Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-801/2024 08.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində X Tağım YPX inspektoru polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:43 radələrində “KİA OPTİMA” minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili Mustafayev Ceyhun Əli oğlu tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə edildiyi aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində YPX-nin əməkdaşları onu saxlamış, vizual baxışla içkili olduğunu söyləyərək, Salyan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Halbuki onun sərxoşluq vəziyyəti nə polis əməkdaşları tərəfindən alkotestr vasitəsi ilə yoxlanılmış, nədə ki, həkim tərəfindən tərtib edilmiş tibbi müayinə aparılmışdır. Odur ki, barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki,inzibati xəta haqqında protokola əlavə edilmiş 06 avqust 2024-cü il tarixli, 133 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun yüngül dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydaları»n 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaları»n 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. «Qaydaları»n 2.7-cü bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»n 3.1-cü bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. «Qaydaları»n 3.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Beləliklə göründüyü kimi Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsqdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir, bu üsul ilə mümkün olmadıqda isə tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Hər iki üsul ilə aparılan yoxlama zamanı şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi üçün qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması tələb olunur. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs tərəfindən alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı texniki vasitələrdən (alkotester, narkotester) istifadə etməmiş, tibbi müayinəni dövlət tibb müəssisəsinin həkim-narkoloqu əvəzinə Salyan rayon Mərkəzi Xəstəxanasında çağırış həkimi aparmış, müayinəni aparmış çağırış həkimi xüsusi texniki vasitədən (alkotesterdən) istifadə etməmiş, «Qaydaları»n ziddinə olaraq müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıda olan sənəd tərtib etməmiş, yalnız tibbi müayinə əsasən akt tərtib edib, alkoqol sərxoşluğun dərəcəsinin yüngül qeyd etmişdir. Halbuki bu halda alkoqol sərxoşluğun dərəcəsinin olması faktını təsdiq edən xüsusi texniki vasitənin kağız daşıyıcısında olan məlumatlar tibbi müayinə protokoluna əlavə edilməli idi. Beləliklə hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktını təsdiq edən tibbi müayinə buna səlahiyyəti olmayan şəxs tərəfindən Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsqdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın tələblərinə zidd olaraq aparıldığından və qanında alkoqolun konsentrasiyasının 0,3 promil və ya daha artıq olmasını təsdiq edən xüsusi texniki vasitənin göstəriciləri əldə edilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi əsaslı şübhələr yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və bu baxımdan onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-801/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-801/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver