Məhkəmə qərarları › İş №3(032)-765/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-765/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-765/2024 11.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Şirvan şəhər 12 saylı məktəbin həyətində səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:30 radələrində 12 saylı məktəbdə işləyən Kənan adlı şəxslə görüşmək üçün həmin məktəbə getmişdir. Həyətdə qarşısına çıxan şəxsdən Kənanı soruşmuşdur. Ona Kənanın orda olmadığını bildirdilər. Sonra isə başqa bir şəxs ona yaxınlaşaraq onu, məktəbin həyətindən kənarlaşdırmaq istəmişdir. Ona 5 dəqiqədən sonra çıxacağını, Kənanı gözlədiyini demişdir. Həmin şəxs isə ona qışqırmağa başlamışdır. Bu hadisədən 5 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarını gördükdən sonra oradan uzaqlaşmaq istəmiş, ona dayanmağını bildirsələr də, lakin o, dayanmamışdır. Hazırda əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Şirvan şəhər Polis şöbəsinin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 09:00-da Şirvan ŞPŞ-nin NH-nin stasionar telefonuna daxil olmuş zəngdə, özünü Şirvan şəhər 12 saylı orta məktəbin müəllimi kimi təqdim edən Şahid1 məktəbin həyətində bir nəfər şəxsin sərxoş vəziyyətdə ucadan səs-küy saldığı, ünvansız nalayiq söyüşlər söydüyü, ictimai qaydanı pozduğunu bildirmişdir. Daxil olmuş məlumatla bağlı o və istintaq-əməliyyat qrupunun üzvləri həmin ünvana getmişlər və həqiqətən də, bir nəfər şəxsin sərxoş vəziyyətdə ictimai qaydanı pozduğunun şahidi olmuşlar. Tərəflərindən həmin şəxsi bir neçə dəfə nizam-intizama dəvət etsələr də, o, içkili olduğundan öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsə yaxınlaşmaq istəyən zaman o qaçmağa çalışmış, onun arxasınca qaçaraq onu saxlamışlar və Şirvan şəhər Polis Şöbəsinin NH-nə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X1 Ümid Samid oğlu ilə eyni məzmunlu ifadə verdi. Şahin Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində bir nəfər şəxs Şirvan şəhər 12 nömrəli məktəbin həyətinə gələrək təsərrüfat müdiri Kənan müəllimlə görüşmək istədiyini demiş, ona qarşı uca səslə nalayiq ifadələr işlətməklə kollektivi narahat etmişdir. Onu sakitləşdirməyə çalışsa da, lakin o, öz əməlinə davam etmişdir. Bu səbəbdən sahə rəisinə zəng etmiş, dərhal polis əməkdaşları ünvana gəlmişdirlər. Sonuncu polis əməkdaşlarından qaçmağa çalışmışdır. Lakin polis əməkdaşları onu saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Şirvan şəhər 12 saylı məktəbin həyətində səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-594/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 05 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:00 radələrində Şirvan şəhər 12 saylı məktəbin həyətində səs-küy salaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, Şamilov X2 Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal, həmin əməli sərxoş halda törəməsini isə İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şamilov X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 11 sentyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar