Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-766/2024 12.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonu Xersonovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ,orta təhsilli, işləməyən, Sabirabad rayonu Xersonovka kəndində qeydiyyatda olan Şəxs (FİN : xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.4-cü maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 14:05 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «Chevrolet Cobalt LTZ » minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri H.Əliyev prospektində idarə edərkən manevretmə qaydasını pozaraq hərəkətdə olan «Vaz 21150» minik markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə «Vaz 21150» minik markalı **-BK- *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. İnzibati xəta hadisəsinin olması 12 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 11 sentyabr 2024-cü il tarixdə saat 14:05 radələrində idarə etdiyi «Chevrolet Cobalt LTZ» minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşına məxsudur. O, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili Şirvan şəhəri H.Əliyev prospektində idarə edərkən sola dönən zaman əks istiqamətdən gələn «Vaz 21150» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyan aradan qaldırılmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 11 sentyabr 2024-cü il tarixdə saat 14:05 radələrində Şirvan şəhəri H.Əliyev prospektində özünə məxsus «Vaz 21150» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düz istiqamətdə hərəkətdə olan zaman əks istiqamətdən gələn «Chevrolet Cobalt LTZ» minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun keçməsini gözləmədən manevr etmiş, nəticədə avtomobillər toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş BB seriyalı 499705 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Chevrolet Cobalt LTZ» minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil hüquqi şəxs "xxxx" MMC-yə məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş AD seriyalı 108486 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21150» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 12 sentyabr 2024-cü il tarixli rəy aktından görünür ki, «Vaz 21150» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı 1 ədəd qabaq bufer 115 manat məbləğində, 1 ədəd qabaq buferin altlığı 20 manat məbləğində, 1 ədəd qabaq sağ fara 70 manat məbləğində , 1 ədəd qabaq sağ qanad 90 manat məbləğində, 1 ədəd qabaq sağ qanadın altlığı 10 manat məbləğində, 1 ədəd qabaq sağ faranın altlığı 10 manat məbləğində, 1 ədəd qabaq duman işığı 15 manat məbləğində, boya və material 100 manat məbləğində ,cəmi 430 manat, armatur işi 30 manat, elektrik işi 10, çilingir işi 10 manat,dəmirçi işi 200 manat, rəngsaz işi 250 manat, cəmi 500 manat, beləliklə, ümumilikdə 430 manat+500 manat=930 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tənbeh verilməlidir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini (himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını), əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı : İnzibati xəta törətmiş Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-766/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-766/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver