasən "X8 haqqında", "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ-hüquqi aktları rəhbər tutaraq Şirvan şəhəri Çılpaqlı qəsəbəsi ərazisində Şəxs MMC-nin müsbət ekoloii ekspertiza rəyi olmadan fəaliyyət göstərdiyi müəyyən olunmuş və inzibati araşdırma başlanaraq 01 may 2024-cü il tarixl 183 saylı akt tərtib olunmuşdur. Bununla bağlı "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Müəyyən olunmuş halla bağlı X1 barəsində İXM-nin 275.1.1 və 234.0.1-ci maddələrinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati protokol tərtib olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cəmiyyətin Nizamnaməsinin 3-cü bəndinə əsasən cəmiyyət qanunvericiliklə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyindən ünvanlanmış 10 oktyabr 2024-cü il tarixli , 3- 14-22/2-1627/2024 saylı məktubdan görünür ki , Şəxs MMC adlı müəssisə tərəfindən X5 Agentliyinə hazırkı tarixə hər hansı müraciət daxil olmamış və sənədləşdirmə aparılmamışdır. Əldə olunan ilkin şifahi məlumatlar əsasında adı çəkilən şirkətin Şirvan şəhəri ərazisində istismardan çıxmış avtomobil şinlərindən yanacaq və sürtgü materialları istehsal etmək məqsədi ilə fəaliyyətə başladığı məlum olmuşdur. Bununla əlaqədar diqqətinizə çatdırırıq ki, X8 üzrə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən emal istiqamətli istehsal sahələri dövlət ekololi ekspertizasının obyektidir və belə fəaliyyətlər müvafiq qaydada razılaşdırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, aprel may aylarında vətəndaşların müraciəti əsasında Şəxs MMC-nin ünvanında aparılmış yoxlama zamanı hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması müəyyən edilmiş, qeyd olunan məsələnin aradan qaldırılması üçün hüquqi şəxs tərəfindən heç bir tədbir görülməmiş, həmin ərazidə yaşayan sakinlərin yazılı şikayətləri əsasında aparılmış araşdırma nəticəsində akt tərtib edilmiş və qeyd olunan hallarla bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X8 haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı X8 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən zərərli və çirkləndirici maddələr (bundan sonra zərərli maddələr) – atmosfer havasına atılan və müəyyən qatılıq həddində insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən maddələr və ya onların qarışıqları; 12.1-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin stasionar mənbələrdən atılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qanunvericiliklə müəyyən edilmiş qaydada verdiyi xüsusi icazə əsasında yol verilir. 12.2-ci maddəsinə əsasən xüsusi icazədə atmosfer havasına zərərli maddələrin atılmasının yol verilən həddi və atmosfer havasının mühafizəsini təmin edən digər şərtlər müəyyən edilir. 14.3-cü maddəsinə əsasən əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 28.0.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ) xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.19-cu bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 152.4, 234.0.1, 253.3.4, 253-1.1.3, 253-1.2.1, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli Fərmanı ilə təsdiq edilmiş X4 Agentliyinin Nizamnaməsinin 3.1.8-ci yarımbəndinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə vermək X4 Agentliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən hüquqi şəxsin (Şəxs MMC-nin) səlahiyyətli nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi və o, vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunduğu müəyyən edilsə də, bu hal hüquqi şəxsin (Şəxs) eyni inzibati xəta üzrə məsuliyyətini istinsa etmir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə belə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü,115-ci, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar