Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-821/2024 26.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, xx.xx.1989-cu ildə Qazı-Məmməd (indiki Hacıqabul) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nın 329.3, 333.1, 511.1.3-cü maddələri Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində 25 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 25 sentyabr 2024-cü il tarixdə saat 23.00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində «Toyota Prius» markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozmaqla, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə edərək avtoxuliqanlıq hərəkətlərini etmişdir. İnzibati xəta hadisəsinin olması 25 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə, məhkəməyə təqdim edilmiş videogörüntü ilə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, idarə etdiyi «Toyota Prius» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində 25 sentyabr 2024-cü il tarixdə saat 23.00 radələrində insanların çoxluq təşkil etdiyi yerdə onların diqqətini özünə cəlb etmək üçün bir neçə dəfə yol hərəkəti qaydalarını pozmuşdur. Yol polisi əməkdaşlarının saxla işarəsini görmüş, lakin sərxoş olduğundan avtomobili idarə edərək onlardan uzaqlaşmaq istəmişdir. Daha sonra onun idarə etdiyi avtomobil saxlanılmış, o, Şirvan şəhər Polis Şöbəsinə aparılmışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, eyni zamanda onun ünvanına nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid Şirvan şəhəri Yol Patrul Xidməti baş inpsektoru polis leytenantı X3 izahat verərək bildirdi ki, «Toyota Prius» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobilin xarici işıq cihazları nasaz olduğundan saxla işarəsi verilmiş, lakin sürücü avtomobili saxlamamışdır. İşıqforun qırmızı işığında avtomobilə yenidən saxla işarəsi verilmiş, lakin sürücü yenə də avtomobilin hərəkətini dayandırmamışdır. Sonradan avtomobil saxlanılan zaman polis əməkdaşı avtomobilə yaxınlaşmaq istəmiş, lakin sürücü buna məhəl qoymayaraq avtomobili sürüb getmişdir. Əlavə polis əməkdaşları köməyə cəlb olunduqdan sonra onlar avtomobil onlar tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhəri Yol Patrul Xidməti inspektoru polis serjantı X1 izahat verərək bildirdi ki, «Toyota Prius» markalı ** BH *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq təhlükəli ötmə əməliyyatını həyata keçirtdiyinə görə kömək üçün çağırılmış, onlar köməyə gedən zaman sürücünün yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq, idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardaraq onlardan uzaqlaşmaq istəməsinin şahidi olmuşdur. Yüksək surətlə avtomobili idarə edərək yol hərəkəti qaydalarını kobudcasına pozmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək yol hərəkəti qaydalarını qərəzli şəkildə davamlı olaraq pozmuş və insanlara təhlükə yaradaraq avtomobili sürüb getmişdir. Təxminən 20-25 dəqiqə sonra avtomobili saxlamaq mümkün olmuşdur. Saxlanılan zaman onu polis əməkdaşları zərərsizləşdirmək məqsədi ilə qolundan tutmuşlar, vətəndaşa qarşı zor tətbiq olunmamışdır. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs manevr etmə qaydasını pozduğundan Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxla işarəsinə tabe olmayaraq nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə avtomobili saxlamamış, işıqforun qırmızı işığından keçərək avtomobili sürüb getmiş, avtomobili nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarılmaqla idarə etmişdir. İşə əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 02841 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 1,002 % müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə onun barəsində həmin maddənin sanksiyasının həddləri daxilində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nın 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla ətrafdakı şəxslərin həyatı üçün təhlükə yaradan davranışı, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır . İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikasının İXM-nın 333.1-ci və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının həddləri daxilində müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətanı əhatə edən İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək 1 (bir) il müddətə məhdudlaşdırılmaqla barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-821/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-821/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver