Məhkəmə qərarları › İş №3(032)-80/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-80/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-80/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25387391 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25387391 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025ci il tarixli EQ 25387391 saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermiş, həmin şikayət xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(009)-98/2025 nömrəli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 3(009)-98/2025 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsi Şirvan şəhəri ərazisində törədildiyinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleunumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarının tələbləri baxımından işə Şirvan Şəhər Məhkəməsidə baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən göndərilmiş materialın icraata qəbul edilməsindən imtina edilməli və aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 29.1-ci maddəsində qeyd edilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. CPM-in 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenuçunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrindən, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vemrə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarından verilən şikayətlərə inzibati xəta haddisənin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerinə məhkəməsində baxıla bilər. İXM-in 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Bununla belə, inzibati xətalar qanunvericiliyində vəsatətin anlayışı verilməmişdir. Lakin, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində bu anlayış nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq cinayət prosesində (o cümlədən inzibati xətalar qanunvericiliyində) vəsatətin mahiyyəti barədə qanunvericinin mövqeyini nəzərə çatdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 7.0.41-ci maddəsinə əsasən vəsatət cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir. Elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən X2 ünvan 1 ünvanında qeydiyyatdadır. X2 qeydiyyatda olduğu yer üzrə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə X1 orqanın inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini Bakı şəhəri Səbail Rayon Məhkəməsindən xahiş etməklə həm də şikayətinə məhz həmin məhkəmədə baxılması barədə arzusunu ifadə etmişdir. Məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış şəxs Səbail rayonunda qeydiyyatda oldğundan və barəsində qərar çıxarılmış şəxs şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etdiyindən şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosesual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmə hesab edir ki, materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də materialın icraata qəbul edilməsindən imtina edilərək, aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109.1.7-ci və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25387391 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin. İnzibati xəta haqqında materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar