Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-764/2025 15.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynova Gülnarə Süeyman qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən 3647494.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 07 iyul 2023-cu ıl tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür.” Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1542296.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaıti geri qaytarılmamışdır. Xəta 08 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, EP№0257050 saylı xx.xx.2025-ci il tarixli İnzibatı xəta haqqında protokolunu əsassız hesab edərək və icraatınızda olan 3(032)- 764/2025 saylı inzibatı işə xitam verilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdirlər. Belə ki, protokolda qeyd olunan 1542296,00 rusiya rublu məbləğ Şəxs MMC ilə Rusiya Federasiyası hüquqi şəxsi olan "xxxx"MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış 0101 saylı Müqavilə əsasında TELEMEXANİKA MMC tərəfindən ödənilmişdir. Tərəflər arasında Müqavilə əsasında aparılan əməliyyat üzrə xx.xx.2024-cü il tarixdə üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə Akt ilə müəyyən olunmuşdur ki, TELEMEXANİKA ZAVODU MMC tərəfindən ödənilən 1542296,00 rusiya rubl müqabilində kontragent mal təchiz etməmişdir. Tərəflər arasında yaranan borcun bağlanması və ya müvafiq malların təchiz edilməsi barəsində danışıqlar aprılmışdır. Malların təchiz olunması mümkün olmaması müəyyən olunduqda vəsaitin geri qaytarılması barəsində tərəflər qərara gəlmişdir. Lakin obyektiv səbəblərə görə, Rusiya Federasiyadan pul köçürülmələrin aparılması zamanı müəyyən çətinliklər yaranmışdır. Çətinliklərin aradan qaldırılması müəyyən zaman aparıdığından 1542296,00 rusiya rublu məbləğində vəsayiti yalnız xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin BANK VTB-dəki hesaba köçürülməsi mümkün olmuşdur. Köçürülməni təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Nəticədə, müqavilə əsasında ödənilmiş lakin müqabilində mallar təchiz olunmayan 1542296,00 rusiya rublu məbləğ tam olaraq qeyri qaytarılımışdır. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İş materiallarında olan, xx.xx.2025-ci il tarixli EP0257050 saylı protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 3647494.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 07 iyul 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1542296.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 08 iyul 2025-ci il tarixdə hüquqşünas şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 6-2-30/2-25938/2025 saylı bildirişdən görüür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 ( beş ) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi barəd xəbərdarlıq etmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, TELEMEXANİKA ZAVODU” MMC-nin BANK VTB (Azərbaycan) ASC -dəki hesaba 1542296,00 rusiya rublu məbləği köçürülmüşdür. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli 253 nömrəli ödəniş tapşırığından görünür ki, "СТРОЙКОМПЛЕКТ" tərəfindən TELEMECHANİKA ZAVODU” MMC-nin Bank VTB (Azərbaycan) ASC İNН: 0 KPP: 0 №: ******************** hesabına 1,542,296.00 (Bir milyon beş yüz qırx iki min iki yüz doxsan altı rubl 00 qəpik) RUB məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan gömrük bəyanəməsindən görünür ki, Rusiya mənşəli kimyəvi maddə olan barium nitrat Azərbaycana gətirilib və Şəxs MMC tərəfindən idxal olunub. Bütün gömrük rüsumları və vergilər qanunvericiliyə uyğun şəkildə hesablanıb. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, TELEMEXANİKA ZAVODU MMC tərəfindən ödənilən 1542296,00 rusiya rubl müqabilində kontragent mal təchiz etməmişdir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 2020-ci il 28 fevral tarixli qərarına əsasən Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın 79-cu maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Lakin digər konstitusiya hüquqları kimi azad sahibkarlıq hüququ da mütləq hüquq deyil. Dövlətin və cəmiyyətin ümumi maraqlarına müvafiq olaraq qanunvericilik normaları əsasında vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək və s. üçün azad sahibkarlıq hüququnun məhdudlaşdırılmasına yol verilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin müvafiq valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyəti müəyyən edən 430.4-cü maddəsi sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən edilmiş məhdudiyyətlərdəndir. Göstərilən normalar ilə Konstitusiyada təsbit olunmuş azad sahibkarlıq hüququnun pozulub-pozulmamasına aydınlıq gətirilməsi üçün aşağıdakıların nəzərə alınması vacibdir. Azad sahibkarlığın əsasını mülkiyyət təşkil edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında xüsusilə vurğulamışdır ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlar və s.). Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi lazım bilir ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun (bundan sonra – Konvensiyanın 1 saylı Protokolu) 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: - qanunla müəyyən edilmişdirsə; - ictimai maraq kəsb edirsə; Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanun qüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı). Yuxarıda göstərilən tələblər baxımından İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə azad sahibkarlıq konstitusiya hüququnun pozulubpozulmaması ilə bağlı həmçinin nəzərə almaq lazımdır ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) 13cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). Həmin Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X2 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Konstitusiyanın 79-cu maddəsinə və Mülki Məcəllənin bir sıra normalarına əsaslanmaqla qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya bilərlər. Qaydaların 4.3.1.3-cü yarımbəndi isə bu hüququ məhdudlaşdırır. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmənin mövqeyi İş materiallarından görünür ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2023 tarixli müqavilə əsasında əvvəlcədən ödənilmiş 1.542.296 rubl məbləğində avans müqabilində mallar 2 il müddətində idxal edilməmişdir. Lakin tərəflər arasında bağlanmış üzləşmə aktı ilə malların təchiz edilmədiyi müəyyən edilmiş, müvafiq vəsaitin geri qaytarılması barədə qərara gəlinmiş və obyektiv səbəblərdən yaranmış texniki çətinliklərə görə pul köçürməsi yalnız xx.xx.2025 tarixində həyata keçirilmişdir. İXM-in 12.1-ci maddəsinə görə inzibati xəta yalnız hüquqazidd, təqsirli hərəkət və ya hərəkətsizlik olduqda mövcuddur. Halbuki, burada hüquqi şəxsin təqsiri sübuta yetirilməmiş, əksinə, ödənilmiş vəsaitin geri qaytarılması prosesi obyektiv çətinliklər səbəbindən gecikmişdir. İXM-in 8.1 və 8.2-ci maddələrinə əsasən, inzibati xəta üzrə şəxs öz təqsirini sübut etməyə borclu deyil, təqsir yalnız səlahiyyətli orqanın qərarı ilə müəyyən edilə bilər. Təqsirli olub-olmaması barədə şübhələr isə onun xeyrinə həll edilməlidir (maddə 8.3). Bu işdə isə təqsirli hərəkətin mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə, təqdim olunmuş bank çıxarışları və ödəniş tapşırıqları göstərir ki, vəsait tam şəkildə geri qaytarılmışdır. Konstitusiyanın 59-cu maddəsi sahibkarlıq azadlığını, 29-cu maddəsi isə mülkiyyət toxunulmazlığını təsbit edir. Sahibkarlıq hüququ mütləq hüquq deyil və dövlət maraqları naminə müəyyən məhdudiyyətlər qoyula bilər, lakin bu məhdudiyyətlər mütənasib və zəruri olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (xx.xx.2010, xx.xx.2011, xx.xx.2012 tarixli qərarlar) vurğulamışdır ki, hüquqlara müdaxilə yalnız “ədalətli tarazlıq” prinsipi gözlənildikdə qanunidir. Burada isə maliyyə vəsaiti tam olaraq geri qaytarıldığı halda əlavə olaraq inzibati cərimənin tətbiqi hüquqi şəxsi həddən artıq yükləyəcək, bu isə Konstitusiyanın və Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququna mütənasib olmayan müdaxilə hesab olunacaqdır. Plenumun xx.xx.2019 tarixli qərarında açıq şəkildə göstərilmişdir ki, malların gətirilməsi və ya xidmətlərin göstərilməsi sahibkarın iradəsindən kənar hallardan gecikə bilər. Bu halda protokolda nəzərdə tutulan inzibati məsuliyyət yalnız şəxsin təqsiri dəqiq müəyyən olunduqda tətbiq oluna bilər. Hazırkı işdə vəsaitin geri qaytarılmamasına səbəb sahibkarın iradəsindən kənar texniki maneələr olmuş, nəticədə köçürmə qısa müddətli gecikmə ilə həyata keçirilmişdir. Bu səbəbdən təqsir elementinin mövcudluğundan danışmaq mümkün deyildir. İXM-in 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda icraat başlanıla bilməz və başlanmış icraat xitam olunmalıdır. İXM-in 105.1-ci maddəsi də eyni hüquqi nəticəni təsbit edir. İnzibati məsuliyyət yalnız təqsirli hərəkət olduqda mümkündür (İXM-in 12.1-ci maddəsi). Təqsirin mövcudluğu isə sübuta yetirilməmişdir. Əksinə, sübutlarla təsdiqlənmişdir ki, pul vəsaiti tam şəkildə geri qaytarılmışdır. Beləliklə, məhkəmə bütün xüsusatları ümumiləşdirərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil, yəni inzibati xəta haqqında protokolda göstərilən inzibati hüquqpozma məhkəmə iclasında öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-764/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-764/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver