Məhkəmə qərarları › İş №3(032)-77/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-77/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-77/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Əsgərli Əfsanə Əmrah qızının katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ünvan 2 ünvanında dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. İnzibati xəta hadisənin olması 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə kirayə qalır. Hər həftənin cümə günləri tanışları ilə evə yığışaraq çay içib, namaz qılırlar. Gündəlik həyat işlərindən danışıb, hal-əhval tuturdular. Sonradan polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etdilər. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi, polis kapitanı X3 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Şirvan şəhəri, 1 May küçəsində kirayə qaldığı evdə hər həftənin cümə günləri dini mərasimlər təşkil etmiş və “vahabi” təriqətindən olan müxtəlif şəhər sakinləri həmin mərasimdə iştirak etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs ünvan 2 ünvanında dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozması və bununla da Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, Şirvan şəhəri, 1 May küçəsində kirayə qaldığı evdə hər həftənin cümə günləri dini mərasimlər təşkil etmiş və “vahabi” təriqətindən olan müxtəlif şəhər sakinləri həmin mərasimdə iştirak etmişlər. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının minimum həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar